backend

Cəmi 10 gün sonra onu böyük mükafat gözləyirdi – Şəhidin anasına son sözü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Torpağın üzü soyuqdur”, deyirlər.
İyunun 15-də Ermənistanın təxribatı nəticəsində şəhid olan həqiqi hərbi xidmət keçən, əsgər Şahvələdov Sultan Niyaz oğlunun torpağa verilməsindən günlər keçsə də, onun torpağı soyumur, ailəsinin, doğmalarının da acısı bitib-tükənmək bilmir. Elə bu ağrı-acının, bu sonsuz kədərin yolunu tutub Qusara, Sultanın doğulub boya-başa çatdığı evə yollanırıq.
Arayış üçün bildirək ki, Sultan 1994-cü ildə Qusar rayonunda anadan olub. Qusar rayon 2 nömrəli tam orta məktəbini bitirib, Dağıstan Respublikasının Dərbənd şəhərində ali təhsil alıb. 2015-ci ildə unversiteti bitirən Sultan, 2016-cı il iyul ayının 2-də həqiqi hərbi xidmətə çağırılıb.
Evlərinə çatanda bizi ilk qarşılayan Sultanın dayısı Zaur oldu. Başsağlığımızı qəbul edib, evə dəvət etdi. Evlərinin qarşısında təcili tibbi yardım maşını dayanmışdı. Məlum oldu ki, Sultanın şəhid olması xəbərindən böyük sarsıntı keçirən anası həkimlərin nəzarətindədir.
Dayı çətinliklə də olsa, Sultanla bağlı xatirələrini Sputnik Azərbaycan-ın oxucuları ilə bölüşür: “Sultan ailəsinin, eləcə də qohumlarının fəxri idi. Həm orta məktəbdə, həm də unversitetdə şagird və tələbələrdən başlayaraq müəllimlərə kimi hamı Sultanı çox istəyirdi. Çünki o, uşaqla uşaq, böyüklə böyük kimi rəftar edirdi. İndiyə qədər heç kimdən Sultan haqqında narazılıq eşitmədik”.
“Onunla söhbətləşəndə mənə deyirdi ki, “qəhrəman olmaq, o murdar ermənilərdən torpaqlarımızın alınmasında iştirak etmək istəyirəm”. O, qismən olsa da, istəyinə çatdı, qəhrəman oldu. Qaldı düşməndən torpaqlarımızın azad edilməsi” – deyə şəhidin dayısı bildirir.
Şəhid dayısı əlavə edir ki, Sultanın, eləcə də digər şəhidlərimizin qisasını almaq üçün o özü də düşmənlə döyüşə getmək istəyir.
Sultanın qardaşı Şahvələdov Eldar Niyaz oğlu da şəhidimiz haqqında xatirələrini danışır: “Sultan çox yaxşı qardaş, yaxşı dost, ən əsası yaxşı övlad idi. Həmişə valideynlərimizin məsləhətlərinə qulaq asıb. Universiteti bitirən ili dedi ki, “ali təhsil aldım, indi isə vətənə xidmət etmək vaxtıdır”.
Qardaşı onunla şəhid olmazdan bir gün əvvəl telefonla danışdıqlarını deyir: “Həmişəki kimi dedi ki, “məndən narahat olmayın, hər şey yaxşıdır”. Mülki paltarlarını istəmişdi ki, tərxis olunan gün geyinib evə gəlsin. Anama da demişdi ki, “hazırlıq görün, mənə bir qız tapın, gəlib toy edəcəm”. Amma gəlmək qismət olmadı. Arzusuna çata bilmədi”.
Sultanın yaxın dostu Alik isə onu belə erkən itirə biləcəyini heç vaxt ağlına gətirməyib: “Buna inana bilmirəm. Uşaqlıqdan bir yerdə böyümüşük. Ən çox maşın sürməyi xoşlayırdı. Hər dəfə danışanda “sürücülük vəsiqəsi və maşın alıb gəzərik” deyirdi”.
“Dostluğa hər zaman sədaqətli olub. O, dostluqda sədaqətli olduğunu hərbi xidmətdə olduğu zaman da göstərmişdi. 3 əsgər yoldaşını “qar uçqunundan” xilas edib. Məhz bu igidliyinə görə iyunun 26-da – Silahlı Qüvvələr Günündə fəxri fərmanla təltif olunacaqdı. Amma qismət olmadı” – deyə Alik bildirir.
Şəhidin atası Niyaz dayının isə dərdini heç nə ovuda bilmir. Qəhər içində sadəcə bunları deməklə kifayətlənir: “Onun yerinə mən ölməli idim. O, burda mənim yerimdə dayanıb, yasa gələnlərdən başsağlığını qəbul etməli idi. Allah mənim çəkdiyimi heç kimə qismət etməsin. Allah bütün əsgərlərimizi qorusun!”
// Sputnik.az