Prezident İlham Əliyev teatr binasının təmirinə 2 milyon manat ayırdı

14:31 | 20 Fevral, 2019

Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında sərəncam imzalayıb.

sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.21.1-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat vəsait Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

//AZƏRTAC