“ƏR-ARVAD BİRGƏ BİZNES QURUB, BÜDCƏNİ TALAYIRDI…” – Nazir müavininin qohumundan ŞOK ittihamlarbackend

“ƏR-ARVAD BİRGƏ BİZNES QURUB, BÜDCƏNİ TALAYIRDI…” – Nazir müavininin qohumundan ŞOK ittihamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milyonları yeyənlər qalıb bir tərəfdə, mənə 9 il həbs cəzası verilib”

“Vaqon üçün 30 manatlıq yataq dəsti Dəmiryol İdarəsinə 250 manata satılırdı. Büdcənin pullarını onların evində axtarmaq lazımdı”

Arif Əsgərovun həbsdə ola baldızı oğlu növbəti dəfə hakim qarşısına çıxarılıb. Rahib Hüseynov bu dəfə də məhkəmədə qohumunun ünvanına ittihamlar səsləndirib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirləndirilən 9 il müddətinə azadlıqdan məhrum edilən Rahib Hüseynov cəzadan narazı qalıb.

O, Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Rahib Hüseynov özünü günahkar bilməyərək deyib: “Mən ikiayaqlı inkassator maşın idim, nə deyirdilər, onu eləyirdim. İndi özləri çəkilib durub bir kənarda, məni veriblər irəli. Milyonları yeyənlər qalıb bir tərəfdə, mənə 9 il həbs cəzası verilib. Halbuki, mən adi fiquram, heç kiməm”.

Картинки по запросу Rahib Hüseynov arif əsgərov

O deyib ki, deyilənlər yalandır, adamlardan pulları xalası oğlu- sabiq nazir müavininin oğlu Elnar Əsgərov alıb.

R.Hüseynov apellyasiya məhkəməsində danışıb ki, əslində, adamlardan pullar sələmlə alınıb, hər ay xalasıgildən o adamlara faiz göndərib, o da aparıb verib.

Pul sahiblərinin əksəriyyəti də vəzifəli şəxslərin (icra başçısı, universitet rektoru və s.) övladları olub.

Faizlər dayananda onlar hüquq-mühafizə orqanlarına şikayət ediblər.

arif (1)

R.Hüseynov çıxışına əlavə edib: “Bu məsələlər 2013-cü ildən başladı. O vaxt məni 6 ay “Bandotdel”də, 5 ay da Kürdəxanı təcridxanasında saxladılar. Bu 11 ayda Arif Əsgərov 30 nəfərə 48 milyon pul payladı.

Adamdan soruşmazlarmı ki, bu 48 milyonu hardan alıb qaytardın? Bu adam o vəzifəyə təyin olunanda yazılmışdı ki, dövlətin 48 milyonunu alıb, oğlunun əyri işlərini ört-basdır eləməlisən? Onların günahı yox idisə, niyə qaytarırdılar? 11 aydan sonra cinayət işinə xitam verib, məni də buraxdılar. Pul verənlərdən biri də Elnarın öz bacanağı icra başçısının oğlu Qoşqar Zeynalov idi. 2016-cı ildə nə oldusa, Qoşqarın əli ilə şikayət verib, xitam qərarını ləğv elətdirdilər, məni həbsə göndərdilər”.

Bütün bu işlərdən xalasının da xəbərdar olduğunu deyən R.Hüseynovun sözlərinə görə, kimdən nə qədər alınması, kimə nə qədər faiz verilməsi kimi məsələləri oğlu ilə birlikdə o müəyyənləşdirirdi.

Vaxtilə Dəmiryol İdarəsində çalışmış R.Hüseynov oradakı durumdan da danışıb. Deyir ki, xaricdən maya dəyəri 5 manata gətirilən hansısa avadanlıq 50 manata rəsmiləşdirilirdi: “O idarə Xatun və Arif Əsgərovun ər-arvad birgə biznesi idi.Vaqon üçün 30 manatlıq yataq dəsti Dəmiryol İdarəsinə 250 manata satılırdı. Büdcənin pullarını onların evində axtarmaq lazımdı. Gərək ora Dəmiryol İdarəsi yox, “filankəsin atasının şirkəti” deyəydilər. Qoşqar Zeynalovun ifadəsində var ki, guya gətirib 4 milyon 398 min manat pulu mənə Dəmiryol İdarəsində verib. Orada nə qədər kamera var, sübut olsaydı, çıxarıb ortaya qoyardılar. O idarəyə işçilərə özlərinə nahara yemək gətirməyə imkan vermirdilər ki, yeməkxanada pul verib yeməlisiz. Necə oldu, bu adam idarəyə mənim üçün torbada o qədər pul gətirdi, heç kim görmədi?”

arif esgerov

R.Hüseynovun vəkili Sevil Hacıyeva birinci instansiya məhkəməsində bu işin hərtərəfli və ədalətli araşdırılmadığını bildirib. Vəkil deyib ki, bu işin başında Dəmiryol İdarəsinin keçmiş rəhbərliyi dayanır, ona görə də mütləq adı çəkilən şəxslər, o cümlədən Arif Əsgərov dindirilməlidir.

Hakim Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası nə vəsatəti təmin edib, nə də apellyasiya şikayətini.

Bakı Ağır Cinayətlər Məhkəməsinin Rahib Hüseynovla bağlı hökmü 9 illik cəza hissəsində qüvvədə saxlanılıb. Ekspertiza xərclərinin artırılması, sələmlə pul alınmış adamlara ödənilən məbləğlər yazılan kitabçaların sübut kimi qiymətləndirilməsi kimi hissələrdə hökmə qismən dəyişiklik edilib.

Картинки по запросу hökm

Vəkil Sevil Hacıyeva bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəklər:“Bu iş faktiki araşdırılmayıb. Halbuki, araşdırılsa, çox ciddi faktlar üzə çıxar. Ona görə sona qədər gedəcəyik”.

Bildirək ki, Rahib Hüseynov birinci instansiya məhkəməsinə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib. Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, “qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib. R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

arif

Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda ittiham edilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda və eyni işdə ittiham edilib və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il müddətinə azadlıqdan məhrum edilmə cəzası çıxarılıb. O da həbsdədir.

Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğullarıdır. Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilib. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.

Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir. O, bir müddət ölkəni tərk etmişdi. Lakin sonradan Bakıya qayıdaraq məhkəmə prosesində şahid kimi ifadə vermişdi. O, bu işlərdə Hüseynov qardaşlarını ittiham edərək özünü məsuliyyətdən kənara qoymağa çalışmışdı.

//azpolitika.info