backend

Praqada müəmmalı qətl: biznesmen Rəşad Qafarov ölümündən iki gün qabaq Bakıda olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Praqa polisi azərbaycanlı biznesmen Rəşad Qafarovun müəmmalı qətli ilə bağlı təhqiqat aparır.
Praqanın polis Departamentindən bildirilib. Polis hadisə ilə bağlı bütün versiyaların araşdırıldığını qeyd edib.
Azərbaycanın Çexiyadakı səfirliyində də qeyd ediblər ki, onlar Rəşad Qafarovun ölümü ilə bağlı məsələni diqqətdə saxlayırlar. Məlum olub ki, R.Qafarov son bir neçə ildə Praqada yaşayırmış. Sonuncu dəfə onun Facebook səhifəsi iyunun 28-də aktiv olub.
Bu arada virtualaz.org Rəşad Qafarovu tanıyan mənbələrdən dəqiqləşdirib ki, o, beynəlxalq yükdaşımalar və logistika biznesində Azərbaycanın Praqadakı səfiri Fərid Şəfiyevlə ortaq olub. Habelə mənbəmiz bildirib ki, Rəşad Qafarov ölümündən cəmi iki gün qabaq-iyunun 28-də Bakıda imiş.
Rəşad Qafarovun əvvəllər “Panalpina” beynəlxalq nəqliyyat və logistika şirkətində işlədiyi haqda onun bioqrafiyasında göstərilir. Mənbənin bildirdiyinə görə Rəşad Qafarovun əvvəllər işlədiyi bu şirkətlə münaqişəsi olub, lakin son vaxtlar tərəflər anlaşıblarmış və mübahisə həll olunubmuş.
XXX
Rəşad Qafarov Çexiyada və Azərbaycanda öz sahəsində kifayət qədər tanınmış biznesmen olub. O, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunudur, bundan əvvəl “Panalphina” beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib. Sonuncu vəzifəsi TERN Transport & Trading CZ şirkətinin baş direktoru vəzifəsi idi. Çexiyanın şirkətlər reyestrində yer alan məlumata görə bu şirkətin səhmdarları Rəşad Qafarov və Dilara Qafarovadır.
Virtualaz.org TERN Transport & Trading CZ şirkətinin Bakı nümayəndəliyinin əlaqə nömrələrini əldə edib, nümayəndəliyə zəng vuran əməkdaşımız şirkətin əməkdaşından Rəşad Qafarovun müəmmalı ölümü barədə soruşub. “Biz bu barədə heç bir açıqlama verə bilmərik, xahiş edirik bizi başa düşəsiniz”, -telefon zənginə cavab verən əməkdaş bildirib.