Stavropolda xəsarət alan daha bir azərbaycanlı xəstəxanada öldü

11:34 | 14 Mart, 2019

Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində xəsarət alan azərbaycanlı yaralılardan daha bir nəfəri dünyasını dəyişib.

Editor.az  xəbər verir ki, daha öncə Trend-ə özəl açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev martın 11-də daha bir yaralının xəstəxanada öldüyü və bununla da qəzada ölənlərin sayının 7 olduğunu bildirmişdi.

Xatırladaq ki, martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobus Rusiyanın Stavropol şəhərində qəzaya uğramışdı. Hadisə nəticəsində mikroavtobusda olan Ağcabədi rayon sakinləri, 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinov dünyasını dəyişib, 3 azərbaycanlı isə xəsarət almışdı.