Ekspert: “Prezident İlham Əliyev Minsk qrupu həmsədrlərinin son bəyanatına nail olmaqla münaqişənin sülh yolu ilə həlli prosesində yeni mərhələ açdı”backend

Ekspert: “Prezident İlham Əliyev Minsk qrupu həmsədrlərinin son bəyanatına nail olmaqla münaqişənin sülh yolu ilə həlli prosesində yeni mərhələ açdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfərdən sonra yaydıqları birgə bəyanat hərb meydanında Azərbaycanın 2016-cı ilin aprel qələbəsi qədər effekt verən diplomatik hadisə kimi qiymətləndirilməlidir”.

Bunu açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, həmsədrlərin Bakıda Prezident İlham Əliyevlə görüşdən sonra aldıqları birmənalı mesajlar hadisələrin belə cərəyan etməsində həlledici rol oynadı:

“Avropa təşkilatlarında və regionumuzda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə hadisənin ardıcıl müşahidə olunması Ermənistanın bütün manevr imkanlarını heçə endirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldən tamamilə əliboş qayıtması, maliyyə yardımı ala bilməməsi, danışıqlar formatını dəyişməyə Avropa rəsmilərindən heç bir dəstək ala bilməməsinin ardınca həmsədrlərin bəyanatı ortaya çıxdı və əvvəlki hadisələri tamamladı. Paşinyanın ötən ilin mayından apardığı Qarabağ formatını dəyişmək avantürası gözlənildiyi kimi tam fiaskoya uğradı. Hətta Ermənistan müxalifəti bu bəyanatın məzmun etibarilə Paşinyana şillə zərbəsi olduğunu bildirdi. Artıq realdır ki, Paşinyan hökuməti üçün bundan sonra format dəyişikliyi ətrafında yayındırıcı və pozucu ritorika qurmaq asan və rahat olmayacaq. Hətta mümkündür ki, Paşinyan bu avantüraya bir daha qayıtmasın. Qayıtsa belə, bu dəfə tək Azərbaycanla yox, həm də Avropanın ali komissarları və Minsk qrupunun həmsədrləri ilə üz-üzə qalmalı olacaq”.

Ekspert qeyd edib ki, əslində Azərbaycan Prezidenti danışıqlar formatının dəyişməzliyi, nəticəyə yönəlik qeyd-şərtsiz danışıqların bərpası və indiki status-kvonun qəbuledilməzliyi məsələsində Ermənistanı təkləməyi və tərksilah etməyi bacardı: “Minsk qrupunun həmsədrləri regiona səfərdən sonra açıq bəyan etdilər ki, qeyd-şərtsiz danışıqlar bərpa olunmalı, ənənəvi formatda, yəni Azərbaycanla Ermənistanın arasında danışıqlar davam etdirilməli, status-kvo dəyişdirilməli, məcburi köçkünlər ləyaqətlə öz yurdlarına qaytarılmalı, problem Helsinki Yekun Aktının məlum prinsipləri və həmsədr ölkələrin dövlət başçılarının bəyanatlarında ifadə olunmuş əlavə prinsiplər də nəzərə alınmaqla ədalətlə həll edilməlidir. Minsk qrupunun həmsədrləri tərəfindən məsələnin bu qədər birmənalı qoyulması Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimini tərəf kimi danışıqlara cəlb etmək cəhdlərinin həmişəlik qarşısının alınması deməkdir”.

Onun fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı həm də o baxımdan çox əhəmiyyətlidir ki, bundan sonra danışıqlarda yarana biləcək hər hansı fasilə və ya digər neqativ təzahürlərə görə hansı tərəfin konkret məsuliyyət daşıdığını bəyan etməyə aydın şərait yarandı: “Bu mənada həmsədrlərin son bəyanatı danışıqlar prosesini Ermənistanın təxribatçı və pozucu fəaliyyət elementlərindən tam təmizlədi. Bəyanatın arxasında əhəmiyyətli nüanslardan biri həmsədrlərin Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra aldıqları mesajları aydın və qəti nümayiş etdirmələri oldu. Bir çox analitik və şərhçilər Azərbaycan Prezidentinin Bakıda həmsədrlərə və ATƏT-in fəaliyyətdə olan sədrinə söylədiyi qətiyyətli fikirlərin mütləq nəticə verəcəyinə öncədən inanırdılar. Çünki Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatlarının pozucu rol oynadığını son xəbərdarlıq effekti ilə söyləmişdi. Həmsədrlərin bu qəti xəbərdarlıqdan lazımi nəticəni çıxardıqları göz qabağındadır”.

A.Quliyev əlavə edib ki, həmsədrlərin bəyanatı və mövqeyi Azərbaycan diplomatiyasının məntiqli müqavimətinin və həmlələrinin birbaşa nəticəsidir: “Paşinyan ötən il mayında format dəyişikliyi təxribatını ortaya atan andan Azərbaycan Prezidentinin arqumentli, məntiqli müqaviməti və həmlələri başladı. Bir qədər əvvəl Paşinyanın Brüsseldə məyus olması, format dəyişikliyinin yolverilməzliyi barədə Avropa komissarlarından eşitdiyi birmənalı bəyanatlar da məhz Azərbaycanın təsirlərinin və apardığı böyük işlərin nəticəsidir. Prezident Əliyev həmsədrlərin son bəyanatının ərsəyə gəlməsinə aparan yolun birmənalı yaradıcısıdır. Azərbaycan diplomatiyası bir neçə il əvvəl status-kvo məsələsində də bu cür qələbə qazanmışdı”.

Ekspet bildirib ki, ilk vaxtlarda status-kvonun dəyişməsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində nə qədər əhəmiyyətli olduğuna dünyada heç də bütün qüvvələr etimadla yanaşmırdılar: “Ancaq Prezident Əliyevin ardıcıl diplomatik səyləri nəticəsində beynəlxalq müstəvidə status-kvonun prioritetliyi və müstəsna əhəmiyyəti birmənalı olaraq təsdiqləndi. Bu gün Ermənistandan başqa dünyanın bütün diplomatik siyasi dairələri status-kvonun dəyişməli olduğunu deyir. Azərbaycan diplomatiyası danışıqlar formatının dəyişdirilməsinin mümkünsüz olduğunu da bu cür qəbul etdirə bildi. Minsk qrupunun həmsədrlərinin son bəyanatına nail olmaqla əslində Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində yeni mərhələ açdı”.

//Milli.Az