Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (hazırda Nəqliyyat, Rabitə və Yyüksək Texnologiyalar Nazirliyi adlandırılır – red.) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun azadlığa çıxması ilə bağlı məlumat vermişdik.
Telefonuna qardaşı Vahid Zeynalov cavab verib. O, hazırda qardaşının azadlıqda olduğunu, buna çox sevindiklərini, hazırda bütün qohum- əqrabalarının onlarda olduğunu, Vidadi Zeynalovla görüşdüklərini bildirib.
“Vidadi hazırda bizdə olan bütün qohum-əqrabalarla görüşür. Allah bütün həbsdə olanların qapısını açsın. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa buraxılıb. Cəza müddətinin bitməsinə 7 ay qalmışdı”.
Vidadi Zeynalovun cəzadan tamamilə azad olunması üçün məhkəməyə müraciət olunub-olunmayacağı haqda suala Vahid Zeynalov belə cavab verdi: “Bundan sonra da məhkəməyə müraciət etmək fikrimiz yoxdur”.
“Vidadi Zeynalovun səhhətində problemlərin olduğu bildirilmişdi, hazırda onun səhhəti necədir?” sualımızı o, belə cavablandırdı:
“Səhhəti belədir ki, Vidadi müəllim tutulmamışdan qabaq dizindən və onurğasından əməliyyat olunmuşdu. O problemlər bir az da dərinləşib. Səhhəti yaxşı deyil. İnşallah həkim müayinələrindən keçirəcəyik”
//bizimyol.info