backend

Azərbaycan Prezidenti: "Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bunu təmas xəttindəki vəziyyət əyani şəkildə təsdiqləyir. Bu gün biz təmas xəttində tam üstünlüyə malikik. Bu üstünlüyü biz əldə etmişik və bunu artırırıq.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40×46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində çıxışı zaman deyib.
Prezident İ.Əliyev bildirib ki, bizim döyüş qabiliyyətimizi əks etdirən bir çox hadisələr olub:
“Onların içərisində keçən ilki aprel döyüşləri xüsusi qeyd edilməlidir. Bu döyüşlər nəticəsində Ermənistanın hərbi təcavüzünün qarşısını alarkən bizim hərbçilərimiz böyük qəhrəmanlıq göstərərək işğalçılardan üç rayonun bir hissəsini azad etmişlər. O yerlərdə, o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri nəticəsində bu gün biz köçkünləri öz doğma kəndinə yola salırıq. Cocuq Mərcanlı kəndi cəmi iki ay ərzində bərpa edilib. Onun bərpasının birinci mərhələsi başa çatıb. Əlavə vəsait ayrılıbdır ki, kəndin bərpasının ikinci mərhələsi də başa çatsın”.
Azərbaycan Prezidenti qeyd edib ki, aprel döyüşləri bizim şanlı qələbəmizdir, böyük uğurdur:
“Bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Cocuq Mərcanlıya bu kəndin sakinlərinin qayıtması onu göstərir ki, bizim bütün köçkünlər öz doğma şəhərlərinə, kəndlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Bu gün Cocuq Mərcanlı bizim dirçəliş, qələbə rəmzimizdir. Keçən ilin aprelində işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu da hər bir vətənpərvər Azərbaycan vətəndaşını fərəhləndirir. Yəni, bizim kifayət qədər gücümüz var və Ermənistanın bütün təxribatlarına layiqli cavab veririk. Bir həftə bundan əvvəl yenə də bizə qarşı silahlı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir”.
Dövlət başçısı əlavə edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına gəldikdə, Azərbaycan dövlətinin mövqeyi ictimaiyyətə bəllidir:
“Biz bu mövqeyi dəfələrlə ifadə etmişik. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və bütün toponimlər, bütün tarixi abidələr Azərbaycan tarixini əks etdirir. Dağlıq Qarabağ, eyni zamanda, dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar, qətnamələr qəbul etmişlər ki, Ermənistan silahlı qüvvələri dərhal, qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin Ermənistan buna məhəl qoymur, əməl etmir. Əfsuslar olsun ki, Ermənistana qarşı heç bir ciddi tədbir görülmür. Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi. Çünki bu ölkə XXI əsrdə başqa ölkənin ərazisini işğal altında saxlayır, başqa xalqa qarşı soyqırımı törədib, bütün tarixi abidələri dağıdıb. Cocuq Mərcanlının dağılmış mənzərəsi bunun əyani sübutudur. Bizim işğal edilmiş bütün torpaqlarda da eyni vəziyyətdir”.
İ.Əliyev deyib ki, beynəlxalq hüquqa gəldikdə isə beynəlxalq hüquq tarixi ədalət kimi tamamilə bizim mövqeyimizi gücləndirir:
“Dağlıq Qarabağda keçirilmiş son qondarma “referendum” da onların – separatçıların, işğalçıların növbəti iflası, növbəti biabırçılığı idi. Çünki bu “referendum”u heç bir beynəlxalq təşkilat, qonşu ölkələr, Avropa İttifaqı, Minsk qrupunun həmsədr ölkələri tanımayıb. Yəni, bu qondarma “referendum”u tanımamaqla bütün bu ölkələr və beynəlxalq təşkilatlar bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. O qondarma, separatçı xunta rejimini dünya birliyi tanımır və tanımayacaq. Ona görə, tarixi ədalət, beynəlxalq hüquq, əlbəttə ki, bizim siyasi çəkimiz Ermənistanla müqayisəedilməz dərəcədə böyükdür. Bizim iqtisadi gücümüz Ermənistanınkından qat-qat artıqdır. Yəni, bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əlbəttə, Azərbaycan dövləti öz prinsipial mövqeyini daha da gücləndirməlidir və gücləndirir. Bir daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Bizim xalqımız heç vaxt bu vəziyyətlə barışmayacaq. Biz heç vaxt icazə verməyəcəyik ki, tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Son hadisələr və ölkəmizin güclənməsi bu məsələyə nail olmaq üçün bizim imkanlarımızı artırır”.
//AZƏRTAC