“Biz təbliğatımızı elə qurmalıyıq ki…” – Ülvi Quliyev Aprel döyüşlərinin əhəmiyyətindən DANIŞDIbackend

“Biz təbliğatımızı elə qurmalıyıq ki…” – Ülvi Quliyev Aprel döyüşlərinin əhəmiyyətindən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən üç il ötür.

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Nəticədə cəbhənin Füzuli, Cəbrayıl və Tərtər  istiqamətində işğal altındakı ərazilərimizin 2000 hektardan çox hissəsi düşmən tapdağından azad edildi.

“Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı”.

Bunu Modern.az-a açıqlamasında Aprel döyüşlərinin əhəmiyyətindən danışan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev deyib.

 

Ülvi Quliyev xatırladıb ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni təcavüzkarları atəşkəs rejimini məqsədli şəkildə pozaraq, Azərbaycanı təxribata çəkməyə, yenidən özlərini dünyaya məzlum, yazıq xalq kimi göstərməyə cəhd etdilər. Ancaq onların bu alçaq və məkrli niyyətləri baş tutmadı:

“Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, Azərbaycan xalqının mübarizliyi və müdrik, uzaqgörən ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin qətiyyətli addımı düşmənin bütün planlarını pozdu.

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu, xalqımızın igid və qəhrəman övladları erməni işğalçılarına bütün cəbhəboyu ağır və sarsıdıcı zərbələr vurdu.

Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə də oldu”.

Komitə sədri xatırladıb ki, uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradan Talış yüksəkliyi işğalçılardan təmizləndi. Həmçinin, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi də düşməndən təmizləndi. Eyni zamanda Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı.

Ülvi Quliyevin sözlərinə görə, Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi torpaqlarımızın  işğaldan azad edilməsi üçün hər cür fədakarlığa hazır olduğunu göstərdi:

“Düşmənlə yanaşı, bütün dünyaya sübut edildi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq. Ordumuz düşmənə layiqli cavab verməklə bir daha göstərdi  ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa-olsun bərpa ediləcək.

Aprel döyüşləri bizim dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə hazırda Azərbaycan bayrağı dalğalanır.

Aprel döyüşlərindəki qələbə sayəsində 23 illik fasilədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əhalisi doğma torpaqlarına qayıtdı. Kənd bərpa olundu, orada abadlıq işləri aparıldı.

Aprel döyüşləri bir qəhrəmanlıq salnaməsidir. Bu salnamə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkili, vətəndaş hazırlığı baxımından olduqca əhəmiyyətlidir.

2016-cı ilin 2-5 aprel aralığında Qarabağ cəbhəsində torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz, qəhrəmanlıq göstərən döyüşçülərimiz Azərbaycan gənclərinə vətənpərvərlik,  fədakarlıq, məğlubedilməzlik nümunəsi göstərdilər.

Məhz bu döyüşlər sayəsində Azərbaycanın əsgər və zabitləri işğalçı Ermənistan rəhbərliyinin uzun illər öz ordusu haqqında formalaşdırdığı mifi darmadağın etdilər.

Təsadüfi deyil ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev də aprel döyüşlərinin hərbi dərsliklərə salınmalı olduğunu bildirib.

Aprel döyüşlərində Azərbaycan Ordusu da onlarla şəhid verdi, xeyli əsgər və zabitimiz yaralandı. Onlar ruhən bizlərlə bir olacaq, daim bizim xatirəmizdə əziz tutulacaq”.

Parlamentin Gənclər və İdman Komitəsinin sədri deyib ki, bugünkü təbliğatımızı elə qurmalıyıq ki, yeniyetmə və gənclərdə vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhu, düşmə­nə isə ni­frət hissləri güclənsin, möhkəmlənsin.

“Biz ailədə dili yenicə söz tutmağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza şəhidlərimizin nə üçün öldüyünü, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, torpağın ana qədər doğma sayıldığını anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları heç vaxt yaddan çıxara bilməsinlər. Bu məsələdə müsbət nəticəyə nail olunması üçün Aprel döyüşlərini daim təbliğ etməliyik”.