Sorosun Azərbaycana qarşı yeni “hücum”u: bir hesabatın GİZLİNLƏRİbackend

Sorosun Azərbaycana qarşı yeni “hücum”u: bir hesabatın GİZLİNLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq “Transparency İnternational” (Tİ) təşkilatının yanvarın 29-da dərc etdiyi 2018-ci il üzrə Korrupsiya İndeksində Azərbaycana 180 ölkə arasında 152-ci yeri verib.

“Transparency İnternational”ın əslən macar olan amerikalı milyarder Corc Sorosun “Foundation Open Society Institute”dan və ya “Soros Fondu”ndan ötən il 469992 dollar, “Open Society Institute Development Foundation”dan isə 213225 dollar, mərkəzi ofisi Nyu-Yorkda yerləşən “Friends of Transparency International”dan 241502 dollar “ianə” aldığı açıqlanıb.

Sadaladığımız strukturun üçünün də Sorosa məxsus olduğu bəllidir və qeydiyyat sənədlərində də göstərilib.

Fəqət, “Transparency İnternational”ı (Tİ) Corc Sorosa bağlayan, sadəcə, maliyyə vəsaiti axını deyil.  Tİ-nin 2018-ci illə bağlı “Korrupsiya İndeksi”ni (Corruption Perception Index) dünya dövlətlərində rəsmi sektorda korrupsiya və rüşvətxorluq səviyyəsini 100 ballıq şkala əsasında müəyyənləşdirməyə çalışdığını bəyan edib.

Təşkilatın hesabatlarında o da vurğulanır ki, İndeks işgüzar dairələrin nümayəndələri ilə ekspertlər arasında keçirilmiş sorğuların əsasında hazırlanır: “Sorğuları dövlət idarəçiliyi və biznes-mühitin təhlili ilə məşğul olan müstəqil ekspert təşkilatları keçirirlər. Daha sonra “Transparency International”ın ekspertləri gerçəklik və keyfiyyət standartlarına riayət etmək üçün hər informasiya mənbəyinin metodologiyasını dəyərləndirirlər”.

Yəni bütün bunlara inansaq, Tİ-nin hesabatları dəqiq, səlis və obyektiv olmalıydı.

Amma belə deyil və Azərbaycanla bağlı hesabatlar hər il aşkar qərəz, yanlışlıq və birtərəfli yanaşma ilə seçilir.

Son hesabat da buna sübut sayıla bilər. Tİ özü etiraf edir ki,  2018-ci il üzrə  Korrupsiya İndeksini hazırlayarkən Azərbaycandakı durumu dəyərləndirəndə “müəyyən detalların dəqiqləşdirilməsində və bəzi məsələlər”də “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı”na (OCCRP) da istinad edib.

Fəqət, “bəzi məsələlər” ifadəsi, sadəcə, pis oyunda yaxşı sima göstərmək cəhdidir: Azərbaycanla bağlı hesabat az qala bütünlüklə OCCRP-in qalmaqallı açıqlamalarına əsaslanır.

Tİ hesabatda vurğulayır ki, 2018-ci il indeksində Azərbaycanın ötən illə müqayisədə 32 pillə geriləməsində “Azərbayan camaşırxanası” (The Azerbaijani Laundromat) adlı “kompromatlar seriyası” xüsusi rol oynayıb.

Tİ-nin hesabatında deyilir: “2013-cü ildən bəri Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində əhəmiyyətli aktivlik, dinamika müşahidə olunub. Lakin ötən il “Azərbaycan camaşırxanası”nın gündəmə gəlməsi Azərbaycanın indeksdə 32 pillə geriləməsinə səbəb oldu”.

“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” (OCCRP) qrupunun hazırladığı hesabat, belə görünür, Tİ-nin “analitik”lərinə ciddi təsir edib və onların Azərbaycanla bağlı “rəylərini formalaşdırıb”.

OCCRP Beynlxalq Araşdırmaçı Jurnalistlər Şəbəkəsinin (Global İnvestigative Journalism Network-GİJN) banisi, əsas maliyyə mənbəyi və nəzarətçisi isə Corc Sorosun “Open Society Foundations” təşkilatıdır.

OCCRP-in, daha doğrusu, Corc Sorosun 4 il əvvəl başladığı və ötən il “Azərbaycan camaşırxanası” ilə bitən layihəsi Bakıya qarşı olan çirkin oyunlardan, sadəcə, biri idi. Məqsəd Azərbaycanı Mədən Sənayesində Şəffaflıq Təşkilatında (MSŞT) üzvlükdən məhrum etmək, bu qurumla Bakı arasındakı münasibətləri ifrat dərəcədə gərginlikləşdirmək idi. Bunun nəticəsinldə beynəlxalq maliyyə təşkilatları və fondları Azərbaycana kreditlər verməkdən ya tam imtina etməli, ya da elə şərtlər və faizlərlə kreditlər təklif etməliydilər ki, qarətdən və aşağılamadan əsla seçilməyəcəkdi.

Corc Sorosun hədəfi “Cənub Qaz Dəhlizi”nin, TAP və TANAP layihələrinin gerçəkləşməsinə imkan verməməkdi.

Azərbaycan MSŞ-ı tərk etdi, amma Sorosun planı baş tutmadı: sadalanan layihələrin hamısı uğurla reallaşdırılır.

Yalan, qərəz və təzyiq cəhdi

Taylanddakı nüfuzlu, Cənub-Şərqi Asiya ölkələrində danılmaz intellektual çəkiyə malik  “The New Atlas” jurnalının baş redaktoru Cozef Tomas hesab edir ki, “Transparency International” (Tİ) obyektivlikdən çox uzaq, qərəzi strukturdur.

O yazır: “Diqqət edin: “Bütün dünya üzrə – Hindistandakı kiçik kənddən tutmuş, Brüsseldəki hakimiyyət dəhlizlərinədək biz 100-dən artıq dövlətin hökumətləri, müəssisələri və vətəndaşları ilə birlikdə çalışırıq ki, hakimiyyətdən sui-istifadənin, rüşvətxorluğun və çirkli sövhələşmələrin qarşısını alaq. Biz dünyanın korrupsiyadan azad olmasını istəyirik”. “Transparency International” təşkilatı saytında belə bəyan edir. Təbii ki, belə bəyanat siyasi qərəzdən xali olmağı ehtiva edir. Əfsuslar olsun ki, belə deyil”.

Tİ-nin “müstəqil ekspert”ləri, gerçəkdən də, müstəqil olduqlarını, heç bir ölkənin rəsmi strukturundan asılı olmadıqlarını, heç bir dövlət qurumundan maliyyə almadıqlarını deyirlər. Amma Tİ-nin əsas maliyyə mənbələri və sponsorları arasında ABŞ-ın Dövlət Departamenti, Almaniya XİN-i və Britaniyanın Beynəlxalq İnkişaf Departamenti (DFİD) var.

Bu “müstəqil” təşkilatı maliyyələşdirən yüzlərlə başqa sponsor da var ki, onların arasında böyük və tamahkar korporativ maraqlara malik “Shell” korporasiyasının yer alması ən azı təəccüb doğurur.

“Cənub Qaz Dəhlizi”, TAP və TANAP-la bağlı məsələlərdə “Shell”in Azərbaycana qarşı birmənalı mövqe tutmaması, həmin mövqenin də sadalanan layihələrdə “böyük tikə” ala bilməməsindən qaynaqlandığını xatırlasaq, Tİ-nin hesabatlarında ölkəmizə qarşı kinin səbəbləri bəlli olmurmu?

Bundan başqa, Azərbaycanda “rəngli inqilab”, daha doğrusu dövlət çevrilişi etməyə çalışan “Milli Demokratiya Fondu” (National Endowment for Democracy, NED) təki ABŞ-ın odioz, Dövlət Departamentindəki “qırğı”lara və Corc Sorosa birbaşa bağlı olan təşkilatı da Tİ-nin başlıca sponsorlarından, eyni zamanda, nəzarətçilərindən biridir.

“Rüşvətxorluq və çirkli sövdələşmələrlə mübarizə “apardığını fasiləsiz bəyan edən Tİ, görəsən, nə üçün əsas maliyyəçilərindən biri Corc Sorosun Fransadakı fəaliyyətini görmədi, görmək də istəmir?

Tİ susur, çünki Soros Fransada “Societe&Generale” bankı ilə bağlı sövdələşmədə fırıldaqçılıqda suçlandı və Parisin Apellyasiya Məhkəməsi də onu 2,2 milyon avro məbləğində cərimələyərək sövdələşməni ləğv etdi.

“Müstəqil və obyektiv” olduğunu vurğulayan “Transparency International” (Tİ) Corc Soros və NED kimi “sponsor”ların pulu ilə fəaliyyət göstərdiyindən bu qurumun “müstəqil Korrupsiya İndeksi”nin əsas məqsədi Vaşinqtonun tələblərini qulaqardına vurub şərtlərini yerinə yetirmək istəməyən ölkələrə təzyiq vasitəsi kimi dəyərləndirilir.

Pul didişməsi

İki il əvvəl, 2017-ci ilin yanvarında “Transparency International”ın baş ofisi təşkilatın ABŞ-dakı bölməsinin (Transparency International USA, Tİ USA) səlahiyyətlərinin ləğvini bəyan edərək bu qurumdan, ümumiyyətlə, imtina etdi.

Səbəb trivialdı: Tİ-USA iri korporasiyalardan “maliyyə dəstəyi” alaraq bu barədə Tİ-nin Berlindəki baş ofisinə müfəssəl məlumatlar verməmişdi.

Bir qədər sonra Tİ-nin Xorvatiya üzrə bölməsi olan “Transparency Croatia”da analoji qalmaqal yarandı.

Tİ-nin ABŞ-dakı bölməsinin (Tİ-USA) “sponsor”ları arasında “Bechtel”, “Deloitte”, “Google”, “Pfizer”, “Citigroup”, “ExxonMobil”, “Fluor”, “General Electric”, “Lockheed Martin”, “Marsh & McLennan”, “PepsiCo”, “PricewaterhouseCoopers”, “Raytheon”, “Realogy”, “Tyco”, “Freeport-McMoRan” və “Johnson & Johnson” korporasiyaları vardı. Üstəlik, Tİ-USA ən böyük “ianə” verən korporasiyalara mükafatlar da paylayırdı.

“Siemens” korporasiyası isə Tİ-nin Yunanıstan, Norveç, İraq, Vyetnam, İtaliya, İsrail, Argentina, Venesuela, Çin və Rusiyadakı bölmələrinə mütəmadi “ianələr” verirdi. Əslində, rüşvət olan bu ianələr “Siemens”i sonucda korrupsiya ittihamlarından və 1,6 milyard dollarlıq cərimədən qurtara bilmədi.

Tİ-nin məşhur əməkdaşlarından biri Anna Bussoni “Integrity Water TI” ilə şübhəli anlaşmadan, bu şirkətin “ianə” qismində rüşvət verməsindən bəhs edən kimi ona qarşı “müstəqil jurnalistlər”in hücumu başlandı. Sosial şəbəkələrdəki aşağılamalara və təhqirlərə, haqqında əssassız iddialar və yalanlarla dolu “jurnalist araşdırma”larına dözə biliməyən Bussoni istefa verdi.

Və son olaraq…

“Transparency International”ın rəsmi saytında Azərbaycana həsr olunmuş bölməyə baxın. Korrupsiya ilə mübarizə, biznes mühiti, sosiumdakı proseslər barədə bir kəlmə yoxdur.

Olanlar müxalifətin mitinqləri, mifik “siyasi məhbuslar”la bağlı açıqlamalar, Avropa Birliyi ölkələrinə sığınmış “müstəqil siyasi bloqer”lərin, yəni İRİ və NED təki təşkilatların, Sorosun fondlarının “ianə”ləri hesabına sosial şəbəkələrdə Azərbaycana qarşı nifrət konveyerinə çevrilmiş zavallılarla bağlı “informasiya”lardır.

Belədirsə, “Transparency International”ın yeganə məqsədi Azərbaycana qarşı qərəz və ölkənin nüfuzunun aşağı salınmasına cəhdlər sayıla bilərmi?!

Sual ritorik deyil.

 

//milli.az