Gənclər üçün Təhsil Mərkəzi 2018-ci ildəki fəaliyyətinə dair illik hesabatını təqdim etdibackend

Gənclər üçün Təhsil Mərkəzi 2018-ci ildəki fəaliyyətinə dair illik hesabatını təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün fəal gənclər təşkilatlarından biri olan Gənclər üçün Təhsil Mərkəzi 2018-ci ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə  Editor.az-a açıqlamasında bildirib ki, Mərkəz ənənəvi olaraq, başa çatmış ildə gördüyü işlərə qiymət vermək, fəaliyyətindəki şəffaflığı təmin etmək, o cümlədən yeni ildə qarşıda duran vəzifələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə bu formatda toplantılar təşkil edir.
F.Həsənzadə qurumun ötən illərdə olduğu kimi, 2018-ci ildə də fəaliyyətini əlaqələndirmək məqsədilə Bakı, Gəncə, Mingəçevir, Şirvan, Qarabağ (Ağcabədi) və Quba regional ofislərinin imkanlarından istifadə etdiyini diqqətə çatdırıb.  Mərkəzin əhatə dairəsini genişləndirmək məqsədilə Sumqayıt, Şəmkir, Ucar, Oğuz, Şabran və Lənkəranda da müvəqqəti nümayəndəliklər yaratdığı vurğulanıb.
Qeyd olunub ki, Mərkəz ötən il ərzində əsasən “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın  prioritet istiqamətlərinə uyğun olaraq, ümumi sayı 142 olmaqla 28 iri və 118 kiçik miqyaslı layihə həyata keçirmişdir. Mərkəz sözügedən layihələrin maliyyələşdirilməsində həm dövlət, həm də özəl təşkilatlarla əməkdaşlıq etmişdir. Layihələr Azərbaycanın 30-dan çox  şəhər və rayonunda həyata keçirilmiş, ümumilikdə 12 min nəfərdən çox insana təsir etmişdir.
Mərkəzin rəhbəri gənclərin rəqabətə davamlılığını təmin etmək və onların beynəlxalq  aləmdə  Azərbaycanın maraqlarını müdafiə etməsinə şərait yaratmaq məqsədilə beynəlxalq əməkdaşlığa üstünlük verildiyini də qeyd etdi. Bildirdi ki, Avropa Gənclər Klubları Konfederasiyasının tamhüquqlu üzvü olan Mərkəz vasitəsilə 50-ə qədər gənc müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. Avropa İttifaqının “Erasmus+ proqramı çərçivəsində də çoxlu sayda gənc müxtəlif təlim, konfrans və forumlarda iştirak etmişdir. 2018-ci il ərzində Mərkəzin rəhbərliyi Avstriya Təhsil Nazirliyi yanında Təhsildə Bərabərlik Koalisiyasının idarə heyətində təmsil olunmuşdur.
F.Həsənzadə region gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin stimullaşdırılması məqsədilə regionlarda Peşə Təhsili üzrə Regional Məsləhət Xidmətinin, eləcə də Karyera Planlama Xidmətinin fəaliyyət göstərdiyini, Quba rayonunda gənclər üçün Biznes Planlama Xidmətinin yaradıldığını da diqqətə çatdırdı. O, Füzüli rayonunda gənc xanımların peşə bacarıqlarının artırılması üçün bərbər və dərzi kursları, Ağcabədi rayonunda aztəminatlı ailələrin qız övladları üçün  tikiş və toxuculuq kursunun davam etdiyini də vurğuladı.
Geniş hesabar dinlənildikdən sonra F.Həsənzadə sualları cavablandırdı, 2019-cu ildə həyata keçiriləcək bir sıra yerli və beynəlxalq layihə barədə məlumat verdi.