Fərid Şahbazlı: “Bu gənclərdə ruh düşkünlüyü yaradırdı”backend

Fərid Şahbazlı: “Bu gənclərdə ruh düşkünlüyü yaradırdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İGİB sədri: “Gənclər Fondunun bu layihəsi son dövrlər gənclər siyasəti sahəsində atılan ən mühüm addımlardan biridir”

Günümüzdə gənclərin yaşadığı ən böyük problemlərdən biri də işsizlikdir. Gənclərin əksəriyyəti təcrübəsiz olduqlarına görə, əmək bazarından kənarda qalırlar. Xüsusilə də özəl sektorun əsas tələblərindən olan “təcrübə” tələbi gənclər üçün iş həyatına addım atmağa əngəl törədən faktorlardandır. Məsələnin aktuallığını nəzərə alan bəzi dövlət qurumları bu sahədə problemlərin həlli istiqamətində bir sıra addımlar atır. Qeyd edək ki, ölkə gənclərinin hərtərəfli inkişafı, üzləşdikləri problemlərin həll edilməsi, o cümlədən, onların layiqli məşğulluğunun təmin edilməsi ölkə başçısı cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Gənclər siyasəti haqqında Qanun və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda gənclərin məşğulluğunun artırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.

Bununla əlaqədar, Azərbaycan Gənclər Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə 29 yaşına qədər olan orta-ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin məzunları üçün Gənclərin Məşğulluğu Proqramına start verib. Layihə haqda məlumat verən Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Fatimə Ələkbərovanın sözlərinə görə, Gənclərin Məşğulluğu Proqramının məqsədi gənclərin uğurlu karyera planlaşdırmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, iş üçün müraciət edən gəncin ilk iş təcrübəsi qazanmasına, əmək bazarında rəqabətin artırılmasına dəstək verməkdir.

Həyata keçirilməsi planlaşdırılan layihənin gənclərin iş həyatına necə müsbət təsir edəcəyini, hansı üstünlükləri olacağını öyrənməyə çalışdıq.

“İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı qeyd etdi ki, iki qurumun birgə həyata keçirdiyi bu layihə gənclər üçün çox mühüm və günün tələblərinə uyğun bir addımdır: “Hazırda gənclərin qarşılaşdığı ən ciddi problemlərdən biri işsizlikdir. Təəssüflər olsun ki, özəl sektorda fəaliyyət göstərən bir sıra şirkətlər təcrübəsi olmayan gəncləri işə götürməkdə maraqlı deyillər. Yəni düşünün ki, hansısa bir gənc universiteti yeni bitirib və ya sonuncu kursda oxuyur, kifayət qədər bilikli, potensiallı olmasına baxmayaraq, şirkətlər onları işə qəbul etməkdən imtina edirlər. Səbəb kimi də iş təcrübələrinin olmamağını göstərirlər. Gənclər Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu layihəsi son dövrlər gənclər siyasəti sahəsində atılan ən mühüm və əhəmiyyətli addımlardan biridir.

Bu, həqiqətən ölkə gənclərinin işlə bağlı probleminin həllinə yardım edəcək. Məndə olan məlumata görə, özəl şirkətlərdə ilkin olaraq 80-ə yaxın vakansiya var və bu say genişlənməkdədir. Bu layihə işsiz gənclərin sayının azalmasına, onların əmək bazarına daxil olmalarına, öz bilik və bacarıqlarını nümayiş etdirməsinə vəsilə olacaq.

Digər tərəfdən, bu, gənclərdə müsbət istiqamətdə psixoloji-mənəvi dəyişikliyə səbəb olacaq. Çünki gənclər hər dəfə hansısa şirkətə iş üçün müraciət edəndə iş təcrübələri olmadığı üçün “yox” cavabı onları məyus edirdi, ruh düşkünlüyü yaradırdı. Amma bu layihədən sonra situasiya tamam fərqli olacaq. Əmək haqqının bir hissəsinin də Fond tərəfindən qarşılanması olduqca təqdirəlayiqdir”.

//”Kaspi” qəzeti