backend

XİN: Azərbaycan həmsədrlərin xarici işlər nazirlərinin görüşü barədə təklifinə razılıq verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan həmsədrlərin xarici işlər nazirlərinin görüşü təklifinə razılığını və hazırlığını ifadə edib.
Bu barədə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev nazirlərin görüşü ilə bağlı məsələni şərh edərkən bildirib.
O qeyd edib ki, prezidentlər səviyyəsində Sankt-Peterburqda keçirilmiş görüşündən sonra verilmiş birgə bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycanın substantiv danışıqlar aparmalı olduğu təsbit olunub: “Bu xüsusda regiona son səfərlərindən sonra həmsədrlər nazirlər səviyyəsində görüş barədə təklif irəli sürdülər. Azərbaycan da bu təklifə razılığını və hazırlığını ifadə etdi. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz və qeyri-davamlı olan status kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazırdır”.
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyul ayında görüşünü keçirilə biləcəyini açıqlayıb.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.b
//APA