XİN: Bakı 2019-cu ildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsində irəliləyişə ümid edirbackend

XİN: Bakı 2019-cu ildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsində irəliləyişə ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 2019-cu ildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsində irəliləyişə ümid edir.

Bunu “The Korea Times” qəzetinə müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə bütün platformalarda ən yüksək səviyyədə səsləndirilib:

“Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll olunmalıdır. Nizamlanmanın hüquqi əsasına gəldikdə xatırlatmaq lazımdır ki, bununla bağlı BMT-nin 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsi, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər təşkilatların qərar və qətnamələri mövcuddur”.

Nazirin sözlərinə görə, təəssüf ki, uzun illər aparılmış danışıqlar heç bir nəticə verməyib:

“Amma Ermənistanda bir müddət əvvəl baş vermiş hadisələr, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla dörd görüşüm danışıqlar prosesinin irəliləməsi üçün müəyyən əsaslar yaradıb”.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan danışıqlar xatirinə danışıqların yox, ciddi nəticələrin tərəfdarıdır və bu, ölkənin prinsipial mövqeyidir:

“Ümid edirik ki, bu il erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin nizamlanmasında irəliləyiş, bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şəraitin yaradılması ilk növbədə Ermənistanın özünün iqtisadi inkişafı üçün imkanlar yaradır”.

Nazir əlavə edib ki, Azərbaycan müxtəlif etnik qruplara mənsub vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, beynəlxalq öhdəliklərə uyğun olaraq bunu Dağlıq Qarabağda erməni əsilli vətəndaşları barəsində də etməyə və onlara Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ən yüksək səviyyədə özünüidarə hüququ verməyə hazırdır.

//Trend