İqtisad Universitetində ciddi qarşıdurma-Rektora ağır ittihamlarbackend

İqtisad Universitetində ciddi qarşıdurma-Rektora ağır ittihamlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti ölkənin ən korrupsiyalaşmış təhsil ocağı imicini inadla qorumaqdadır. Universitetə rektor təyin olunan Ədalət Muradov bu birinciliyi qorumaq üçün əlindən gələni əsirgəmir. Universitetdəki qaynaqların verdikləri xəbərlərdə bildirilir ki, rektorluğunun ilk aylarında apardığı “islahatlar”a görə Ədalət Muradov haqqında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İradəsinə dosye göndərilib. Ancaq hansısa gizli əl bugünə qədər onu qorumaqda davam edir.

Professor-müəllim heyətini rektordan incik salan əsas məqam tədris prosesində müəllim nüfuzunun yerlə bir edilməsidir. Universitetdə çalışanlar bildirir ki, Ədalət Muradovun yaratdığı yeni münasibətlər sistemində tələbə müəllimdən öndədir. Universitetdə tələbələrin müəllimləri qiymətləndirməsi sistemi yaradılıb. Tələbələr bütün fənlər üzrə müəllimlərinə 10 “fakt” üzrə qiymət verir – necə dərs keçir, davamiyyəti necədir, tələbə ilə necə davranır, tələbkardırmı, tələbəni həddən artıq yükləyirmi və s. Müəllimlər bildirir ki, sistem tətbiq olunandan sonra tələbələrlə davamlı gərginlik yaşayırlar – tələbələr mühazirələri yazmır, müəllim mühazirə dəftəri tələb edəndə “üstümüzə çox gələrsiz, sizə aşağı bal yazarıq” deyib açıq hədə-qorxu gəlirlər. Tələbədən yaxşı bal almaq isə müəllimlər üçün çox vacibdir. Rektorun tətbiq etdiyi daha bir qaydaya görə aşağı bal alan müəllimlərə elmi ad və dərəcələrin verilməsi yubadılır.

İlk baxışda sistem tədris prosesində müəllimin şəriksiz hegemonluğuna son qoyulması, müəllim-tələbə münasibətlərində qarşılıqlı məsuliyyət ortamının yaradılması kimi görünə bilər. Ancaq faktlar göstərir ki, Ədalət Muradovun yeni “elmi ixtirası” müəllimlər kimi tələbələr üçün də əsl tələdir. Artıq tətbiqinin ikinci ilində bir neçə tələbə müəllimlərə aşağı bal verdiyi üçün universitetdən qovulmaq təhlükəsi ilə üzləşib… Rektorun tapşırıqlarını şərtsiz yerinə yetirən dekanlar müəllimlərə aşağı qiymət yazan tələbələrlə “ikialan” müəllimlər arasında gərginlik yaradır, sonucda tələbəyə elan edilir – davranışına görə universitetdən xaric olunursan. Əsl həngamə də bundan sonra başlanır…

Dərhal dövriyyəyə valideynlər, dekanlarla onların arasındakı vasitəçilər girir. Uzun-uzadı danışıqlar, get-gəllər, yalvar-yaxarlardan sonra dekanlar daha yuxarılarla ciddi rəqəmlərlə ifadə olunan anlaşma əldə etməyə razılıq verirlər. Sonda valideyni ciddi xərcə düşən asi tələbə universitetdə saxlanır.
Bu sistemin müəllimlər üçün ən ağrıdıcı məqamı illərlə universitetdə dərs deyən nüfuzlu alimlərin birinci kurs tələbələrinin yazdıqları ballara görə Elmi Şurada və rektorun iştirakı ilə keçirilən digər toplantılarda aşağılanmasıdır. Belə sayğısız münasibətlə hətta ölkənin ən nüfuzlu iqtisadçı alimlərindən biri professor Əli Əlirzayev da qarşılaşmışdı. Rektor professor-müəllim heyətinin qarşısında Ə.Əlirzayevi 100 ilin metodları ilə dərs deməkdə, tələbələrə hələ də konspekt yazdırmaqda ittiham edib, onu keçmişin qalığı adlandırıb, köhnələrlə işləməkdən yorulduğunu demişdi. Ədalət Muradovun çox hörmətsiz davranışı qarşısında Əli Əlirzayev susmağa üstünlük verib.

Milli Məclisin keçmiş üzvü və Azərbaycanın ən sayılan iqtisadçı alimlərindən olan Əli Əlirzayev İqtisad Universitetində böyük nüfuz sahibidir. Bu gün ali məktəbdə onun yetişdirdiyi onlarla alim dərs deyir. Professor Əlirzayev İqtisad Universitetində korrupsiyaya bulaşmamış barmaqla sayılacaq qədər az müəllimlərdəndir. Heç zaman tələbənin cibinə göz dikməyən bir şəxsə rektorun belə münasibətini pedaqoji kollektiv də narazılıqla qarşılayıb. Artıq universitetdə hər kəsə bəllidir ki, ölkənin nüfuzlu aliminə “gerilikçi” demək cəsarətində bulunan rektor digərləri ilə daha pis formada davrana bilər.
Yeni rektorun köhnənin qalığı adlandırdığı metodların bəziləri əslində tədris prosesinin ayrılmaz hissəsidir və pedaqoji fəaliyyətlə məşğul olan hər kəsə bəllidir ki, bunlarsız dərs keçmək prosesə qeyri-ciddi yanaşmaqdır.
Məsələn, rektor müəllimlərdən tələb edir ki, onlar dərsə heç bir dərs vəsaiti olmadan gəlsinlər, indiyə qədər istifadə etdikləri konspektlərdən imtina etsinlər. Rektor tədris ilinin başlanğıcında bildirib ki, dərsə konspektlə gələn müəllimlə bağlı tədbir görüləcək. Pedaqoqlar qərarı absurd saysalar da onun icrasına məcburdurlar, çünki əks halda yuxarıda dediyimiz tələbə nəzarəti mexanizmi işə düşərək onları rektorun zərbəsi altında qoya bilər.

“Yenilikçi” rektor müəllimlərdən tələb edir ki, yeni yaradılan elektron tədris vəsaitlərindən istifadə etsinlər. Əldə etdiyimiz informasiyaya görə, universitet elektron vəsaitlərin hazırlanması üçün böyük qrantlar alıb. Ancaq iş çox keyfiyyətsiz görülüb. Üstəlik müəllimlərə onlardan istifadə qaydaları haqqında heç bir treninq keçilməyib. Mərkəzləşdirilmiş sistem tez-tez donur və bu, dərsdə əlavə problemlər yaradır. Müəllimlər bildirir ki, hər dərsin ilk 15-20 dəqiqəsi kompüterlərin yüklənməsi, tədris vəsaitinin açılması, “donan” səhifənin işə düşəcəyini gözləməklə keçir. Elektronlaşdırılan yalnız dərs vəsaitləri deyil. Artıq jurnal sistemi də bu yenilikdən nəsibini alıb. İlk baxışdan dəyişiklik müsbət tendensiya kimi görünsə də onun hansı məqsəd üçün istifadə edilməsi haqqında xəbərlər müsbət illüziyanı dağıdır – zaçot-imtahan dönəmində yüksək qiymət üçün sistemdə tələbələrin qayibləri silinir, aldıqları ballar artırılır.

Bizimdovr.az-a məlumat verən İqtisad Universitetindəki mənbə iddia edr ki, Ədalət Muradov rektorluğa başlayan gündən universitetdə rüşvətin miqyası genişlənib. Yeni korrupsiya və rüşvət ocaqları yaradılıb, bu sahədə xeyli “irəliləyiş” əldə olunub. Mənbə deyir ki, ən böyük rüşvət köçürmələr və kəsirlər zamanı alınır. Universitetin Dərbənd filialından köçürmənin qiyməti haqqında fantastik rəqəmlər səsləndirilir – 50 min manat. Universitetlərarası köçürmələr qadağan edilsə də bir neçə “şanslı” universitetə, o sıradan İqtisad Universitetinə öz filiallarından tələbə köçürmək səlahiyyəti verilib. Ədalət Muradov bu imkandan məharətlə yararlanır. TQDK imtahanlarında aşağı bal toplayanlar öncə ADİU-nin Dərbənd filialına yerləşdirilir. Sözsüz ki, bu, hər abituriyentə qismət olmur… Öncəlik valideynləri 1 il sonrakı köçürmə üçün ciddi məbləğ təklif edənlərə tanınır. 1 il əli cibində gəzən tələbə 2-ci il universitetdə peyda olur. Ədalət Muradova qədər köçürülən tələbələr ayrıca qrupda təhsil alıb. İndi isə onlar digər qrupların içərisində “əridilir”. Məqsəd aydındır… Aşağı bal yığan tələbələrdən formalaşdırılan qruplarda imtahan nəticələri də bərbad olur. Bu zaman onların fərq imtahanlarını necə vermələri haqqında çoxlu suallar yaranır. Yeni rektor ehtimal olunan yoxlamalar zamanı belə suallarla üzləşməmək üçün “göz bəbəyi” köçürmə tələbələri digər qruplara bölür ki, onların aşağı nəticələri ümumi fonda nəzərə çarpmasın. Universitetlə bağlı “şad” xəbərlərdən biri də odur ki, yaxınlarda Zaqatala filialı da Azərbaycan təhsilinə öz “töhfə”lərini verməyə başlayacaq.

Kəsirlərin düzəldilməsi üçün isə tələbələrdən 3-7 min manat tələb olunduğu bildirilir. Sonrakı yerləri magistr, diplom işləri tutur 1500-2000 manat.

Rektorun Azərbaycan iqtisad elminə daha bir “töhfəsi” universiteti Muradovların təsərrüfat subyektinə çevirməsidir. Bu haqda da ADİU-dəki mənbə bildirib. Mənbənin iddiasına görə, bu gün Azərbaycan Dövlət İqtisad Universitetində rektor Ədalət Muradovla qohumluq əlaqəsi olan 40-a yaxın şəxs çalışır. Mənbə bildirib: “Onun heç bir pedaqoji təcrübəsi olmayan qohum-qardaşı uzun illər universitetdə dərs deyən müəllimlərin başı üzərindən adladılaraq önəmli postlara çəkilir. Bu şəxslərə elmi adlar və vəzifələr də səxavətlə paylanır. Effektiv ailə iş üsulu nəticəsində auditoriyaya cəmi 1-2 semestr daxil olan qohumlar baş müəllim, fəlsəfə doktoru titul və vəzifələri ilə ödülləndirilir. Heç şübhəsiz, bu durum illərlə dərs deyib müəllimlikdən baş müəllimliyə, baş müəllimlikdən dosentiyə yüksələ bilməyənlərdə qıcıq yaradır. Rektorun isə belə narazılıqlar eyninə deyil. İndi onun əsas qayğısı qış semestr imtahanlarından gözlənilən nəticəni – nəzərində tutulan məbləği toplamaqdır”.

İqtisad Universitetindəki mənbə daha sonra deyib ki, universitetdəki acınacaqlı durum haqqında müxtəlif kanallar vasitəsilə Təhsil Nazirliyinə və digər rəsmi qurumlara xeyli sayda şikayət çatdırılıb: “Hələlik nəticə yoxdur – Ədalət Muradov hələlik öz biznes imperiyası kimi baxdığı İqtisad Universitetində at oynatmaqda davam edir”.

Universitetdəki məlumatlı mənbə sonda bunları söyləyib: “Bu gün baş verənlər təhsil problemi kimi görünə bilər. Ancaq məsələ daha dərindir. Söhbət gələcəkdə ölkə iqtisadiyyatını idarə edəcək kadrların hazırlandığı ali təhsil ocağından gedir. Bu cür xətalı tədris prosesi və mənəvi aşınma mühitində savadlı kadr yetişdirilməsi böyük sual altındadır. Azərbaycan iqtisadiyyatının perspektivləri belə bir müəssisədə təhsil alan kadrlardan asılı olacaqsa, indidən milli valyutanın uzun illər “sudan çıxmayacağını” proqnozlaşdırmaq çətin deyil”.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

//Bizimdovr.com