İki Əliyev və bir Azərbaycan – Deputat Zahid Orucun yazısıbackend

İki Əliyev və bir Azərbaycan – Deputat Zahid Orucun yazısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

26 il əvvəl çiy kərpiclərdən və qamış qələmlərdən ibarət köçkün evlərinə baş çəkən ata Əliyevlə, tarixində çoxlu ağır zəlzələləri adladan qədim Şamaxı diyarına gedən oğul Əliyevi birləşdirən təkcə oxşar siyasi bağlar deyil, eləcə də millətin çətin günündə rəhbərin xarakteri, yenilməz iradəsi, dəyanət və dözümü, bir sözlə, sərkərdərlik qabiliyyətidir. Tək ürəyə, vahid bir qəlbə sığan və eyni liderlik stilinə aid olan belə hərəkətlər hər zaman gözü arxada olan şərq cəmiyyətləri üçün əvəzsiz hadisələrdir.

Sovet illərində məruz qaldığımız qaçqınlıq və sürgünlüyün heç birində Azərbaycana başçılıq edən şəxslərin hətta sadəcə kameraya yansıyan bircə kadrını belə xatırlamaq olmur ki, ona istinad edərək xalqla birgə amansız evsizlik məhrumiyyətlərini, doğma yurdlarından qoparılan adamların daşındığı vaqon qəfəslərin havasızlığını və yerin altına sığınanların yarımqaranlıq güzəranını bölüşdüklərini sübuta yetirəsən. Halbuki, 2-ci dünya müharibəsindən sonra yaralarını sarımağa qalxan milyonlarla insanın Mircəfərə, Vəliyə, Kamrana ehtiyacları onların hökmdar qələmlərinə bağlı deyildi, həm də əli qabarlı kütlənin güclü bir kürəyə, qüvvətli bir qola ehtiyacından irəli gəlirdi.

Ötən yüzildə Azərbaycanın taleyini müəyyən edən 1-ci şəxslərin idarəçilik xüsisiyyətlərini müqayisə etmək ayrı araşdırmaların mövzusudur.Lakin eyni mədəni, mənəvi kökləri paylaşdığımız türk millətinin unudulmaz lideri Mustafa Kamalı yüz illər bundan sonra da əfsanəyə çevirən onun minlərlə seçki texnologiyasına və imic yaradan institutların təlimlərinə sığmayan təkrarsız xarakteri idi…

Düşmən nə qədər güclü olur-olsun, sən subay və ərlərin önündə gedəcəksən, savaşı qərərgahlardan yönəltməyəcəksən, eyni geyimi, silahı, yeməyi və taleyi paylaşacaqsan.. Qaziliyin tək yolu budur!

Müstəqillik illərində bir-birini əvəz edən Azərbaycan prezidentləri, yaxud əvəzləyicilərinin heç biri belə ola bilmədilər. Çünki nə komsomol məktəbinin yetirməsi Vəzirov üçün, nə sənaye çarxlarından çıxan Mütəllibova görə , nə də azadlıq hərəkatının önündə gedən Elçibəydən ötəri nəhəng dövlət maşınının sükanını əldə saxlamaq səriştəsi daşıdıqları keyfiyyətlərin gücündə deyildi. Təsadüfi siyasi dalğaların hakimiyyət olimpinə çıxardığı belə adamlar sonrakı ictimai kükrəyişin qarşısında çəkilib tarixi səhnəni tərk etdilər.

Dövlət qurmaq sənəti Əliyevlərin ilahi missiyası oldu və onlar bu işi böyük Ustad peşəkarlığı ilə həyata keçirdilər!

Dünya tarixi liderliyin müxtəlif formaları ilə zəngindir.Amma qalıcı olan, zamanın mühakiməsindən keçənlərin hamısı bir cəhətdə birləşirlər-yalnız bir aulun, təşkilatın, hakimiyyətin rəhbəri olmaq azdır. Gərək çoxluğu təşkil edən və ölkəni gerçək əlləri ilə quran sadə xalqın qəlbində taxt-tacını salmağı bacarasan.

Diqqət edin, böyük Heydər Əliyevin Qarabağda ziyarət etdiyi çadır məskənləri onun bir vaxtlar qoyub getdiyi Azərbaycana qətiyyən bənzəmirdi. Təkcə on dörd dəfə olduğu Bərdə torpağında minilləri aşıb gələn zəngin mədəni bağları qoruyub saxlayaraq, sovet imperiyasının gücündən yararlanıb ölkə quran, ev-ev, kənd-kənd istehkamlar düzəldən keçmiş Birinci Katib üçün qarşısındakı mənzərə sözün əsil mənasında orta əsr viranəliyini xatırladırdı.

Silahlı savaşı uduzan bir dövlətin və məğlub bir xalqın önündə qürurla getmək çox çətindir! Xüsusilə də ümidsiz milyonlara təzədən həyat və ümid işartıları vermək, onları son dəfə ayağa qaldırmaq ağılagəlməz qətiyyət və hünər tələb edirdi.

Görün, o təbiət qələmləri ilə çəpərlənmiş dar bir guşəyə hansı miqyasda bir insan yerləşib.  Dünyaya hökmranlıq edən Sovetlər Birliyinin rəhbərlərindən biri kimi qarşısında onlarla dövlət başçısının təziminə şahidlik etmiş Patriarx üçün, Şərqi Avropadan Latın Amerikasınadək geniş bir məkanda hərbi jandarma çevrilən SSRİ hökumətində ikinci şəxs olmaq və sonradan gəlib kiçik bir əyalət kəndində sənə qucaq açan həmvətənlərinin həsrət, inam dolu baxışlarının yeganə ünvanına çevrilməkdən heyrətamiz heç nə ola bilməz.

Siz xalı-xalçaların üstündə Yelisey və Berlində, Roma və Vaşinqtonda şax addımlayan siyasət generalının titullu salonlardakı görüş anları, diplomatik məharəti ilə kasıb bir komaya sığınan azərbaycanlı qadını qarşısındakı qətiyyəti arasında dərin bağları görməyə bilməzsiniz.

Hər növbəti kadrla irəlilədikcə sanki ata-bala doğmalığına şahid olursan, bir işarə ilə hər şeyin anlaşıldığını duyursan və bəlkə də ən yaxın doğmalarını, ən əziz varlığını itirmiş bir ailənin çöhrəsində közərən ilıq bir təbəssüm, ətrafa səpələnən dua və alğış sədaları təzədən ürəklərə məlhəm gətirir, cəmi bir neçə saat sonra bütün xəbər məkanına yayılaraq, azan səslərinin bürüdüyü bir məmləkətin havasını büsbütün dəyişdirir.

Siz anasının qolları üstündə boynunu bükən körpənin əvvəlki məsum baxışlarına və sonradan açılan Qış günəşinə bənzər çöhrəsinə diqqətlə baxın..

Hələ dili açılmayan və beşikdə müharibəni görməyə məhkum edilən savaş uşaqlarının bariz nümunəsidir. Məşhur fransız rəssamı Jan Antuan Qronun fırçası ilə canlandırılmış və Napoleon Bonapartın təsirli döyüş səlnamələrinə bənzəyən bir tablo ilə üz-üzəyik.

Məsum balamız onları əhatəyə alan izdihamın hənirini yarımçılpaq bədənində hiss edir, az qala dilə gəlib nəsə demək istəyir. Yaxud, o biri qızcığazın heyrət və maraq dolu gözlərindən, gülən çöhrəsindən dərin bir ümid işığı boylanır. O şəfəq seli hələ ki, başları üstündəki kameranın kiçik fənərindən süzülüb ətrafa yayılır, lakin çox keçməyəcək, ölkədəki qaranlıq zülmət tam yarılacaq, ərəblərin, farsların, qızılay və qırmızıxaçların öz aralarında bölüb-paylaşdığı yəhudi düşərgələrinə bənzər azərbaycanlı kamplarının yerində tamam ayrı bir vətən qurulacaqdı.

Adama elə gəlir ki, o şəraitdə inamdan başqa heç nəyi olmayan Heydər Əliyevin tövrü, davranışları ilə bağrına basdığı ağbirçək ananın ilahi duaları bir-birilə calanaraq təzədən bir millətin qalxınma və xilas idealına çevrildi.
Eynən Prezident Sarayında rəhbərə sarılan analar kimi..

İlham Əliyev Azərbaycanı yenidən bütöv bir Şəhidlər Xiyabanına döndərməyə çalışanların qarşısında duran ən böyük səddir, qaladır və istehkamdır. Onun Seyid Əzim və Sabir torpağında tikdirdiyi indiki evlər təkcə on, yaxud 100 adamı xilas etmir, eləcə də bir yurdu, böyük bir ölkəni uçub dağılmaqdan qoruyur və yüz illik gələcəyin təməl daşlarına dönür.

Bəli, həqiqət belədir- hər gün informasiya aləmini silkələyən və dövlətə inamı sarsıtmağa yetən dağılmış tək bir ev kifayət edir ki, vətəndaşı haqdan və ədalətdən küskün salasan, hakimiyyəti mühakiməyə qalxan əllərdəki silah olasan.

İlham Əliyevə dua edən ananın bir addımlığında ata qucağında dayanan körpə və bir vaxtlar Heydər Əliyevin qarşısındakı tablo zamanca müxtəlif mənzərələr olsa da içərisindəki vahid Azərbaycandır!Əsrə bərabər yol keçildiyini görmək üçün təkcə bu kadrlara baxmaq kifayətdir..

Bəli, biz indi ayrı iqtisadi-siyasi formasiyada yaşayırıq. Şamaxı da döyüş bölgəsi və cəbhə xətti deyil. Bəs onda “mən buraya mütləq gəlməliydim” mesajı hansı qəlbin səsidir və kimlərə ünvanlanıb?

Cavab birdir-rəhbər üçün Lənkəranda dağılan evlərə, yaxud Kür sularında boğulmaq təhlükəsi ilə üzləşən insanlara, Zaqataladan Bakıya qədər uzanan böyük bir zolaqda baş verən qığılcımlardan qopan alovlara ilk özünü yetirən yalnız xalqının təhlükəsizliyini düşünən Birinci Şəxs olub. Apreldə qopan haqq davasında hələ barıt qoxusu çəkilməmiş Ağdərə dağlarının ən yaxın atəş radiusuna gedəndə də İlham Əliyev öz xanımı ilə birgə sərkərdəsi olduğu ordusunun yanında idi. Həyatını risq altına atsa da o başqa cür edə bilməzdi.

Siz Allah, bir baxın, İlham Əliyev 3 il əvvəl baş verən o müqəddəs savaşdan və verdiyimiz qalib şəhidlərdən danışanda qəlbi necə fərəhlə dolur, azadlığa qovuşan bir parça vətən torpağına görə necə ürəkdən sevinir və ilk hərbi qələbədən sonsuz qürur duyduğunu bütün dünyaya nümayiş etdirir. Bağlı qapılar arxasında gedən savaşda, nifrət etdiyi bir adamla üzücü əsəb döyüşlərində bəlkə yüz dəfələrlə revanş arzusunu xəyal edən oğul Əliyev üçün Qarabağ təkcə prezidentlik andı, Ali Baş Komandan vədi deyil, həmçinin Heydər Əliyevin yarımçıq qalan son tapşırığını yerinə yetirmək vəzifəsidir!

Onlar iki Əliyevdir, lakin Azərbaycan adlı dövlətin son 26 illik müstəqilliyini təmin edən vahid bir ruh, tək bir bədəndir.Heydər Əliyevin qurduğu dövlət onun əbədi canlı olan cismidir. Mustafa Kamal Atatürkün və Fəxri Xiyabanda uyuyan Əliyevin Anıt Qəbri eyni bir millətin müqəddəs məbədidir!

Amansız siyasi qovğaları bir qədər arxada qoyandan və komandasını büsbütün yeni zamana hazırlayandan sonra İlham Əliyev böyük müharibə qərarına çox yaxın olduğunu qətiyyən gizlətmir.

Ona görə də Rəhbəri duymaq və hiss etmək, sevmək və qorumaq istəyənlərin sırasında olmaq çox gözəldir.

İlham Əliyevin silahlı və silahsız ordusunun əskəri adını daşımaq şərəfli işdir!

İki Əliyevi bir millətin rəhbərinə çevirən tək səbəb budur!