Şəkidə gənclərin fərdi inkişaf və karyera planları mövzusunda ictimai müzakirə keçirilib

16:26 | 15 May, 2019

Ötən gün Şəki şəhər Gənclər və İdman İdarəsi və İslahatçı Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəki şəhərində gənclərin fərdi inkişaf və karyera planları mövzusunda ictimai müzakirə keçirilib. Şəki şəhərinin müxtəlif sahələrdə fərqlənən fəal gəncləri ilə baş tutan görüşü giriş sözü ilə açan Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki təşkilatı sədrinin müavini Vüqar İskəndərov Azərbaycanda uğurla həyata keçirilən Dövlət Gənclər Siyasətinin əsas hədəflərindən danışıb, Şəki şəhərində gənclərin fərdi inkişaf, təhsil və karyera imkanlarının sürətlə genişləndiyini və yerli gənclərin Respublika və beynəlxalq yarışlarda uğurla təmsil olunduğunu diqqətə çatdırıb.

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, dünyanın sürətli inkişafı Azərbaycan gəncləri qarşısında yeni-yeni hədəflər müəyyən edir və gənclər bu hədəflərə çatmaq üçün öz fəaliyyətinə xüsusi diqqət ayırmalıdırlar. Fərid Şahbazlının sözlərinə görə, Azərbaycanda gəncliyin inkişafı üçün yaradılan şərait milli dəyərlərə bağlılıq, eyni zamanda müasir çağırışlara cavab verəcək qədər hazırlıqlı gənclər ordusunun formalaşmasına imkan verir.

Hüquq müdafiəçisi Əhməd Şahidov öz çıxışında beynəlxalq platformalarda ölkənin milli maraqlarının təmin olunmasında Azərbaycan gənclərinin üzərinə düşən vəzifələr barədə söz açıb və Azərbaycan həqiqətlərinin bütün dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin daha böyük işlər görə biləcəyini vurğulayıb. Hüquq müdafiəçisi Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadları – azərbaycanlı qaçqın və məcburi köçkünlərin, habelə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və dünyada müşahidə olunan ikili standartlar fonunda Azərbaycana yönəlik qərəzli münasibətin dəf edilməsinə gənclərin görə biləcəyi işlərdən danışıb.

Daha sonra Şəki gəncləri öz fikir və düşüncələrini bölüşüb, qarşıda duran vəzifələri müzakirə ediblər.