Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas məqsəd odur ki, insanlar rahat, xoşbəxt yaşasınlar və ölkəmizdə bunun üçün hər şey var

23:06 | 14 Fevral, 2019

Əsas məqsəd odur ki, insanlar rahat, xoşbəxt yaşasınlar və ölkəmizdə bunun üçün hər şey var.

Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşündə deyib.

Mehriban Əliyeva qeyd edib: “Yenidən Gəncədə olmağımdan çox şadam. Son dəfə beş il bundan əvvəl Gəncədə olmuşam. Gəncə qədim mədəniyyət mərkəzidir. Bütün dövrlərdə Gəncə incəsənət, mədəniyyət, memarlıq sənəti ilə tanınıb. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaradan görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Ona görə Gəncədə olmaq mənim üçün hər zaman çox xoşdur və çox sevinirəm ki, yenidən sizinlə görüşürəm”.

Birinci vitse-prezident bildirib ki, İlham Əliyev prezidentlik dövründə 15 dəfə Gəncədə olub, daim Gəncəyə diqqət göstərir: “Gəncə bizim qədim şəhərdir, gözəl şəhərdir, böyük tarixə malik şəhərdir. Burada bütün tarixi, dini, memarlıq abidələri qorunur və qorunmalıdır. Amma, eyni zamanda, Gəncədə müasirlik var, müasir binalar, yeni yollar, infrastruktur, yeni parklar yaradılır. Xan bağı da qədim abidədir. Əlbəttə, tarixiliyi, qədim simanı qoruyub saxlamaq, eyni zamanda, müasirləşmək Gəncəni nadir bir şəhərə çevirib. Burada təkrarolunmaz ab-hava var, əlbəttə, əsas gəncəlilərdir. Mən hər zaman sizin qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirəm, çox sağ olun, burada olmağıma çox şadam. Mən bir neçə məktəbə baxdım, uşaq bağçalarında, uşaq evində oldum. Əsas məqsədim ondan ibarətdir ki, problemləri, həllini tapmayan məsələləri bilim. Onların hamısı ardıcıl olaraq həllini tapmalıdır”.

Mehriban Əliyeva məktəblərlə bağlı məsələlərlə sıx məşğul olduğunu nəzərə çatdırıb: “Siz bilirsiniz ki, son 15 ildə ölkə üzrə 3 mindən çox məktəb tikilib və ya bərpa olunub. Ölkəmizdə bir dənə də təmirsiz məktəb qalmamalıdır. Ona görə bu sahədə ardıcıl olaraq bütün tədbirlər görülür, həm dövlət proqramı çərçivəsində, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə. Mənə məlumat verdilər ki, uşaq bağçaları ilə bağlı problem var, beşi qəzalı vəziyyətdədir. Dərhal məşğul olacağıq ki, onların da maddi-texniki bazasını yenidən quraq. Bilirəm ki, Gəncə şəhərində infrastrukturla bağlı çox işlər görülür, qazlaşdırma, enerji ilə təminat 100 faizdir”.

Birinci vitse-prezident ötən ilin noyabrında Gəncədə yaşayış binasındakı partlayış nəticəsində ziyan çəkmiş sakinlər üçün qısa zamanda yeni bina tikiləcəyini də vurğulayıb: “Mən bilirəm ki, keçən ilin noyabr ayında bu binada partlayış olub. Hadisə zamanı əfsuslar olsun ki, 3 nəfər həlak olub, Allah rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Amma onu da deyim ki, bu məsələ Prezidentin tam nəzarəti altındadır, Sərəncam da imzalanıb, vəsait də ayrılıb. Qısa bir zamanda yeni, müasir və çoxmənzilli yaşayış binası tikiləcək və 36 ailənin hər biri yeni mənzillə təmin olunacaq”.

Mehriban Əliyeva Gəncənin xüsusi şəhər olduğunu bildirib: “Gəncənin mehriban insanları, gözəl memarlığı, qədim tarixi, təkrarolunmaz ab-havası var. Əlbəttə, mən məktəblərə də getdim, uşaq evlərində, muzeydə, “İmamzadə” Kompleksində oldum. Amma buraya gələndə mənim əsas məqsədim o idi ki, gəncəlilərlə görüşüm. Doğrudan da mən sizin bu dəstəyinizi, sevginizi hər zaman qəlbimdə hiss edirəm. İnanın ki, eyni hissləri mən də yaşayıram. Dediyim kimi, cənab Prezident 15 dəfə Gəncədə olub və inşallah, yenə də olacaq. Ona görə burada həyata keçirilən bu abadlaşma, bu inkişaf hər zaman bizim diqqətimizdədir, hər zaman bizi sevindirir. Amma, eyni zamanda, yenə də deyirəm ki, hələ də öz həllini tapmayan problemlər də var. Biz onları bilməliyik, biz onların həlli üçün ardıcıl tədbirlər həyata keçirməliyik. Çünki əsas məqsəd odur ki, insanlar rahat, xoşbəxt yaşasınlar və ölkəmizdə bunun üçün hər şey var. Mən sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Çox şadam hər birinizi görməyə. Çox sağ olun. Çalışacağam, Gəncəyə tez-tez gəlim”.

Birinci vitse-prezident əlavə edib: “Əmin olun ki, Gəncə ilə bağlı bütün məsələlər, problemlər mənim diqqət mərkəzimdədir. Siz hər zaman əmin ola bilərsiniz ki, hər bir məsələ, sizi narahat edən hər bir sualla bağlı biz əlaqədə ola bilərik və mən əlimdən gələni etməyə hazıram.

Siz yəqin bilirsiniz ki, biz Heydər Əliyev Fondunun nəzdində gənclərin “Regional İnkişaf” İctimai Birliyini yaratmışıq. Burada çalışan bütün gənclər istedadlıdırlar, vətənpərvərdirlər. Yəqin ki, görmüsünüz, Şamaxıda zəlzələdən sonra onlar orada gecə-gündüz çalışırlar, insanlara kömək edirlər. Yəni, bu kömək həm də mənəvi kömək olmalıdır. Ona görə onlar burada da çalışırlar. Gəncədə yaşayan gənclər də bu birliyə qoşula bilərlər. Ona görə bizim daim əlaqəmiz olacaq.

Mənə göstərdiyiniz belə səmimi, belə isti qonaqpərvərliyə görə bir daha sizə minnətdarlığımı bildirirəm. Prezidentin səmimi salamlarını sizə çatdırıram. Çox sağ olun”.

//Trend