Səbuhi Əliyev: “Hüquq islahatları iqtisadi imkanların artmasına da təkan verəcək”backend

Səbuhi Əliyev: “Hüquq islahatları iqtisadi imkanların artmasına da təkan verəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hüquq islahatları, xüsusilə də məhkəmə-hüquq sahəsində təkmilləşmənin həyata keçirilməsi barədə tədbirlər günün ən aktual məsələlərindən biridir. Bu islahatların cəmiyyətə verəcəyi dəyərlər, ədalət mühakiməsinin təsir imkanlarının artırılması ilə hüquqların əlverişli təmin edilməsi əsas müzakirə mövzularındandır”.

Bu sözləri Editor.az-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, ekspert Səbuhi Əliyev deyib. O bildirib ki, bu islahatlar bütün sahələrə müsbət təsirini göstərməklə, iqtisadi imkanların artmasına da təkan verəcək: ” Ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq hüquq islahatının aparılmasına müstəqillik əldə olunduqdan sonra başlanılmışdır. Uzun illər ölkəmiz SSRİ-nin tərkibində olduğu üçün hüquq münasibətləri, bu münasibətləri formalaşdıran normativ hüquqi baza məhz dönəmin tələblərinə uyğun inzibati idarəetmə prinsipləri əsasında müəyyənləşdirilmişdir.
İslahatın ilk mərhələsində, bərqərar olunan demokratik, tərəflərin bərabərliyi, azad iqtisadi münasibətlərə uyğun yeni normativ hüquqi bazanın yaradılması vacib idi ki, hazırda ölkə konstitusiyasına uyğun olaraq yeni ictimai, iqtisadi, sosial formasiyaya uyğun normativ hüquqi baza formalaşdırılmış, məcəllələşdirilmiş və digər sahəvi qanunlar qəbul edilmişdir. Yaradılmış bazada iqtisadi münasibətlərin formalaşmasına, bu münasibətlərin qorunmasına dair geniş normalar müəyyən edilmişdir.
Şübhəsiz, iqtisadiyyatımız özəl sektorun inkişaf etdirilməsinə, iqtisadi münasibətlərin dərinləşməsinə və şəffaf münasibətlər üzərində qurulmasına bağlıdır ki, bu prosesin hüquqi əsaslarının effektiv müəyyən edilməsi olduqca zəruridir. Bu zərurətdən irəli gələn məsələlərin təmin edilməsi hüquq islahatlarının köməyi ilə həyata keçirilir”.

S.Əliyev bildirib ki, hüquq islahatlarının iqtisadi münasibətlərə təsiri genişdir. O qeyd ki, dövlət hüquq normalarını təkmilləşdirməsi və tətbiqi yolu ilə iqtisadi proseslərə təsir edir, iqtisadi münasibət iştirakçılarının hüquq və mənafelərinin qorunmasını təmin edir, sahibkarlığa yaradılan iqtisadi imkanları hüquqi əsaslar və yollarla tətbiqini, eləcə də iqtisadi dövriyyədə nizam-intizamı təmin edir:

“Hüquqi mexanizmlərin köməyi ilə iqtisadi münasibət subyektlərinin hüquqi statusu, onların fəaliyyəti, yerli və xarici əlaqələri, inzibati orqanlarla münasibəti və s. formalaşdırılır. Bu mənada əminliklə deyə bilərik ki, aparılan hüquq islahatları cəmiyyətimizi əhatə edən bütün sahələrə, xüsusilə də iqtisadi və sosial münasibətlərə təsir etməklə, bu sahədə olan imkanları daha da artıracaqdır.
Ölkəmizdə genişlənən və formalaşan yeni iqtisadi, sosial və cəmiyyətimizi əhatə edən digər münasibətlərin tənzimlənməsi üçün mövcud hüquq islahatlarının davam etdirilməsi və təkmilləşdirilməsi həyata keçirilir. Məhz Cənab Prezident İlham Əliyev tərəfindən bir müddət öncə hüquq sahəsində islahatların daha da genişlənəcəyi anonsunun verilməsi və 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanını imzalaması, aparılan iqtisadi, sosial islahatların hüquq islahatları ilə davam etdirilməsini təmin etdi.
Ölkədə insanların hüquq və azadlıqlarının qorunması, iqtisadi münasibət subyektlərinin hüquqlarının keyfiyyətli təmini, xarici investisiyanın müdafiə edilməsi üçün məhz hüquq islahatının əsas tərkib hissəsi olan məhkəmə-hüquq sahəsində islahatların aparılması olduqca zəruri və təqdirəlayiqdir. İstər peşəkar personalın təmin olunması, istər maddi texniki bazanın təkmilləşdirilməsi, istərsə də sistemdə yeni institutların formalaşdırılması yolu ilə ədalət mühakiməsinin nüfuzunun qaldırılmasına dəstək verilməsi, baş verən qanun pozuntularının aradan qaldırılmasına, pozulmuş hüquqların vaxtında və səmərəli şəkildə bərpa edilməsinə, ciddi nizam-intizama şərait yaradacaqdır”.

Ekspert əlavə edib ki, aparılan hüquq islahatları çərçivəsində hüquqi maariflənmənin gücləndirilməsi, insanların hüquqi biliklərinin artması da vacib məsələdir. Bu eyni zamanda ona görə vacibdir ki, subyektlər hansı hüquqlara malik olduqlarını və bu hüquqlar çərçivəsində hansı imkanlardan istifadə edə biləcəklərini düzgün bilməlidirlər.

//Editor.az