“Azərbaycan hesab edir ki, Minsk qrupu həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb”backend

“Azərbaycan hesab edir ki, Minsk qrupu həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında əks olunan fikirlərin bir qismi Azərbaycanın da mövqeyini əks etdirir.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib: “Azərbaycan hesab edir ki, bu bəyanat məhz Ermənistana ünvanlanmış bəyanatdır. Həmin bəyanatda bir daha aydın ifadə olunur ki, danışıqlar prosesi ilə bağlı hər hansı şərtin irəli sürülməsi və yaxud danışıqların formatının dəyişdirilməsi kimi məqamlar və cəhdlər qəbuledilməzdir, danışıqlar olduğu formatda davam etdirilməlidir”.

Şöbə müdirinin sözlərinə görə, danışıqlar olduğu formatda davam etdirilməlidir: “Həmçinin danışıqlar prosesi getdiyi bir halda prosesin nəticələri barədə hər hansı bir aqressiv ritorika əsasında fikirlərin söylənilməsi də qəbuledilən yanaşma deyil. Bununla bərabər, biz burada münaqişənin mərhələli həlli ilə əlaqədar olan prinsipləri də qeyd etmiş olarıq ki, burada da əsas məqamlardan biri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin ora qayıtması, təhlükəsizliyin təmin edilməsi kimi tədbirlərdir ki, bunların da fundamental əsasını məhz Helsinki Yekun Aktı təşkil edir və Helsinki Yekun Aktında da xalqların öz müqəddaratını təyinetmə və ərazi bütövlüyü məsələlərinin bir-birinə münasibətdə hansı əsaslarla həyata keçirilməsi də aydın ifadə olunub. Belə ki, xalqların öz müqəddaratını təyinetmə prinsipi heç bir halda dövlətlərin ərazi bütövlüyünə xələl gətirməməlidir”.

H.Hacıyev vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsinin statusuna gəldikdə isə Azərbaycan hər zaman ərazi bütövlüyü çərçivəsində bu məsələni müzakirə etməyə hazırdır və bu da yenə də Helsinki Yekun Aktının əsas prinsiplərinə istinad olunmalıdır.

//Trend