İlham Əliyevdən ali məktəblərlə bağlı mühüm qərarbackend

İlham Əliyevdən ali məktəblərlə bağlı mühüm qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Editor.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə qərara alınır:
1. Ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılsın və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il martın 1-dən qüvvəyə minir.