Zelenskinin “şefi” hərəkətə keçib – Kolomoyski özünü prezident kimi aparırbackend

Zelenskinin “şefi” hərəkətə keçib – Kolomoyski özünü prezident kimi aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pyotr Poroşenkonun ölkədən didərgin saldığı yəhudi əsilli oliqarx İqor Kolomoyski son günlər Ukraynanın gələcəyi və yeni kadr təyinatları ilə bağlı açıqlamalar verməyə başlayıb.

İsraildə məskunlaşan və Ukraynaya dönmək üçün Vladimir Zelenskinin andiçmə mərasimini gözləyən oliqarx gələcəklə bağlı proqnozlarını söyləyib.

Kolomoyski ilk olaraq, gələcək baş nazirin hazırkı daxili işlər naziri, erməni əsili Arsen Avakovun təyin edilməsini məqsədəuyğun saydığını deyib. O, hesab edir ki, parlamentdəki siyasi qüvvələr prezidentlə bu namizədlə bağlı kompromisə gələ bilərlər. Kolomoyski hesab edir ki, Avakov ölkədəki siyasi qüvvələri balanslaşdıra bilər.

Xatırladaq ki, Avakov hökumətdə nazir postu daşısa da, P.Poroşenko ilə münasibətləri soyuq olub. Hətta erməni nazirin oğluna qarşı korrupsiya itihamı ilə cinayət işi də qaldırılmışdı və Avakov hesab edirdi ki, bu iş Poroşenkonun sifarişi əsasında təşkil olunub.

Kolomoyskinin daha bir açıqlaması isə Ukraynanın ən varlı adamı sayılan tatar əsilli Renat Axmetovun gələcəyi ilə bağlı olub. O, hesab edir ki, Axmetov Ukraynanın enerji sektorundakı monopoliyası sayəsində ədalətsiz şəkildə külli miqdarda gəlir əldə edir. Kolomoyski deyib ki, yaxın gələcəkdə 4.6 milyard dollarlıq varidatı olan Axmetovun enerji sektorundakı biznesdən uzaqlaşdırılacağını və bundan ciddi ziyan görəcəyini düşünür.

Özünü oliqarx hesab etmədiyini deyən İ.Kolomoyski jurnalistlərin “yeni prezident bütün oliqarxlara qarşı eyni qaydaları tətbiq etməlidirmi” sualına “xeyr” deyə cavab verib.

Xatırladaq ki, yeni seçilən prezident Vladimir Zelenski uzun illər Kolomoyskiyə aid telekanalda çalışıb və həmin kanalda 15 faizlik paya sahibdir. Ukraynada çoxları, xüsusilə də Zelenskinin siyasi rəqibləri onu Kolomoyskinin əlaltısı hesab edirlər. Oliqarxın öz rəsmi statusu ilə heç cür uzlaşmayan son iddialı açıqlamaları isə bir növ bu fikirləri təsdiqləmiş olur.

//AzPolitika.info