Mehriban Əliyeva Uşaq Psixonevroloji Mərkəzində – Fotolar

16:10 | 11 Fevral, 2019
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub.
Editor.az xəbər verir ki, Mehriban Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib.
Birinci vitse-prezident burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.
Mərkəzin baş həkimi İradə Musayeva Mehriban Əliyevaya məlumat verib ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 103 uşağa tibbi xidmət göstərilir. Burada uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar Mehriban Əliyeva ilə söhbət edərək, bacarıqlarını nümayiş etdiriblər.
Heydər Əliyev Fondunun prezidentinə müəssisənin həyətində inşa edilən akt zalı haqqında da məlumat verilib. Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Birinci vitse-prezident tibb ocağının fəaliyyətinə uğurlar arzulayıb.