Baş nazirin müavini: Bu gün də Azərbaycanın yaratdığı imkanların üstünə qara xətt çəkmək, gəncləri çaşdırmaq istəyən qüvvələr var

17:29 | 25 Fevral, 2019

Təəssüflər olsun ki, bu gün də Azərbaycanın yaratdığı imkanların üstünə qara xətt çəkmək, gəncləri çaşdırmaq istəyən qüvvələr var.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan 1990-cı illə müqayisədə çox dəyişib: “1990-cı ilin əvvəllərində Azərbaycanda dərəbəylik hökm sürürdü, ölkə böhran içində idi, insanlar təhlükəsiz şəraitdə yaşadıqlarını hesab etmirdilər. Milli iqtisadiyyat tamamilə çökmüşdü. İnsanlar evlərindən çıxanda geriyə qayıdacaqlarına inanmırdılar. Bu gün isə bizim gənclərimiz, vətəndaşlarımız ölkəmizdə görülən müsbət işlərin dəyərini bilməlidirlər. İndi Azərbaycanda sabitlik, əmin-amanlıq var. O zaman Azərbaycanda əhalinin sayı 7 milyon nəfər idi, indi isə 10 milyona yaxın olub. Ermənistanda isə əhalinin sayı azalıb. Bütün bunlar Azərbaycanın düzgün siyasət yürütdüyünə görə olub”.

Baş nazirin qeyd edib ki, bütün dövlətlər bu və ya digər dərəcədə təzyiqlərə məruz qalıb. Azərbaycan da belə təzyiqlərə məruz qalıb və kənardan yenə də bu təzyiqlər var: “Dövlətimiz daxildən güclü olmasa, yenə də kimsə onu daxildən sarsıda bilsə, bu, 1992-ci ildəki faciələrə gətirib çıxarar. Yenə də kimsə Azərbaycanın neftini, qazını ələ keçirmək istəyəcək, yaxud torpağımızla, xalqla bağlı hansısa niyyətlərini həyata keçirmək istəyəcəklər. Amma vətəndaşlar dövlət ətrafında sıx birləşsə, belə olmaz”.

//Trend