General-leytenant: “Erməni lobbisi hesabına yaşayanlar Azərbaycan Ordusuna böhtan atırlar”

15:24 | 27 Mart, 2019

Bunu müdafiə nazirinin müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev Azərbaycan Ordusunda neqativ halların olması ilə bağlı yayılan böhtan xarakterli məlumatlara münasibət bildirərkən deyib.

Nazir müavini bildirib ki, xidmətin spesifik fəaliyyətinə baxmayaraq, ordu ictimaiyyət üçün açıqdır: “Biz digər dövlət orqanları, beynəlxalq, humanitar, ictimai, qeyri-hökumət və digər təşkilatlarla yaxından əməkdaşlıq edirik. Müdafiə Nazirliyi ilə müxtəlif təşkilatlar arasında birgə fəaliyyət üçün illik planlar hazırlanır. Açıqlıq nümunəsi müntəzəm olaraq valideynlərin və ailə üzvlərinin iştirakı ilə keçirilən “Açıq qapı” günləridir, burada Mudafiə Nazirliyinin rəhbərliyi, bütün səviyyələrdən olan komandir-rəis heyəti təklif və şikayətləri nəzərdən keçirir və mövcud problemləri həll edirlər. Bu, həm arxada, həm də müdafiənin ön xəttində yerləşən hərbi hissələrə eyni dərəcədə şamil olunur.

Mən müsbət inkişafı olan ordu fəaliyyətinin digər aspektlərinə də toxuna bilərdim. Bu gün Azərbaycan Ordusunda həll edilməyən heç bir məsələ yoxdur. Bununla yanaşı, bəzi insanlara və insanların dairəsinə bizim müvəffəqiyyətlərimiz rahatlıq vermir. Onlar hər yerdə yalnız neqativ görürlər. Onların mahiyyəti budur. Dəfələrlə artırılan itkilər, şişirdilən xəyanət faktları, iddia edilən köhnə hərbi texnika satınalmaları, korrupsiya sxemləri barədə uyğun olmayan yanlış məlumatlar, ordu rəhbərliyini birbaşa təhqir etmək və s. ölkənin müdafiə və təhlükəsizliyinə görə məsuliyyət daşıyan əsas strukturlardan birinin nüfuzuna xələl gətirmək cəhdindən başqa heç bir şey deyil”.

General-leytenant qeyd edib ki, bu prosesdə iştirak edən, dövlət, xalq və qanun əleyhinə fəaliyyətinə görə Azərbaycandan gedən “ekspertlər” ucuz bir avtoritet qazanmaq istəyirlər. Xaricdə qrantlar və sədəqələr, о cümlədən erməni lobbisi hesabına yaşayanlar məqsədyönlü şəkildə orduya və davam edən islahatlara böhtan atırlar:

“Onlar açıq şəkildə düşmən təbliğatı aparan, əksər hallarda “sensasiyalı məlumatları” Ermənistanın xüsusi xidmət orqanlarının dezinformasiyasından, həmçinin zamanında özünü xalq və ordu qarşısında biabır edən ölkəmizdəki züytutanlardan əldə edərək düşmən dəyirmanına su tökürlər. Mən sosial şəbəkələrdə ordu mövzusu ilə bağlı bütün müzakirələri birmənalı səkildə qınayıram və bir daha həmin şəxsləri bu cür təxribatçı fəaliyyətlərini dayandırmağa çağırıram”.

//Trend