Musa Qasımlı: Ermənistan hər şeyi “oldu-bitdi” kimi qələmə vermək istəyir

11:21 | 23 May, 2019

Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini həll etməkdən ötrü ilk növbədə işğal faktı aradan qaldırılmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və ətraf regionlardan çıxmalıdır.

Bunu  açıqlamasında siyasi şərhçi, millət vəkili, professor Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, yalnız erməni qoşunları işğal olunmuş ərazilərdən çıxandan sonra digər məsələləri müzakirə etmək olar.

“Amma görünən odur ki, Ermənistan bu məsələni dinc yolla həll etmək niyyətində deyil, danışıqlar prosesini uzatmaqla məşğuldur, hər şeyi “oldu-bitdi” kimi qələmə vermək istəyir. Ermənistan bununla çox da uzağa gedə bilməz.

Qarabağ məsələsində Azərbaycan dövlətinin qəti mövqeyi var. Həmin mövqeni də cənab Prezident İlham Əliyev dəfələrlə səsləndirib. Bu, ondan ibarətdir ki, işğalçı qüvvələr Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərindən, ərazilərindən çıxarılmalıdır.

Status məsələsi və digər problemlər isə sonra müzakirə edilə bilər. Eyni zamanda, Ermənistan danışıqlar formatının dəyişdirilməsinə nə qədər çalışsa da, buna nail ola bilməyib.

Fakt faktlığında qalır ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub. Dağlıq Qarabağ regionunda yaşayan erməni icmasının gücü də o qədər heç zaman ola bilməz.

İstər insan ehtiyatı o qədər deyil ki, ordu yaratsın, istərsə də güclü maliyyə vəsaiti, hərbi-sənaye kompleksi yoxdur və bu, mümkün deyil.

Bir sözlə, bu gün hamıya aydındır ki, Ermənistan təcavüzkar dövlətdir və bu baxımdan, əgər dünya birliyi münaqişənin dinc yolla həllini istəyirsə, işğalçı ilə işğala məruz qalan arasında fərqi görməli, işğalçıya güclü, ciddi, təsirli təzyiqlər etməlidir”, – deyə M.Qasımlı əlavə edib.

//oxu.az