Məlum olduğu kimi, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı böyük ictimai qalmaqala səbəb olub. Hadisə cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrətəli Temirov (ərazi onun adına oğlu Rüstəm Temirov tərəfindən rəsmiləşdirilib) barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.
Adı çəkilən mülkiyyətçi Rüstəm Temirov isə açıqlamasında ittihamlarla razılaşmayıb: “Özüm Moskvada, İngiltərədə oxumuş insanam, Dövlət İqtisad Universitetini bitirmişəm. İngiltərədə qalmaq şansım ola-ola vətənə qayıtmışam. Mən həmişə bu dövlət üçün çalışmışam, indi də çalışıram.
Həmişə atdığım addımların qanun çərçivəsində olmasına diqqət edirəm, başqa cür ola da bilməz. Mən dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşovun qəbulunda olmuşam. Onlara ünvanladığım suallara cavab verə bilmirlər.
Nəzərinizə çatdırım ki, 2012-ci ildə Ukrayna dairəsinin yaxınlığında mənim 24 sot çıxarışlı sənədi olan torpaq sahəm vardı. Məndən xahiş edildi və həmin torpağı dövlət fonduna verim. Həmin yerdə hərbçilər üçün bina tikilib. Düşündüm ki, dövlət üçün lazımdırsa, mən bunu etməliyəm.
Məhəmməd Hadi küçəsi, 93/99 ünvanındakı torpaq da onun əvəzinə mənə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilib. Niyə mən qanuni mülkiyyətçisi olduğum torpaqla bağlı problem yaşamalıyam?! Mən istəyirəm ki, hər şey halallıqla olsun. Amma baxıram ki, elə ən böyük haqsızlığı, haramlığı mənə qarşı edirlər. Məni şantaj edirdilər ki, jurnalistləri çağırıb ağacları kəsdiyini deyəcəyik. Mən bütün bunlar ola bilər deyə, foto və videoçəkilişlər aparmışam. Orada Hacıbala kişi deyib ki, ərazidə 200 ağac bir gecədə kəsilib.