“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirildibackend

“Mənəvi dəyərlərimiz gələcəyimizdir” adlı konfrans keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər üçün Təhsil Mərkəzinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Bakı şəhərində “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib.

Editor.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra “Oxu!” sənədli filmi nümayiş olunub.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə giriş nitqi ilə çıxış edərək tədbirin əsas məqsədinin gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğini gücləndirmək, unudulmaqda olan dəyərlərimizin qorunması işinə töhfə vermək olduğunu bildirib. O, regionlarda da bu istiqamətdə silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

ADBTİA-nın prorektoru Təhminə Tağızadə mövzunun əhəmiyyətinə toxunub. O, xalqımızın formalaşmasında mühüm rol oynayan milli-mənəvi dəyərlərin dövlətçiliyimizin möhkəmlənməsində də xüsusi önəm daşıdığını qeyd edib. T.Tağızadə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında gənclərin üzərinə böyük vəzifə düşdüyünü vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, milli-mənəvi dəyərlər xalqımızın özünəməxsus xüsusiyyətidir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Milli-mənəvi dəyərləri qorumağın ən ümdə vəzifələrimizdən biri olduğunu diqqətə çatdıran komitə sədri qeyd edib ki, bu dəyərləri təhdid edən müxtəlif amillərlə rastlaşırıq. Zaman keçdikcə milli-mənəvi dəyərlərə münasibətdə də müxtəlif dəyişikliklər, yeni yanaşmalar ortaya çıxır. Lakin elə dəyərlər də var ki, onlar daimidir. Bu dəyərləri, milli xüsusiyyətləri, adət-ənənələri qorumaq zəruridir. Əks təqdirdə, dünyada gedən mədəniyyətlərarası qovuşmada böyük təsir gücü altında mədəniyyətlərin də, milli adət-ənənələrin də assimilyasiyası prosesi gedə bilər. Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcək. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, din, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir. O, dövlət başçısının Fərmanı ilə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən milli-mənəvi dəyərlərin düzgün təbliği istiqamətində kompleks tədbirlər həyata keçirildiyini, videoçarxların, sənədli filmlərin hazırlandığını bildirib. DQİDK sədri Fondun dəstəyi ilə çəkilən “Oxu!” adlı sənədli filmin xurafatla mübarizəyə həsr olunduğunu, filmdə cəhalətin, elmsizliyin yol açdığı mənəvi boşluqlar və bunun nəticəsində xurafat hallarının artmasının yaratdığı təhlükələrin işıqlandırıldığını deyib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.