“Meydan”dan qaçan Emin Milli: səbəb və nəticələrbackend

“Meydan”dan qaçan Emin Milli: səbəb və nəticələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meydan TV”nin rəhbəri Emin Milli istefa verib.

Bu barədə o, yaydığı bəyanatda bildirib:

“Bu illər ərzində bizi və məni dəstəkləyən hər kəsə bir daha səmimi olaraq təşəkkür edirəm! Bizi bir çox çıxılmaz vəziyyətlərdən çıxarda bildiz. Bundan sonra işsiz olacam, iş axtaracam və düşünəcəm ki, Azərbaycan üçün, xalqımız üçün, cəmiyyətimiz üçün necə faydalı ola bilərəm. Bu dünyada harda işə düzələcəyimdən və ya hansı yeni iş/layihə quracağımdan asılı olmayaraq hər zaman olduğu kimi Azərbaycana, xalqıma, dövlətimə xidmət edəcəm. İdman, yoqa və meditasiya ilə də hərdən məşğul olacam. Sizə də məsləhət görürəm”.

E.Milli bunu bir postda uzun müddət qalmağı düzgün saymadığını bildirib. O, bundan sonra iş axtaracağını, yaxud yeni bir layihə üzərində çalışacağını qeyd edib.

Qəhrəmanlar “inkubatoru”

Emin Millinin kövrək notlar üzərində köklənmiş vida yazısında bir məqam diqqətimi çəkdi.

“Bu layihə şəxsən mənim üçün çox böyük və qürurverici idarəçilik təcrübəsi oldu. Bu uğur ilk növbədə bizim cəsarətli jurnalistlərimizin, redaktorlarımızın, işçilərimizin zəhməti və verdikləri qurbanların hesabına mümkün olub. Adlarını çəkə bilməsəm də, bu bütün bizimlə işləyən qəhramanlarımızın uğurudur”.

“Meydan TV”ni Emin Milli tam azad, sərbəst, tərəfsiz və qərəzsiz media struturu kimi qələmə verməyə çalışır. Anlaşılandır və əksini gözləmək də absurd olardı: hər menecer öz layihəsini tərifləyir. Xüsusilə də o layihəni könüllülük pərdəsi ilə məruz qoyulduğu zorakı vidalalaşma mərasimində şərh etmək məcburiyyətində qalanda.

Bunları da anladıq.

Anlaşılmaz təsiri bağışlayan illərdən bəri Almaniyada yaşayan, Qərbin “xeyirxah” və “maarifləndirici”, Azərbaycanla bağlı neqativ istehsal edənlərə “şəfqət” bəsləyən strukturlarla çox sıx əlaqələrinə rəğmən, Emin Millinin hələ də jurnalistikanın nə olduğunu, daha doğrusu, nədər ibarət olduğunu dərk edə bilməməsidir.

O, artıq sabiq əməkdaşlarını “qəhrəman” sayır. Yəni, sən demə, “Meydan TV” bu illər ərzində “tam obyektiv və qərəzsiz” informasiyalar – çoxu dezinformasiya idi – yaymaqla yanaşı, qəhrəmanlar istehsalı ilə də məşğul olurmuş.

Obyektiv, dürüst məlumatlar vermək, qərəzsiz və arqumentli informasiyalar yaymaq qəhrəmanlıqdan daha çətindi. Belə çalışmaq projektorların işıqlarından kənarda qalan fəaliyyət olsa da, səhnədə baş rol ifa etməyə çalışmaqdan daha gərəkdi.

“Meydan TV” az qala hər məlumatına, tirajladığı hər informasiyaya “qəhrəmanlıq təzahürü” kimi baxırdı.

Bu sosial şəbəkə kanalınının auditoriyası da sürəkli “qəhrəmanlıq” gözləyirdi “Meydan”dan.

Qınayanda, yanlış yol tutduqlarını, bu minvalla medianın demokratiklik, peşəkarlıq və azadlıq prinsiplərinin kökünü qazımaqla məşğul olduqlarını deyəndə də sinirlənirdilər. Fikir və söz azadlığı, “hakimiyyətə qarşı mübarizə” və ilaxır barədə moizələr başlayırdı.

Halbuki jurnalistika qəhrəmanlığı və pafosu sevmir.

Jurnalistika faktlarla işdir – mentorluq və movetonluq yox.

Emin Milli həmişə dərs keçmək, ağıl öyrətmək, yol göstərmək, bu proseslərlə bahəm “Meydan TV-nin yaşaması, ayaqda qalması üçün” pul yığmaqla məşğuldu.

Onun Almaniyada aldığı qrantlar, “Azərbaycanda demokratik və tərəfsiz kütləvi informasiya vasitəsini ərsəyə gətirmək” adı ilə yüz minlərlə avronu kimlərdən alıb hansı işlərə sərf etməsini də bilirik.

Bu səbəbdən “qəhrəmanlıq” barədə bəyanatlar, yumşaq desəm, birmənalı təsir bağışlamır.

Dəqiq olsaq, ikiüzlülük və saxtakarlıq effekti yaradır.

“Azadlıq” radiosunda çalışdığı dönəmlərdə Mirzə Xəzər də eyni “qəhrəmanlıq” və pafos tələb edirdi əməkdaşlarından.

Belə fəaliyyət qarşı tərəfin mövqeyini gərəksiz sayır, özünü absolyut həqiqət qismində ehtiva edir.

“Meydan TV”-də də belədir.

Emin Milli və oradakı əməkdaşlar əfsuslar olsun ki, anlamadılar: yalnız yalançılar “ədalət”dən bəlağətlə, pafosla danışırlar. Yalnız fırıldaqçılar “problem”lərindən ya ağlamsınaraq, ya bağıraraq bəhs edirlər.

Gərçi şikayət normal araşdırılsaydı, bəlli olardı ki, şikayətçilərin tam əksəriyyətinin elə özü günahkarlardı.

Təsir, təzyiq və təşvişdəki Emin Milli

“Meydan TV” yaranandan bəri orada qalmaqallar, intriqalar, qarşıdurmalar olub. Gah Rəsul Quliyevin “adamı” kimi tanınan, xirtdəyədək çirkab içində olan, indisə sosial şəbəkələrdən xalqa əxlaq, iradə və mətinlik dərsi keçən xanım jurnalist layihə ilə üz tutub pul təklif edirdi, gah qrant məbləğlərinə görə mübahisələr qızışırdı, gah fəaliyyətin strategiya və taktikasına görə fikir ayrılıqları az qala düşmənçilik həddinə çatırdı, gah “Avropa ölkələrində yaşayan siyasi fəallar və müstəqil bloqer”lərlə işbirliyinin heç xoş olmayan təfərrüatları üzə çıxırdı.

Emin Milli bu problemləri həll etməyə çalışaraq özü problemlərinə əsrinə çevrilmişdi. O, mücərrəd mövqe tutmaqda da suçlanırdı.

Məsələn, sabiq səhiyyə naziri Əli İnsanov həbsdən çıxandan sonra Emin Millinin bəyanatı “Meydan TV”nin əsl sahiblərini və maliyyəçilərini çox qıcıqlandırmışdılar.

E.Millini kollaborasionizmdə, satqınlıqda və xəyanətdə suçlamışdılar.

Emin Milli kimi tanınan 39 yaşlı Emin Abdullayev “Meydan TV” rəhbərliyindən istefa verərək daimi yaşayış üçün ABŞ-a yollanacağını demişdi.

Ötən ilin oktyabrında səslənən bu açıqlama “Meydan TV”də maliyyə uğrunda mübarizədən xəbər verirdi.

Dolaşan iddialara görə, “Meydan TV”nin yeni rəhbəri postuna ən iddialı namizədlər iki nəfərdir: NİDA hərəkatının sabiq funksioneri Adnan Hacızadə və İstanbulda yaşayan, ermənilərin “Aqos” qəzeti ilə sıx əməkdaşlıq edən Arzu Qeybulla.

Emin Milli ABŞ-a yollanmaq istəyinin Prinston Universitetində təhsil almaq, habelə öz biznesini yaratmaq niyyəti ilə izah edib.

Fəqət, məsələ qələmə verildiyi kimi primitiv məcrada deyil.

Ötən ilin ortalarından etibarən Emin Milli internet telekanalının “ciddi maliyyə problemləri” ilə üzləşdiyini deyərək, sosial şəbəkələrdə “Meydan TV”yə yardım et” kampaniyasına başlamış, ianələr istəmişdi. 5 ABŞ dollarından başlayaraq 200 dollara çatan bu ianələrin hara, hansı hesaba yatırıldığı hələ də bəlli deyil.

Digər tərəfdən, “Meydan TV”nin əməkdaşları arasında 2018-ci ilin avqust ayından bəri maaş və qonorarlarla bağlı ciddi narazılıqlar var. Xüsusilə Azərbaycanda yaşayıb “Meydan TV” üçün çalışanlar qonorar məbləğlərinin sürəkli azalmasından şikayətlənirdilər.

Ötən ilin may ayında Helsinki komissiyası tərəfindən keçirilən dinləmələrdə iştirak edən “Meydan TV”nin rəhbəri Emin Milli buradakı çıxışında nəyinki Əli Kərimli və radikal müxalifət haqqında müsbət şey söyləyib, hətta onların fəaliyyətini tənqid edib.

Bu isə radikallar tərəfindən Emin Millinin qrantları təkbaşına yemək cəhdi kimi qiymətləndirilmişdi. AXCP-nin mətbuat katibi, hazırda Fransada yaşayan Natiq Ədilovun Facebook-da yazdığına görə, söhbət təxminən bir milyon dollar kimi məbləğdən gedir.

ABŞ-da yaşayan “müstəqil jurnalist və bloqer” Sevinc Osmanqızının “Meydan TV”dən aldığı qrantlarla bağlı açıqlama tələb etməsi “müstəqil jurnalist” Xədicə İsmayılın qəzəbinə səbəb olmuşdu.

Sevinc Osmanqızını Rəsul Quliyevin pullarını yeməkdə ittiham edən Xədicə İsmayıl onun küskünlüyünün səbəbinin “Meydan TV”yə rəhbər təyin edilməməsi olduğunu bildirib. Sonra tərəflər bir-birini qeyri-peşəkarlıqda ittiham edib və və “ruhi xəstə” adlandırıblar.

“Milli Şura” adlı marionet dərnəyinin “lider”i Cəmil Həsənli də hətta, ona və Əli Kərimliyə “Meydan TV”də qadağa qoyulduğunu demiş, sonra da Facebook səhifəsində yazmışdı: “Onlar yedikləri qrantları doğrultmur”.

Cavabında “Meydan TV” əməkdaşı Orxan Məmməd isə əvvəllər “ağsaqqal” olaraq qəbul etdikləri şəxsi təhqir etməkdən belə çəkinməmişdi. Bu azmış kimi bir sıra saxtakarlıqları da ifşa etmişdi. Sən demə, Cəmil Həsənli özü özündən müsahibə alıb “Meydan TV”yə göndərirmiş.

Pul davası, dəli, xəyanətkar…

Kanalın ənənəvi donorları sırasında, həmçinin “Haynrix Böll”, “Fridrix Nauman”, “Fridrix Ebert” (Almaniya), “Demokratiyaya dəstək” (ABŞ) fondları, “Free Press Unlimited”, “Sərhədsiz Reportyorlar”, “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi” (“OCCRP”), “People in Need”, habelə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Mərkəzi və Şərqi Avropada Şəffaflıq üçün Texnologiya” (“Technology for Transparency in Central and Eastern Europe”) təşkilatlarının adı çəkilir.

Emin Millinin son vaxtlar “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu” adlı idefiks qurumun rəhbəri Emin Hüseynovla sıx əməkdaşlıq etməsi də radikal müxalifətlə yanaşı, “Meydan TV”nin real, kölgədə durmağa üstünlük verən sahiblərini qıcıqlandırmışdı.

E.Hüseynov, eyni zamanda, E.Millinin çirkli təklifləri, ürəkbulandırıcı “iş birlikləri” barədə də məlumatlı olduğunu deyib. O, Avropada yaşayan bəzi mühacirlər barədə isə ad çəkmədən deyib ki, “siz strauslarsız, başınızı quma soxub, Emin Hüseynov barədə gic-gic danışırsız, intriqalar yayırsız”.

O, daha sonra yazmışdı: “Xədicə İsmaylın xəyanətkar olduğunu Emin Milliyə demişəm. Son görüşdə Emini kobud şəkildə pisləmişəm. Sonra yazırsız ki, Eminin psixoloji problemləri var. Sözünüz hamısı boş çıxıb. Dediklərimi faktlarla təkzib edə bilmirlər, deyirlər, Emin dəlidir, başqaları ilə yola getmirlər” .

… Emin Milli “Meydan TV”də artıq qala bilməzdi. Ona qarşı irəli sürülən ittihamların arasında “şizofren entel dantel” ifadəsinin yer almasını, həmin suçlamaların bir zamanlar “Meydan TV”də çalışmış adama məxsus olduğunu nəzərə alsaq, çıxış yollarının sayı çox azdı.

Emin Milli ya “Meydan TV”də qalaraq çox biabırçı “maraq savaşı”nı alovlandırmalı, ya da bəh-bəhlə təriflədiyi kanalı üzüsulu tərk edərək “yeni layihə”nin anonsunu verməli idi.

O, ikinci variantı daha məqbul, təhlükəsiz və sərfəli saydı.

“Meydan TV” isə bu gedişdən sonra da da radikallaşacaq, aqressivləşəcək.

Şübhəmiz olmasın…

//milli.az