“Xalq Bank” vətəndaşı intihar həddinə çatdırıb …backend

“Xalq Bank” vətəndaşı intihar həddinə çatdırıb …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rövşən Cavad oğlu İsmayılov “Xalq bank”ın qanunsuzluqlarına etiraz olaraq intihar edəcəyini deyir. “Yeni Müsavat”a müraciət edən vətəndaş bildirir ki, 2013-cü ildə biznesinin inkişafı üçün “Xalq bank”dan 40 min manat ipoteka yolu ilə kredit götürüb: “Banka qrafik üzrə 8 min 570 manat ödədim.

Biznesimin inkişafı devalvasiya dövrünə düşdü, müflis oldum. ”Xalq bank” həmin dövrdə Nərimanov Rayon Məhkəməsinə müraciət etdi. Bankın iddiasına hakim Raqib Qurbanovun sədrliyi ilə baxıldı. Məhkəmə qərarını qohumlarımın köməkliyi nəticəsində icra edə bildim. 38 min 806 manat 5 qəpik “Xalq bank”a olan borcumu Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Elgiz Abduləzim oğlu Qəmbərova ödədim.

İcra məmuru pulu bankın kassasına tam şəkildə ödədi, bizə bu haqda qəbz verdi. 10-15 gün keçdikdən kreditin təminatı olan evimizin çıxarışını da qaytarıb verdilər. Bank pulun ödəndiyini evin çıxarışını girovdan azad edib qaytarmaqla təsdiq etmiş oldu”.

Vətəndaş deyir ki, bundan sonra bank yenidən eyni məbləği ondan almaq üçün hərəkətə keçib: “Baş verənlər mənim səhhətimə olduqca ağır təsir edib. Ailəliyəm, 2 övladım var, ürək-damar xəstəliyindən əziyyət çəkən insanam. Ailənin yeganə qazanc mənbəyi biznesim idi. Müflis oldum, ailəm ağır duruma düşdü. Bu tərəfdən də ”Xalq bank” eyni məbləği məndən 2-ci dəfə almağa çalışır, təmizlik kağızını vermir.

Hakim Raqib Qurbanov isə öz növbəsində çıxardığı qərarı ləğv edib, mənim həyatımı alt-üst edib. Bu günə qədər bir çox instansiyalara müraciət etmişəm. “Xalq bank”ın özbaşınalığı, mənə qanunsuz şəkildə əzab-əziyyət verməsi heç də yaxşı bitməyəcək. Bu günə qədər bankların qanunsuz iddialarına görə bir neçə insanlar həyatına son qoyub, bunlardan biridə mən ola bilərəm. Xahiş edirəm ki, “Xalq bank”ın mənə qarşı qanunsuzluqlarına qarşı tədbirlər görülsün”.

Vətəndaş redaksiyamıza təqdim etdiyi məhkəmə qərarları ilə də təsdiqlənir ki, o, banka borcunu qaytarıb. Belə bir halda bankı hansı əsasla vətəndaşdan eyni borcu 2-ci dəfə tələb etməsi anlaşılmır. “Xalq bank” rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.

//Bizimxeber.Az