İran Avrasiya İttifaqına qoşula bilməz – Ekspertbackend

İran Avrasiya İttifaqına qoşula bilməz – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın indiki dövrdə Avrasiya İttifaqı kimi bir təşkilata qoşulmasından söhbət belə gedə bilməz.

Bu sözləri son günlər İranın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı gedən müzakirələrə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. Ekspert İranın Avrasiya İttifaqına üzvlüyünü birmənalı mümkünsüz hesab edib və bunun səbəblərinə aydınlıq gətirib:

“İran bu addımı atmaq üçün ilk növbədə ölkə qanunvericiliyində çox ciddi dəyişikliklərə getməlidir. Çünki Avrasiya İttifaqında elə qurumlar var ki, onlar bütün üzv ölkələrin gömrük, vergi siyasətini və iqtisadi münasibətlərini tənzimləyir. Ancaq İran iqtisadiyyatı Avrasiya İttifaqına üzv dövlətlərin iqtisadiyyatından xeyli fərqlənir. Avrasiya İttifaqında postsovet ölkələri cəmləşib və onların iqtisadiyyatları oxşar xüsusiyyətlərə malikdir. İran isə tamamilə başqa iqtisadi və siyasi sistemə malikdir. Bu baxımdan da İranın mövcud iqtisadi və siyasi sistemini Avrasiya İttifaqı sisteminə uyğunlaşdırmaq çox çətin məsələdir”.

Politoloq İranın müəyyən şərtlərlə yalnız müşahidəçi qismində təşkilatda iştirakını mümkün sayıb:

“Avrasiya İttifaqı-İran adlı format var. Təşkilata üzv dövlətlər İranla bu format çərçivəsində müəyyən münasibətlər qura bilərlər. Rusiyanın İrana 5 milyard kredit ayırması da məhz bu format çərçivəsində həyata keçiriləcək. Ötən il İranla Avrasiya İttifaqı arasında azad ticarət zonasının yaradılmasına dair razılıq əldə olunub. Bu, çox mühüm bir addım idi və indi İrana kreditlərin ayrılması da məhz sözügedən razılıq əsasında münasibətlərin inkişafına təkan verə bilər”.

Qeyd edək ki, bir müddət öncə İran parlamenti hökumətin Rusiyadan 5 milyard dollar kredit almasına icazə verilməsi haqqında qərar qəbul edib. Bu qərarın qəbul edilməsindən sonra İranın Avrasiya İttifaqına üzvlüyü məsələsi gündəmə gəlib.

//Axar.az