İqtidar deputatı əfvə düşən gəncin həbsindən danışdı: “Bu adamlar sanki öhdəlik götürüblər”backend

İqtidar deputatı əfvə düşən gəncin həbsindən danışdı: “Bu adamlar sanki öhdəlik götürüblər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəxtiyar Sadıqov: “Azadlığa çıxdıqdan sonra niyə bu adamlara elə gəlir ki, çöldə onlar üçün cəzasızlıq mühiti yaradılmalıdır?”

“Görünür, azadlıq Bayram üçün qiymətli deyilmiş. Niyə elə addım atır ki, ora qayıdır? Biz çətinə düşəndə polisi haraya çağırırıq, əmlakımız oğurlananda qarətçinin tapılacağını polisdən gözləyirik. Elə ki, bir adam özünə demokratam söyləyir, sonra ictimai asayişi pozur, polis intizama dəvət edəndə, müqavimət göstərir, polisi aşağılayan hərəkətlər edir. Amerika polisi müqavimət göstərəndə atəş açır, Fransa “sarı jiletlilər” aksiyalarında birinin gözünü çıxardı, neçəsini şikəst etdi”.

Bu sözləri “Yeni Müsavat”a deputat Bəxtiyar Sadıqov prezidentin əfv fərmanı ilə azadlığa çıxmış keçmiş siyasi məhbus Bayram Məmmədovun polisə müqavimət ittihamı ilə saxlanılıb, 30 sutka inzibati həbs cəzası alması haqda danışarkən bildirdi.

Onun sözlərinə görə, Qərb ölkələrinin polisinə haqq qazandırırıq: “Amma bizdə kimsə özünə azadlıq mücahidi söyləyir, qanunu pozanda dərhal çalışırlar ki, onun tərəfində dursunlar.

Prezident humanistlik etdi, Bayrama azadlıq bəxş elədi, getdi ailəsi ilə bayramını keçirdi. İndi təzədən niyə belə addım atırsan, polislə münasibətdə korrekt davranmırsan?

O, həbsdə intizamı poza bilməzdi, bilir ki, cəzası üstündədir. Azadlığa çıxdıqdan sonra niyə bu adamlara elə gəlir ki, çöldə onlar üçün cəzasızlıq mühiti yaradılmalıdır?”

Deputatın fikrincə, demokratiya qanunlarla tənzimlənir: “Qanuna hörmət etmək lazımdır. Niyə özünüzə imtiyaz tələb edirsiniz? Əgər Bayram bundan sonra yenə həbsə getsə, onun özünü qınayacam. Axı niyə valideynini özünə həsrət qoyursan?! Sanki kiminsə qarşısında öhdəlikləri var və bu hərəkətləri edirlər”.

DİN-dən Bayram Məmmədovun həbsi ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən musavat.com-a bildirilib ki, əfv fərmanı ilə azadlığa çıxan hər bir məhbusun qanunvericiliyə əsasən barəsində yığım işi açılır: “Bu, təkcə Bayram Məmmədova aid deyil, əfv edilən hər bir şəxsin borcudur ki, azadlığa çıxandan sonra ərazi polis orqanında qeydiyyatdan keçsin, müəyyən sənədləşmələr aparılsın.

Bayram Məmmədov dəfələrlə çağırış və dəvətə baxmayaraq, polis bölməsinə getməkdən imtina edib. Belə olan halda, polis özü Bayram Məmmədovu  gətirərkən yolda və sonra növbətçi hissədə əməkdaşların ünvanına ağır təhqirlər yağdırıb, polisə tabesizlik və müqavimət göstərib, polisin xidmətinə maneçilik yaradıb. Onun bu hərəkətləri sənədləşdirilib və hüquqi qiymət verilməsi üçün məhkəmə göndərilib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”