Aybəniz Haşımova Elinanın vəfatından yazdı: “Əgər bu adam mənim tanıdığım Xalidə Bayramovadırsa…”backend

Aybəniz Haşımova Elinanın vəfatından yazdı: “Əgər bu adam mənim tanıdığım Xalidə Bayramovadırsa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Əməkdar artisti, tanınmış sənətçi Aybəniz Haşımova özünün “Facebook” hesabında Bakıda 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı hadisəsi ilə bağlı fikirlərini açıqlayıb. Editor.az A.Haşımovanın statusunu olduğunu kimi təqdim edir:

“Əziz dostlar, necə gündür ki, mediada, sosial şəbəkələrdə 162 saylı orta məktəbdə həyatın itirən 14 yaşlı məsum Elina Hacıyevanın hadisəsi ilə bağlı yayılan xəbərlər məni rahat buraxmır. Bir ana, bir qadın olaraq o qədər üzgünəm ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. Günahsız, həyatının ən gözəl illərini yaşamaq istəyən, arzuları bitməyən bir körpə balamızın belə faciəvi şəkildə vəfatı insan olan hərkəsin qəlbini parçalayır. Əminəm ki, hadisədə günahı olan, Elinanı intihar həddinə çatdıran hərkəs qanunlar qarşısında ən ağır formada cavab verməlidir. Hadisə baş verən gündən tələbələrimlə hər gün bu haqda danışır və bu məsələni özüm üçün aydınlaşdırmağa çalışıram. Gəldiyim qənaətə görə sanki əsl günahkarları bir kənara qoyub, fikirləri başqa istiqamətə yönəltməyə çalışırlar.

Mən də sizə bir hadisə ilə bağlı danışmaq istəyirəm. Hələ bir neçə il əvvəl ATV-də Zaurun proqramında gördüyünüz bu körpələr ataları öldükdən sonra doğma anaları tərəfindən küçəyə atılmışdır. Mən də təsadüfən o proqramda iştirak etdiyim üçün hadisələrin canlı şahidi oldum və düşündüm ki, bu körpələri köməksiz vəziyyətdə buraxa bilmərəm. Verilişdən dərhal sonra kömək üçün hər zaman kimsəsiz və ehtiyacı olan uşaqlarla bağlı hər zaman əlindən gələni edən Səbail rayon İcra Hakimiyyəti Başçısının I müavini Xalidə Bayramovaya zəng etdim. Bu o Xalidə Bayramovadır ki, hazırda adı bu hadisələrdə hallanır və birbaşa vəzifəsi olmadığı halda bütün qurumları səfərbər edərək böyük çətinlik hesabına həmin 3 uşağı SOS Uşaq Kəndinə yerləşdirdi. Mənim və digər insanların müraciəti əsasında dəfələrlə onun tərəfindən belə köməkliklər göstərilib. İnternatlarda olan uşaqlarla elə səmimi münasibət qurub ki, onlar bir başa onun mobil telefonuna zəng edirlər.

Mən hazırda nə Xalidə Bayramovanı müdafiə etmək, nə də hüquqi məsələlərə qarışmaq istəyirəm. Ancaq əgər bu adam mənim 15 ildən artıqdır ki, xeyriyyə tədbirləri zamanı tanıdığım, əməllərini gördüyüm Xalidə Bayramovadırsa, mən onun heç vaxt bu məsələlərdə laqeydlik göstərəcəyinə, günahkar olduğuna inana bilmərəm. Əminəm ki, haqq öz yerini tapacaq..!”