AGİH sədri: “Ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün əlimizdən gələni edirik”backend

AGİH sədri: “Ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün əlimizdən gələni edirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Gənclərinin İstanbul Hərəkatının(AGİH) sədri Rəşad Rzanın Editor.az-a müsahibəsi

-Artıq bir müddətdir ki, İstanbulda təhsil alan və yaşayan gənclərin iştirakı ilə AGİH-i qurmusunuz. Təşkilatın qurulması ideyası hansı zərurətdən yarandı?

– Qeyd etmək istəyirəm ki, AGİH təşkilat deyil, bir milli hərəkatdır. Azərbaycan Gənclərinin İstanbul Hərəkatı kimi açıqlanır. Bildiyiniz kimi uzun illərdir İstanbulda yaşayan və təhsil alan Azərbaycan gənclərini bir araya gətirmək çox böyük çətinlik yaradırdı. Son üç ildə apardığımız fərdi və kütləvi söhbətlər nəticəsində, şükürlər olsun ki Azərbaycan gənclərini milli şüur altında birləşdirə bildik. Hal hazırda AGİH-in 300-dən çox fəalı var.
Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması üçün biz gənclərin də üzərinə müəyyən vəzifələr düşür. Biz də ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün əlimizdən gələni edirik.

-AGİH fəaliyyətdə olduğu müddətdə hansı layihələrlə yadda qalıb?

-AGİH-in qarşısına qoyduğu məqsədlərin başında Azərbaycan Respublikasının milli maraqlarının müdafiə edilməsi gəlir. Bu baxımdan AGİH öz fəaliyyətinə əsasən razılaşdırılmış yürüş və dinc etiraz aksiyaları ilə başladı. 2018-ci ilin fevralın 26-da İstanbulun Taksim meydanında “Xocalıya Ədalət” kampaniyası çərçivəsində yürüş təşkil etdik və erməni terroriziminə etirazımızı bildirdik. Ümumiyyətlə, hər il hüzn günlərimiz olan 20 Yanvar faciəsini, 26 fevral Xocalı soyqırımını, 31 mart soyqrımını və bayram günlərimiz olan 31 dekabr Həmrəylik gününü, 21 mart Novruz Bayramı ilə əlaqədar tədbirlər təşkil edirik. Türkiyədə 18 mindən çox tələbəmizin təhsil almasını nəzərə alaraq, universitetlərdə milli vətənpərvərlik mövzusunda konfranslar keçirir və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli işlər görməyə çalışırıq. Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirik.

– 24 Aprel qondarma erməni soyqırımının növbəti ildönümüdür. AGİH erməni yalanlarına qarşı mübarizə və erməni terroriziminin ifşa olunması işində hansı addımlar atır?

– Qondarma erməni məsələsi və erməni terror fəaliyyətləri İstanbulda başladığından bu məsələ burda da bitməlidir. Bunun üçün də AGİH erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır. Biz vətəndaş cəmiyyəti təsisatı olaraq, mübarizəmizi əsasən maarifləndirici təbliğat yolu ilə aparırıq. Universitetlərdə, dərnəklərdə və televiziyalarda çıxış edərək erməni terrorizminin kökünü, mahiyətini və yaranma səbəblərini Türkiyə ictimayətinin diqqətinə çatdırırıq. Azərbaycan Respublikası ilə qardaş Türkiyə Cumhuriyyətinin bu istiqamətdə birlikdə fəaliyyət göstərməsinin əhəmiyyətini dərk edir, hər iki ölkə gənclərini Xocalı soyqrımı və ermənilərin etdikləri vəhşilikləri planlı şəkildə dünya ictimaiyyətinə çatdırılması işinə çağırırıq. Ümid edirik ki, fəaliyyətlərimiz millətimizə və ümumən insanlığa faydalı olacaqdır.

//Editor.az