Şəhidin xanımı danışdı: “Bizi sadəcə incidən “Şərurlu İsfəndiyar” idi”

15:19 | 29 Mart, 2019
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsi yeni mənzillə təmin olunub.
Editor.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova bildirib ki, Mehriban xanım Əliyevanın birbaşa göstərişi ilə Nərimanov rayonu ərazisində onlara 3 otaqlı ev verildi:
“Məsələ bu gün səhər öz həllini tapdı. Dövlət başçısı İlham Əliyev və Mehriban xanım Əliyeva çox sağ olsunlar. Biz bu günləri o, insanların sayəsində övladlarımızı saxlayırıq. Mən onsuz da onlara arxayın idim. Bizi sadəcə incidən “Şərurlu İsfəndiyar” idi. Bu, bir daha sübut etdi ki, Azərbaycanda heç kəs şəhid ailəsinə qarşı artıq-əskik hərəkət edə bilməz. Mehriban xanım şəxsən bizim məsələyə qarışdı və öz həllini tapdı. Bu gün yeni mənzilə görə, bizimlə müqavilə bağlanacaq”.
Nəcibə Axundova “Şərurlu İsfəndiyar”a bir daha müraciət edərək bildirib:
“Biz sizdən öz vəsaitimiz hesabına aldığımız mənzilimizi istəyirdik. Siz vəkiliniz vasitəsilə deyirdiniz ki, mən şəhid ailəsi tanımıram, iş adamıyam. Mən də buradan sizə deyirəm ki, sizin biznesinizin bu torpaqda qurulması üçün, nə qədər oğullar canından keçib, şəhid olub. Ölkə başçımız, Mehriban xanım bir daha ona göstərdilər ki, sən əgər bu torpaqda biznesini qurumusansa, bu torpaq uğrunda canını verən, qanını tökən vətən övladlarına hörmət eləməlisən”.