Əlinizi üzün: “ABŞ-dan anti-Azərbaycan ünsürlərə dəstək gəlməyəcək!”

15:31 | 30 Yanvar, 2019

Rəsmi Vaşinqton Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa böyük önəm verir, münasibətləri daha da inkişaf etdirmək əzmindədir və bu mövqe yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bir daha nümayiş etdirildi.

Con Boltonun Azərbaycan Prezidenti ilə telefon danışığı zamanı üç əsas məsələyə önəm verildi. Bu, əlbəttə, son zamanlar beynəlxalq enerji təhlükəsizliyi sisteminə Azərbaycanın verdiyi əvəzsiz töhfə, təhlükəsizlik sahəsində etibarlı əməkdaşlıq və sözsüz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin hazırkı vəziyyətidir.

Azərbaycanın öz siyasi xəttində xüsusi önəm verdiyi bu məsələlərin ABŞ tərəfindən dəstəklənməsi və ikitərəfli münasibətlərin gündəliyində prioritet olması ölkələr arasında siyasi anlaşmanın yüksək səviyyədə olmasından xəbər verir. Bəli, ABŞ Azərbaycan hakimiyyətinin bugünkü siyasi xəttini tam şəkildə hazırkı beynəlxalq münasibətlər sistemi üçün adekvat hesab edir. Azərbaycan regionun şəksiz lideridir və ölkə etibarlı tərəfdaş statusunu çoxdan qazanıb.

Azərbaycan təşəbbüskar ölkədir və irəli sürdüyü hər bir layihə reallıqdır. ABŞ heç şübhəsiz ki, bunu fakt olaraq qəbul edir və gələcək əməkdaşlıq üçün məhz Azərbaycanı seçir.

ABŞ Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi layihələri, o cümlədən Avropanın enerji təhlükəsizliyini təmin edəcək TAP və TANAP kimi irimiqyaslı qaz boru kəmərlərinin inşası üzrə gördüyü işləri yüksək qiymətləndirir, bundan əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji layihələrində olduğu kimi, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə də hərtərəfli dəstək verir. Yəni Rəsmi Vaşinqton Azərbaycanın enerji təhlükəsizliyi sahəsində son dərəcə vacib rol oynadığını və bu istiqamətdə rəsmi Bakı ilə əməkdaşlığın labüd olduğunu istisnasız qəbul edir.

ABŞ Prezidenti Donald Tramp 2018-ci il mayın 30-da Prezident İlham Əliyevə Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə ünvanladığı təbrik məktubunda vurğulayırdı: “Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir. Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm. Böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə əməkdaşlıq etmək əzmindəyəm”.

Beləliklə, Birləşmiş Ştatlar Azərbaycanın yerləşdiyi regionun təhlükəsizliyində maraqlıdır və Azərbaycanı bu maraqların təminatçısı hesab edir. Bu kontekstdə uzun illərdən bəri öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi dünyanın fövqəldövlətinin gündəliyində əsas yerlərdən birini tutur. Bir daha təkrar edək ki, bu problemin həll olmasa, Cənubi Qafqazda sülh və təhlükəsizlikdən söhbət gedə bilməz. Belə strateji məsələlərdə ABŞ Azərbaycanla həmrəy mövqedə dayandığını dəfələrlə ali səviyyədə bəyan edib. Con Boltonun Prezident İlham Əliyevlə son telefon danışığında bu məsələyə xüsusi yer ayırması da dediklərimizi bir daha sübut edir.

Hələ ötən il mayın 24-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda qarşıdan gələn ayların Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacağını, bunun isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacağını, ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün rəsmi Bakı ilə əməkdaşlığı səmimiyyətlə arzuladığını qeyd etmişdi.

ABŞ-ın Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə düşən öhdəliklər nəzərə alınaraq, telefon danışığı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin cari vəziyyəti ilə bağlı müzakirə göstərir ki, rəsmi Vaşinqton problemin həlli üzrə danışıqlarda hazırda müşahidə olunan dinamikanı müsbət qiymətləndirir. ABŞ son zamanlar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər, bundan başqa, xarici işlər nazirləri arasında təmaslar, danışıqlar prosesində Azərbaycanın mövqeyinin güclənməsi kimi amilləri nəzərdən qaçırmır və münaqişənin ədalətli həllinə zəmin yarandığını anlayır. Beləliklə, Birləşmiş Ştatlar Minsk qrupunun həmsədr ölkəsi olaraq, problemin aradan qaldırılması ilə bağlı səylərini davam etdirəcək. Əlbəttə ki, Azərbaycan da ABŞ-ın Minsk qrupunun həmsədri olduğu nəzərə alaraq, rəsmi Vaşinqtonla əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

O ki qaldı ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətinə, təbii ki, rəsmi Vaşinqton Bakının regionda və dünyada təhlükəsizliyin möhkəmləndirilməsinə töhfələrinə mühüm əhəmiyyət verdiyini dəfələrlə bəyan edib. Bu da təsadüfi deyil. Azərbaycan sülhsevər ölkədir və təhlükəsizlik sahəsində son dərəcə etibarlı tərəfdaş olduğunu isbat edib. Azərbaycan NATO ilə əməli tərəfdaşlıq edən ölkədir, NATO üzvü olan ABŞ və Türkiyə ilə strateji əməkdaşlıq edir, Alyansın bir sıra ölkələrdə sülhməramlı əməliyyatlarında iştirak edir. Xüsusilə qeyd olunmalıdır ki, NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyası çərçivəsində beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə 6 Azərbaycan zabiti, eləcə də 2 hərbi həkim olmaqla sülhməramlılarımızın sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılıb. Həmçinin Azərbaycan bu yaxınlarda BMT-nin Cənubi Sudanda sülhməramlı missiyasına qoşulub.

Bu məqamda Donald Trampın yuxarıda göstərilən məktubundan sitat gətirmək yerinə düşər: “Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm”.

Con Boltonun Prezident İlham Əliyevə telefon zəngi həm də bir sıra xəyalpərəstlərə tutarlı cavab oldu. Bu ünsiyyət ara-sıra Azərbaycana daxildən və xaricdən təzyiq göstərərək öz məkrli niyyətlərinə çatmaq istəyən qüvvələrə açıq mesajdır. Həm də son zamanlar xaricdəki ağalarından aldıqları sifariş və qrantlar sayəsində yenidən fəallaşan ölkə daxilindəki bəzi bədxahların Qərbin təzyiqləri altında Azərbaycana təsir göstərmək ümidlərı puça cıxdı. Con Boltonun Azərbaycan Prezidenti ilə mühüm müzakirələri, rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa üstünlük verməsi, münasibətləri daha da gücləndirmək niyyətində olduğu onların arzularını gözündə qoydu. Yəni əlinizi üzün: ABŞ-dan anti-Azərbaycan ünsürlərə dəstək gəlməyəcək!

//Milli.az