backend

Vəkili 6 tələbənin ölümünə səbəb olan sürücünü müdafiədən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən proses başlamazdan əvvəl qəzada sağ qalan tələbələrlə ölənlərin valideynləri arasında mübahisə düşüb.
Belə ki, ölənlərin valideynləri sağ qalan tələbələrin sürücüdən şikayətçi olmamasına kəskin etiraz ediblər.
Məhkəmə nəzarətçiləri tərəfindən tərəflər sakitləşdirilib.
Təqsirləndirilən şəxs zala daxil olan zaman yenə valideynlər tərəfindən   sürücü təzyiqə məruz qalıb: “Buna bax yenə gəlib, yenə özünü öldürməmisən. Allah sənin bəlanı versin, Allah balalarını qırsın. Bala üzünə həsrət qalasan. Özünü as öldür, şərəfsiz. Şərəfsiz olmasaydın, indiyə qədər sağ qalmazdın”.
Hakimlər zala daxil olandan sonra proses başlayıb.
Hakim bildirib ki,  digər valideynlər tərəfindən məhkəməyə mülki iddia daxil olub.
Qəzada dünyasını dəyişən tələbə İbrahin Quliyevin atası Vüqar Quliyev qeyd edib ki, hadisədən xəbəri olmayıb: “Mənə dedilər, hadisə olub. Xəstəxanaya getdim. Qəza baş verdiyini və oğlumun öldüyünü bildim”.
Hakiminin “şikayətiniz və tələbiniz nədir?” sualına cavab verən valideyn göz yaşlarını saxlaya bilməyib: “Nə kasıbçılıqla uşaq böyütmüşəm… (sürücüyə ağır söyüşlər)”.
O, ifadəsini davam edə bilməyib.
Prosesdə qəzada sağ qalan tələblər də dindirilib.
Amani Abbas qeyd edib ki, təqsirləndirilən şəxsi tanıyır və 1 il onunla universitetə gedib gəlib: “Həmin gün saat 8-də yola çıxdıq. Sürət yüksək idi. Biz demişdik ki, biraz yavaş sür. Yolda yaşıl rəngdə “Ford” markalı mikroavtobusla ötüşürdü. Həmin avtobusun sağına keçdi, sonra idarəetməni itirdi. Sonradan heç nəyi xatırlaya bilmədim. Çünki bir neçə saniyə içində oldu. Sürətimiz 100-dən çox idi. Mən kəllə-beyin tramvası almışam. Qanun çərçivəsində cəza verilsin”.
Təqsirləndirilən şəxs replica verib: “Bunlara həmişə demişəm ki, vaxtında gəlin, vaxtında gedək. Yolda səs-küy salırdılar. Dəfərlərlə demişəm”.
Digər zərərçəkmiş tələbə Aytən Cəfərova isə qeyd edib ki, 1 ilə yaxın Namiq Hüseynovla dərsə gedib: “Tələb və şikayətim yoxdur. Dəfərlərlə maşını yüksək sürətlə sürdüyünün şahidi olmuşam”.
Namiq Hüseynov bildirib ki, tələbənin birini 60 qəpiyə univerisitətə aparıb: “Mən burda nə yalan deyim ki? Avtobus 14 sərnişin üçün nəzərdə tutulub. 26 uşaq minirdi. Ayaq üstə də dururdular. İbrahimlər yer olanda da oturmurdular. Söhbət pula görə də olmayıb. Hamı dərsə gecikirdi. Ona görə özləri minirdilər”.
Zərərçəkmiş tələbələrdən Emil Həmidov qeyd edib ki, sürücü qanunsuz işlədiyinə hər ay kimlərəsə haqq ödəyib: “Özü bizə deyirdi ki, aylıq 200 manat haqq verir. Hadisə günü də dedi ki, tez gedək yol polisinin vaxtına girməyək. Sonra yol gedən zaman mən arxada ayaq üstündə durmuşdum. Qəzanı görmədim. Mən ölən İbrahimlərin yanına dayanmışdım. Gözümdən, qolumdan, boğazımdan və s. xəsarətlər almışam. Şikayətçiyəm. Ağır cəza verilsin. Qohumları tərəfindən mənə təzyiq olunub ki, şikayətçi olma. Amma mən şikayətçiyəm. Dəfələrlə bu adam sürət həddini aşıb. Bu adam fikirliydi, maşını qaçıra bilərdi”.
Qəzada sağ qalan tələbələrdən olan Azadə Mədətzadə də ifadə verib: “Birdən nəyəsə dəydik. Özümdən getdim, ayıldım ki, başımın üstündə adamlar var. Mənim heç bir şikayətim, tələbim yoxdur. Namiq dayının bərk sürməyindən də şikayətim olmayıb”.
Qəzaya düşəb tələbələrdən Yavər Fərzəliyeva isə bildirib ki, 3 Namiq Hüseynovla dərsə gedib: “Pəncərə tərəfdə oturub dərs təkrarlayırdım. Bir də hiss elədim ki,  nəyisənsə üstünə çıxdıq. Ondan sonra gözümü açanda palatada idim. Alt çənə sümüyüm sınmışdı. Heç bir şikayətim və tələbim yoxdur. Mikroavtobusda 30 yaxın adam olardı. Dəqiq sayını bilmirdim”.
Minəxanım Mirzəliyeva zərərçəkmiş şəxs qismində dindirilib. O da şikayətinin, tələbinin olmadığını deyib.
Bu vaxt vəkillə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.
Təqsirləndirilən şəxs vəkili Şirin Atayevdən imtina edib: “Prosesə gəlib, deyir, hansı işə gəlmişəm. Sonra isə gəlib məhkəmədə yatır. Bu, bir dəfə də olsun mənimlə görüşməyib”.
Vəkil qeyd edib ki, o, təqsirləndirilən şəxsi müdafiə etmək istəmir: “Başqa vəkil təyin edin. Özü sükanda yatıb, bu boyda adamın ölümünə səbəb olub”.
Namiq Hüseynov isə vəkilə cavab verib: “A kişi, mən elədiyimin cəzasını çəkirəm. Vicdan əzabı çəkirəm. Ölənə qədər də çəkəcəm”.
Hakim bildirib ki, vəkilin təqsirləndirilən şəxsdən imtina etmə kimi bir hüququ yoxdur.
Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə – Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
Namiq Hüseynov bundan öncə də avtoqəza törətdiyinə görə 2013-ildə 1 il 6 ay islah işlərinə cəlb edilib.