Rusiyanın Xalq artisti Yevgeni Knyazevin monotamaşası olacaq – Heydər Əliyev Mərkəzindəbackend

Rusiyanın Xalq artisti Yevgeni Knyazevin monotamaşası olacaq – Heydər Əliyev Mərkəzində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 16-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Yevgeni Knyazevin dahi rus şairi Aleksandr Puşkinin “Qaratoxmaq qadın” povestinin motivləri əsasında monotamaşası təqdim olunacaq.

Heydər Əliyev Mərkəzindən  verilən məlumata görə, Y.Knyazev tanınmış teatr və kino aktyorudur.

O, teatr məktəbində təhsilini başa vurduqdan sonra 1982-ci ildə Moskvada Y.Vaxtanqov adına Teatrda fəaliyyətə başlayıb, 1996-cı ildə həmin teatrda “Qaratoxmaq qadın” tamaşasında German rolunu oynayıb. Əsərə Pyotr Fomenko quruluş verib. Bundan illər sonra Y.Knyazev səhnədə tərəf müqabillərindən imtina edir və “Qaratoxmaq qadın”ı tək yaradır: yalnız German obrazını deyil, Liza, Qrafinya rollarını da oynayır.

Minimum dekorasiyadan istifadə edilən səhnədə Y.Knyazevin parlaq ifası, qəhrəmanları ustalıqla canlandırması tamaşaçılara A.Puşkin yaradıcılığının sehrinə düşməyə imkan verəcək.

Y.Knyazev Y.Vaxtanqov adına Teatrın səhnəsində onlarla obraz yaradıb, eyni zamanda bir sıra digər teatrlarla əməkdaşlıq edib. O, kinoya ilk dəfə 1983-cü ildə çəkilib, debütünü “Gecikmiş məhəbbət” filmində epizodik rolla edib. Daha sonralar aktyor filmlərdə baş rollarda oynayıb, həmçinin bir neçə ekran əsərində tarixi obrazlar yaradıb, 2000-ci illərdə isə teleseriallara çəkilməyə başlayıb. Y.Knyazev Volf Messinq, İosif Stalin, Lev Trotski, Boris Pasternak kimi tarixi obrazları böyük ustalıqla yaradıb. Y.Knyazev həm teatrda, həm də kinoda oynadığı rollarla tamaşaçıların böyük sevgisini qazanıb.

Monotamaşaya biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

//Milli.Az