Ekspert: “Radikal müxalifətçilərin daha bir cəhdi fiaskoya uğradı”backend

Ekspert: “Radikal müxalifətçilərin daha bir cəhdi fiaskoya uğradı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 19-da keçmiş “Məhsul” stadionunda keçirilən mitinqə guya on minlərlə insanın gəldiyini iddia edən radikal müxalifət qruplarının 12 gündən sonra Məmməd Əmin Rəsuızadə kimi tarixi şəxsiyyətin abidəsi önünə cəmi 200-300 adam çıxarda bilməsi müəyyən suallar doğurur.

bunu açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, “Məhsul” meydanına toplaşdığı iddia edilən o “on minlərlə” insanın M.Ə.Rəsulzadənin abidəsi önünə gəlməməsi bir çox həqiqətləri ortaya qoyur: “Bəs həmin insanlar Məhəmməd Əmin Rəsulzadənin anım mərasimində niyə görünmədi? “Milli Şura”, Müsavat, AXCP, AXP və sair kimi gurultulu adlar altında təqdim olunan radikalların sosial bazası budurmu? Yanvarın 19-da dünyaya car çəkdilər ki, hökumət qüvvələri guya mane olmasaydı, meydana daha böyük kütlələr cəlb olunacaqdı. Abidənin ziyarət yerində çox az sayda polis işçilərinin olması növbəti sualı ortaya qoyur: bu dəfə o “milyonlar”ın abidə önünə gəlişinə kim və nə mane oldu? Bu da faktdır ki, neçə gündür radikalların sosial şəbəkə fəallarının abidənin önünə yürüşlə bağlı çağırışlarının nəticəsi sadəcə fiaskodan ibarət oldu”.

A.Quliyev qeyd edib ki, son “abidə tədbiri”nin ən uğursuz görüntülərindən biri özlərini bütün hallarda ən aparıcı lider kimi tanıtmaq istəyənlərin tədbir yerinə hər birinin beş-on nəfərlə gəlməsidir: “Başqa müstəvilərdə gen-bol danışılan “xalqın dəstəyi” kimi iddialar deyilən miskin görüntülərin qarşısında tam ifşa olunur. Radikalların real sosial baza baxımından belə miskin və zəif görünməsi əvvəldən məlum idi və Azərbaycanın indiki vəziyyətində radikal müxalifətin kütləvi sosial bazaya söykənə bilməsinin mümkünsüzlüyünü bütün realist və obyektiv dairələr qeyd ediblər”.

Ekspert bildirib ki, maraqlı tərəflərdən biri də radikalların Məhəmməd Əmin Rəsulzadə kimi istiqlalçı tarixi şəxsiyyətlərimizin böyük xatirəsini və irsini siyasi məqsədlərin icra üsuluna çevirməsi və nəticədə böyük şəxsiyyətin adına uyğun olmayan anım tədbiri keçirməsidir:

“Bu fakt təsdiqləyir ki, Azərbaycanın istiqlal tarixinin simvollarının siyasi inhisara alınması cəhdlərinin heç bir perspektivi yoxdur. Onu da nəzərə alaq ki, Azərbaycanın istiqlal tarixinin ayrı-ayrı simvol və hadisələrinin əbədiləşdirilməsində hakimiyyət xüsusilə son dövrlərdə ardıcıl tədbirlər həyata keçirib, Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib və bu siyasət artıq sistemli dövlət siyasəti halını alıb. Bu halda cəmiyyətdə haqlı suallar yaranır ki, istiqlalçı şəxsiyyətlərin xatirəsi ilə bağlı dövlət yüksək səviyyədə mühüm tədbirlər keçirdiyi halda, radikal siyasi dairələrin bu iddiasının kökü nədir? Radikal dairələr uyğun olmayan belə zəif tədbirlərlə əslində Məhəmməd Əmin Rəsulzadənin böyük adını kölgə altına salmış olurlar”.

A.Quliyev vurğulayıb ki, maraqlı olan başqa bir nüans da var. Radikallar Prezidentin illərdən bəri həyata keçirdiyi sosial müdafiə tədbirlərini də özlərinin son vaxtlar göstərmək istədikləri fəalıq cəhdlərinin nəticəsi kimi təqdim etməyə çalışırlar: “Guya onların ardınca gedən “on minlərlə” kütlənin “təzyiqi və qorxusu” altında hökumət geniş sosial müdafiə tədbirləri həyata keçirir. Halbuki yanvarın 19-dakı aksiyaya qədər Prezident minlərlə məcburi köçkün və şəhid ailəsini mənzil, maşın, birdəfəlik yardım və sairlə təmin etmişdi. Radikallarin 2-3 min iştirakçısı olan aksiyasından asılı olmayaraq tədbirlər davam etdirilir. Digər tərəfdən, abidə önünə gəlmiş 200-300 nəfərlik dəstə hansı sosial sifarişin və ya sosial tələbatın daşıyıcısı sayıla bilər?”.

Ekspert bildirib ki, M.Ə.Rəsulzadənin abidəsi önündəki tədbir radikal cərəyanlar və dəstələrin Azərbaycan mühitində perspektivsiz olduğunu və cəmiyyətin bu cərəyanlardan mümkün qədər uzaq dayanmaq istədiyini bir daha göstərdi: “Bu hadisə Şəhidlər xiyabanını siyasiləşdirmək cəhdinin uğursuz olmasından sonra radikalların daha bir ümummilli simvolu siyasiləşdirmək cəhdinin fiaskosu kimi qəbul edilə bilər”.

//Trend