Əcnəbi göydə balonlarda gəzir, bizim Ceyhun Bayramov isə… – Təhsil Nazirliyinin yarıtmaz siyasətinin qurbanı olan övladlarımızın günahı nədir…backend

Əcnəbi göydə balonlarda gəzir, bizim Ceyhun Bayramov isə… – Təhsil Nazirliyinin yarıtmaz siyasətinin qurbanı olan övladlarımızın günahı nədir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil eksperti Zabul Əhmədov: “Orta məktəbdə keçirilən imtahanlar şagirdlərin psixoloji cəhətdən inkişafına böyük ziyan vurur”

“İmtahan həyəcandır, stresdir, bunlar isə uşaqların psixoloji durumunu, sinir sistemini pozur”

Məlum olduğu kimi, inkişaf etmiş ölkələrdə orta məktəblərdə imtahanların sayı çox azdır. Avropanın bir çox ölkələrində isə orta məktəblərdə buraxılış imtahanları ümumiyyətlə ləğv edilib və məzunlar nüfuzlu Harvard, Oksford, Kembric və s. kimi məşhur universitetlərə orta məktəb attestatı olmadan belə, daxil olmaq hüququna malikdirlər. Sadəcə, biliyinə güvənən şəxs imtahan verib, həmin ali təhsil ocaqlarının tələbəsi olur.

Bu yaxınlarda qonşu Gürcüstan dövləti də bu təcrübədən yararlanmaq qərarına gəlib və orta məktəblərdə buraxılış imtahanlarının ləğvi məsələsi ölkə parlamenti tərəfindən təsdiq edilib. Bunun ən başlıca səbəbi isə psixikası hələ tam formalaşmayan yeniyetmələri həyəcan və stessdən qorumaqdır.

Azərbaycanda isə nəinki 11-ci, hətta 9-cu sinif şagirdləri də sinifdən-sinfə keçmək üçün buraxılış imtahanları səviyyəsində sınaqlardan keçməli olur. Özü də bu il imtahanlar iki mərhələdə keçirilir. İmtahanların birinci mərhələsi martın 10-da gerçəkləşib.

Qeyd edək ki, buraxılış imtahanının birinci mərhələsində şagirdlərə ana dili fənnindən 10 açıq və 10 qapalı, riyaziyyat fənnindən 10 açıq, xarici dil fənnindən 9 qapalı və 6 açıq tipli tapşırıq olmaqla ümumilikdə 45 tapşırıq təqdim olunurb. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0, frac{1}{3}, frac{1}{2}, frac{2}{3} və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir.

Ölkə başçısı daim Avropaya yaxınlaşma siyasəti yürütsə də, əksər sahələrdə, eləcə də təhsil sahəsində yerimizdə sayırıq. Təhsil Nazirinin tez-tez dəyişən, bir-birinə zidd qərarları həm müəllimləri, həm də valideynləri çaş-baş qoyur. Bu dekonstruktiv qərar və sərəncamlardan ən çox zərər çəkən isə övladlarımız olur, sinir sistemi, psixoloji durumu zərbə altında qalan, imtahan nəticələrinin aşağı olduğu üçün canına qəsd edən yeniyetmələrin sayı durmadan artır, amma nədənsə bunun qarşısını almaq üçün heç bir əməli tədbir görülmür.

“Buraxılış və qəbul imtahanları vahid bir sistemə keçməli idi, amma sonradan başqa ölkələrin təcrübəsini öyrənməyə başladılar və fikirlər dəyişdi”

 

Təhsil eksperti, əməkdar müəllim Zabul Əhmədov sözügedən mövzu ilə bağlı “Hürriyyət”ə bunları söylədi:

“Mən hazırda fizika-riyaziyyat təmayüllü liseydə işləyirəm. 9-cu siniflərə də dərs deyirəm. Onlar artıq keçid imtahanlarının 1-ci mərhələsini arxada qoyub, ikinci mərhələyə hazırlaşırlar, fənn seçimi üçün də qruplaşma gedir.

Ümumiyyətlə, imtahan şagirdin bilik səviyyəsinin meyarıdır. Misal üçün, biz 2006-2007-ci illərdə, təhsil islahatının 1-ci mərhələsində, təcrübə mübadiləsi etmək məqsədi ilə Litvada olduq. Orda buraxılış və qəbul imtahanları eyni vaxtda verilir.

Əslində əvvəllər bizdə də plan belə idi. Buraxılış və qəbul imtahanları vahid bir sistemə keçməli idi. Amma sonradan başqa ölkələrin təcrübəsini öyrənməyə başladılar və fikirlər dəyişdi.

“Bizdə həqiqətən imtahanların sayı çoxdur. Bunları sistemləşdirməyə ehtiyac var”

Bilirsiniz ki, bizim ölkədə ali təhsilə böyük önəm verilir. Təbii ki, təhsil almaq istəyənlərin hamısını ali məktəblərə qəbul etmək olar, amma sonra onların bilik səviyyəsi nə ilə ölçüləcək?

Bizdə həqiqətən imtahanların sayı çoxdur. Orta məktəbi bitirəndə imtahan, ali məkrtəbə daxil olmaq və bitirmək üçün imtahan, üstəlik yuxarı siniflərdə sinifdən sinfə keçmək üçün imtahan – bunları sistemləşdirməyə ehtiyac var.

Mənim fikrimcə, buraxılış və qəbul imtahanları bir yerdə verilməlidir. Bir də əgər vətəndaş diplom müdafiə edib universiteti birtirirsə, işə qəbul üçün imtahan verməməlidir, sadəcə müsabiqədən keçməli, yaxud bir sıra inkişaf etmiş dünya dövlətlərində olduğu kimi, söhbət əsnasında onun intellektual səviyyəsi, qərar qəbul etmək bacarığı, məntiqi təfəkkürü müəyyən edilə bilər.

“Nəzəri biliklər heç də insanın intellektual səviyyəsinin göstəricisi deyil”

Ümumiyyətlə, narazı qaldığım hallar çoxdur. Ən çox da imtahanların çoxluğundan narazıyam. Onu da deyim ki, nəzəri biliklər heç də insanın intellektual səviyyəsinin göstəricisi deyil, bu yolla onun gələcəkdə yaxşı mütəxəssis olub-olmayacağını müəyyən etmək olmaz.

Hər kəsə məlumdur ki, bilik, bacarıq, vərdiş, səriştə ayrı-ayrı anlayışlardır. Sadəcə müəyyən qədər informasiyanı öyrənib mənimsəyən bir şəxsin gələcəkdə yaxşı mütəxəssis olacağını proqnozlaşdırmaq mümkün deyil. İnsan özündə səriştə formalaşdırmalıdır. Təbii ki, burda biliyin də öz yeri və rolu var, amma zənnimcə, sırf testlərdən uğurla keçmək hər şeyi həll etmir.

İmtahanlarla bağlı bir məsələni xüsusilə vurğulamaq istərdim. Orta məktəbdə keçirilən imtahanlar şagirdlərin psixoloji cəhətdən inkişafına böyük ziyan vurur. Çünki imtahan həyəcandır, stressdir, bunlar isə uşaqların psixoloji durumunu, sinir sistemini pozur, onları əsəbi, aqressiv edir, ya da özünə qapanmalarına səbəb olur. Bu gün əksər uşaqlarda, yeniyetmələrdə bu kimi halları müşahidə etmək olar, özü də bunu görmək üçün müəllim, yaxud həkim olmağa ehtiyac yoxdur”.

Hurriyyet.org