Ekspert: “Prezident İlham Əliyev yanğından ziyan çəkmiş sahibkarlara dəstək verməklə əsl liderlik nümunəsi göstərdi”

22:14 | 29 Mart, 2019

Prezident İlham Əliyev Bakıda ticarət mərkəzində baş vermiş yanğın zamanı ziyan çəkmiş sahibkarlara dəstək verməklə əsl liderlik nümunəsi göstərdi.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə bildirib ki, bu gün cəmiyyətdə statusundan asılı olmayaraq hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir: “Təbii ki, bu qayğı günbəgün artır, dövlət hər bir vətəndaşının probleminə daha həssas şəkildə yanaşır və onu həll edir. Xüsusilə bu ilin əvvəlindən başlayaraq möhtərəm Prezidentimiz təşəbbüsü ilə sosial sahədə həyata keçirilən islahatlar, imzalanan fərman və sərəncamlar bunu bir daha təsdiq edir. Ölkəmizin başçısı bölgələrə səfərləri zamanı kənd və qəsəbələrdə sakinlərlə görüşür, onların problem və qayğılarını öz dillərindən eşidir və ən yüksək səviyyədə həllinə çalışır”.

Baş redaktor hesab edir ki, bu və digər mühüm məqamlar həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir:

“Bu günlərdə Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısının çıxışı bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır: “Möhtərəm Prezidentimiz əsl liderlik nümunəsi göstərərək yanğın zamanı ziyan çəkmiş sahibkarlara dövlətin dəstək olacağını vurğuladı. Möhtərəm Prezidentimiz yanğın zamanı böyük ziyan görmüş sahibkarların narahatlıqlarına son qoydu”.

O vurğulayıb ki, hadisədən nəticə çıxarmaq, təhlükəsizlik və sığorta sahəsindəki boşluqları aradan qaldırmaq lazımdır: “Bu gün müxtəlif sahələrdə, xüsusilə biznes sektorunda sığorta maarifləndirilməsinə ciddi ehtiyac var. Hesab edirəm ki, bəzi hallarda bu, hətta məcburi xarakter daşımalıdır. Bu mənada hər bir sahibkar öz biznesini, malını, mülkünü sığortalamalıdır. Bununla da o, baş verə biləcək bu kimi bədbəxt hadisələrdən daha az zərərlə çıxa bilər. Digər tərəfdən, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülməlidir. Sahibkarlar, obyekt sahibləri pul qazanmaqla yanaşı, öz sosial məsuliyyətlərini də dərk etməli, təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməlidirlər. Möhtərəm Prezidentimiz müşavirədə çıxışı zamanı bu məsələlərə də toxundu, ölkəmizdə sığorta sahəsində boşluqların olduğunu bildirdi. Dövlətimizin başçısı sahibkarlara məsləhət gördü ki, öz əmlaklarını sığortalatsınlar. Çünki belə olan halda onlar tam əmin ola bilərlər ki, bədbəxt hadisə baş verdikdə əmlakları batmayacaq.

Sahibkarlar bir daha gördülər ki, dövlət onların yanındadır, onların sərbəst, rahat, şəffaf və qanunun tələblərinə uyğun şəkildə fəaliyyətlərinə dəstəkdir. Ölkə rəhbərliyinin bu yanaşması isə vətəndaşın dövlətə inamını artırır, xalq-iqtidar birliyini daha da möhkəmləndirir”.

//Milli.Az