“Qeyri-neft sektorunun inkişafında ADAU-nun böyük rolu var” – rektor İbrahim Cəfərov gənclərin dostu elan edilib

15:35 | 15 May, 2019

Ötən gün Gəncədə səfərdə olan İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı və hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan Dövlət Aqrar Universitetində olublar. ADAU rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və universitetin professor-müəllim kollektivi ilə görüşərək, bu ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olublar.

Azərbaycan Dövlət Aqrar Universitetinin qeyri-neft sektorunun inkişafında böyük əhəmiyyətə malik olduğunu deyən İGİB sədri Fərid Şahbazlı bu ali təhsil ocağının yetişdirdiyi mütəxəssislərin Azərbaycanda kənd təsərrüfatının inkişafında aparıcı qüvvələr olduğunu da deyib. ADAU-nun həm də Respublika səviyyəsində sayılıb-seçilən bir universitet olduğunu, rektor-tələbə münasibətlərinin müasir çağırışlara cavab verdiyini deyən Fərid Şahbazlı İslahatçı Gənclər İctimai Birliyinin qərarı ilə, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun Azərbaycanda dövlət gənclər siyasətinin inkişafında xidmətlərinə və tələbələrə göstərdiyi qayğıya görə Gənclərin Dostu Milli Mükafatına layiq görüldüyünü elan edib.

Daha sonra çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov ölkə başçısı İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində apardığı siyasətin nəticəsi olaraq, son illər Azərbaycanda kənd təsərrüfatının sürətlə inkişaf etdiyini və bu istiqamətdə fəaliyyət göstərəcək milli kadrlara çox böyük ehtiyac olduğunu bildirib. Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universitetinin çox böyük əhəmiyyətə malik olduğunu deyən Əhməd Şahidov bu təhsil müəssisəsinin beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsinin və əcnəbi tələbələrin ADAU-ya cəlb edilməsinin zəruriliyini qeyd edib.

ADAU-nun rektoru İbrahim Cəfərov mükafatla əlaqədar minnətdarlığını qeyd edib və bildirib ki, Azərbaycan bu gün Ulu öndər Heydər Əliyevin siyasəti ilə yaşayır və cənab Prezident İlham Əliyevin gücü və siyasi iradəsi ilə dinamik inkişaf ömrü yaşayır: “Təkcə son zamanlar 150-dən çox gənc müəllim universitetimizə işə qəbul olunub. Uğurlarımız Prezidentin dəstəyi nəticəsində əldə edilib. Kənd Təsərrüfatı nazirinin də qayğısını hər an görürük. Biz daim gəncliyin, tələbənin yanındayıq.”