Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı

21:37 | 15 Fevral, 2019

Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçildikdən sonra ölkədə bu idman növünün intibah dövrü başladı.

Bunu Federasiyanın baş katibi Nurlana Məmmədzadə deyib.

N.Məmmədzadə bildirib: “2002-ci ildə Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildi və bu andan müstəqil Azərbaycanda gimnastikanın bütün növlərinin intibahı başladı. Bizim unikal qurğumuz – Milli Gimnastika Arenamız var. 2014-cü ildə Arena açıldıqdan sonra biz gimnastika növlərinin inkişafının yeni mərhələsinə qədəm qoyduq. İndi ölkəmizdə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən tanınmış gimnastikanın növü inkişaf edir. Rəhbərliyin düzgün qərarları və siyasəti sayəsində Azərbaycan Gimnastika Federasiyası dörd il ardıcıl olaraq 10 ən yaxşı federasiya sırasına daxil olub”.

Fevralın 16-17-i Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna hazırlıq barədə danışan N.Məmmədzadə qeyd edib ki, yerli təşkilat komitəsi yarışlara 4-5 ay qalmış hazırlıqlara başlayır:

“Dünya Kubokuna hər şey hazırdır, nümayəndə heyətləri gəlib. Qeyd edim ki, 8 ölkədən nümayəndə heyəti yarışlardan əvvəl burada təlim-məşq toplanışlarında olub. Bir çox nümayəndə heyətinin yarışlardan çox əvvəl buraya gəlməsi onu göstərir ki, onlar yaranmış şəraitdən razıdırlar. Bu gün əlaqələndirmə iclası keçirilib. Buraya hər nümayəndə heyətindən iki nəfər – heyətin rəhbəri və məşqçi qatılır. Təqdimat keçirildi, məşqlər və yarışla bağlı digər tədbirlər barədə ətraflı məlumat verildi”.

Federasiyanın baş katibi vurğulayıb ki, əgər 2017-ci ildə keçirilmiş batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ilə müqayisə etsək, bu il iştirakçı ölkələrin sayı daha çoxdur:

“2017-ci ildə Dünya Kubokunda 15 ölkə iştirak edirdi, bu il 30 ölkənin iştirakı gözlənilir. Həmçinin qeyd edim ki, 2018-ci ildə Bakıda batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı keçirilib. Dünya Kubokunda bu qədər ölkənin iştirak etməsi onunla izah olunur ki, bu yarış 2020-ci il Yay Olimpiya Oyunların üçün lisenziya xarakteri daşıyır. Bundan başqa, hamı bilir ki, Azərbaycanda yarışlar yüksək səviyyədə keçirilir, Milli Gimnastika Arenamızda bütün şərait, yerli təşkilat komitəsinin isə beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var. Biz buraya gələn idmançıların hansı şərtləri tələb etdiyini bilirik və hər bir şeyi nəzərə almağa çalışırıq, ona görə ildən-ilə yarış iştirakçılarının sayı artır”.

N.Məmmədzadə bildirib ki, hazırda batut və tamblinq üzrə həm fərdi, həm də sinxron proqramlarda gimnastların podium məşqləri keçirilir:

“Bu yarış 2020-ci il Yay Olimpiya Oyunların üçün lisenziya xarakteri daşıdığı üçün həm bütün idmançılar, həm biz təşkilatçı olaraq böyük məsuliyyət hiss edirik”.

Federasiyanın baş katibi həmçinin xatırladıb ki, adətən Kubok yarışlarına Beynəlxalq Gimnastika Federasiyasından bir texniki nümayəndə gəlir, amma bu yarış lisenziya xarakterli olduğu üçün bir texniki nümayəndə və beş nəfərdən ibarət ali hakimlər briqadası gəlib. Onun sözlərinə görə, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku baxımlı və maraqlı olmağı vəd edir:

“İştirakçılar arasında Olimpiya ulduzları var və tamaşaçılara onların çıxışını izləmək maraqlı olacaq. Onlardan bəziləri əvvəllər Bakıda olublar, amma bu qədər ulduz bir yarışda olmayıb. Bu, iştirakçılar arasında rəqabəti artırır və yarışa marağı gücləndirir. Həmişəki kimi yenə fləşmoblar keçiriləcək, tamaşaçılar arasında müsabiqələr də gözlənilir”.

Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.

Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

//Trend