backend

Erkin Qədirli: “Rus sektoru” qapadılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rus sektoru” qapadılmalıdır. Aydındır ki, bu, dərhal baş verəsi deyil. Proses azı 10 il sürəcək. Odur ki, müəllimlərin işsiz, şagirdlərin təhsilsiz qalacağına dair qorxu və şübhələr yersizdir.
Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü Erkin Qədirli son günlər rus bölməsində təhsil istiqamətində gedən müzakirələr barədə fikir bildirərkən qeyd edib.
Onun sözlərinə görə, bu məsələdə xüsusi təəssüf doğuran bir məqam var: “Sosial şəbəkələrdə rusdilli istifadəçilərin xeylisi rus dilində “закрыть”la “закрывать”ın fərqini bilmirmiş, ya da diqqətsiz oxuyurmuş. Kimsə, xüsusilə də mən, rus dilinə qarşı deyiləm. Bunun əksini deyənlər ya cığallıq edir, ya da qərəzli yanaşırlar. Rus, ya da başqa dilə qarşı olmağın anlamı nədir? Dili qadağan edəcəyimizi düşünənlər gerçəkdən varmı? Buna inanmağım gəlmir. Onda bu “irad” nəyə gərəkdir? Rus ədəbiyyatının böyüklüyünü və onun tərbiyəvi önəmini danan da yoxdur. Rus ədəbiyyatının siyasətdə mənfi yan təsirləri isə başqa mövzudur”.
Erkin Qədirli “rus sektoru”nun qapadılmasını milli kimlik və milli təhlükəsizlik üçün vacib sayır: “Tənqidlərə hörmətlə yanaşıram, amma öz düşüncəmdə qalıram. Rus dili xarici dil kimi öyrədilməlidir. Dövlət büdcəsindən maliyyələşən təhsil dövlətin rəsmi dilində olmalıdır. Başqa dillərdə təhsil ola bilərmi? Ola bilər, amma özəl təşəbbüslər və özəl maliyyə hesabına. Rusiyanı ölkəmizdəki rus dili qayğılandırırsa, zəhmət çəksin, Böyük Britaniya, Fransa, ABŞ kimi özünün rəsmi dili olan rus dilində burada məktəb, kurs, proqram açsın. Buna qarşı olan yoxdur. Biz öz büdcəmizin hesabına övladlarımızı düşmənimizin müttəfiqi olan, bununla bağlı olmayan təhlükələri də bizim üçün əlavə olaraq yaradan dövlətin dilində təhsil verməməliyik. Övladlarımız təbiəti və dünyanı ana dili vasitəsilə anlamağı öyrənməlidirlər. “Rus sektoru” bunu təsirli dərəcədə əngəlləyir. Buna qarşı olan mövqeyə elmi-texniki və başqa ədəbiyyatın çatışmazlığıyla haqq qazandırmağın yeri yoxdur. Kitab dükanlarında dövlətimizin rəsmi dilində olan ədəbiyyatın sayı, çeşidi, yönü və keyfiyyəti heç zaman indiki qədər yüksək olmamışdı. Proses gedir, ardı gələcək, yaxşı olacaq. Strateji düşünmək lazımdır”.
REAL üzvü hesab edir ki, özü də daxil olmaqla çox azsaylı istisnaları kənara qoysaq, “rus sektoru” ölkəmizdə olan problemlərin mövzulaşdırılmasına, həm də prioritetləşdirilməsinə ya mane olur: “Yəni həmin problemləri görünməz edir, ya da onların yanlış yöndə qavranılmasına yol açır. Ağıl xəritəsi (mental map) adlanan nəsnə var. Ağıl, düşüncə dilin içində olur, ondan qırağa çıxa bilmir. Çox dil bilməyin faydası buradadır – həmin dillərdə olan ağıl xəritələrini, TV kanalları, ya da radio dalğaları kimi çevirmək olur. Ancaq bunun da bir təməli olmalıdır – siyasi kontekstdə götürsək, dövlətin rəsmi dili. Söhbət, başqa şeylərlə yanaşı, xarici dillərin hansı təməl dilin üzərində öyrənilməsindən gedir. “Rus sektoru” ağıl xəritəsi baxımından ölkəmiz üçün ciddi strateji problemlər yaradır. Deyirlər, bəs, özü “rus sektoru”nu bitirib, onun imkanlarından faydalanıb, amma indi “rus sektoru”nu bəyənmir, onun qapadılmasına çağırır. “Qınından çıxdı, qınını bəyənmədi” örnəyi. Elə deyil, mən Sovet dönəmində oxumuşam. O zaman seçim, demək olar ki, olmayıb. Üstəlik, o zaman təhsilin keyfiyyəti indikindən xeyli yüksək olub. Bugünkü “rus sektoru”nun səviyyəsi çox aşağıdır. Mən 12 il BDU-da dərs demişəm – Azərbaycan bölməsində. Müqayisə etmək imkanım olub. “Rus sektoru”nun səviyyəsi hər il düşürdü, Azərbaycan bölməsinin səviyyəsi isə qalxırdı. Sonradan Azərbaycan bölməsi “rus sektoru”nu ötüb keçmişdi. Amma mənim və həmyaşıdlarımın sosiallaşmasına, ana dilimizin çevrəsinə qayıtmasına həm də ölkədəki siyasi proseslər önəmli təsir göstərmişdi – Milli Azadlıq Hərəkatı, siyasi azadlıqlar və s. Həmin proseslər bizi oyada bilmişdi. Bəxtimiz gətirdi, deyə bilərəm. Yoxsa, ruslaşıb gedirdik. İndiki ölkədə “rus sektoru”nu oyada biləsi bir gedişat yoxdur. Təhlükə həm də buradan qaynaqlanır – həlledici məqamda “rus sektoru”nun uşaqları Sovetin dağıldığı illərdə yaşlı nəslin anlamadığı kimi təməl mövzuları anlaya bilməyəcəklər. Buraxın bu giley-güzarı, bəhanə axtarmağı, “obyektiv səbəblərlə” barışmağı, güman olunan çətinliklərə istinad etməklə özünüzü həvəsdən salmağı. Ana dilinizi, dövlətimizin rəsmi dilini öyrənin, bir-birinizlə, xüsusilə övladlarınızla bu dildə danışın. “Rus sektoru”nun məhsulu “olduğuma görə, özümü örnək verərək deyirəm – bu, mümkündür, heç də çətin deyil. Tələb olunan tək bir şey – milli təəssübkeşlikdir”.
//teleqraf.com