Mağazada mübahisə edən gənc həmyerlisini kanala aparıb… – TƏFƏRRÜATbackend

Mağazada mübahisə edən gənc həmyerlisini kanala aparıb… – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayonunda adam bıçaqlamaqda təqsirli bilinən 1986-cı il təvəllüdlü İntiqam Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İntiqam Həsənov İmişli rayonu Yalavac kəndində yerləşən ərzaq mağazada həmkəndlisi Xəyal Xəlilovla mübahisə edib.

Xəyal Xəlilov mağazadan çıxmağı və aralı bir yerdə mübahisələrini davam etdirməyi təklif edib.

Onlar birlikdə mağazanı tərk ediblər, kənd ərazisindən keçən su kanalının yaxınlığına gəliblər. Xəyal Xəlilov İntiqam Həsənovun gözünə yumruqla zərbə vurub. Bundan əsəbləşən İntiqam Xəyalı yerə yıxaraq, qarın nahiyəsinə çoxsaylı bıçaq zərbələri endirib.

Xəyal Xəlilova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən İntiqam Həsənovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Mehdixan Abdullayevin sədrliyi ilə baş tutan iclasda baxılıb.

Məhkəmənin hökmü ilə İntiqam Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İntiqam Həsənov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

İntiqam Həsənovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Kamil Bəşirovun sədrlik etdiyi kollegiyada baxılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

İntiqam Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib. Ona 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

//teleqraf