“Amnesty İnternational”ın erməniruhlu bəyanatları nədən qaynaqlanır?backend

“Amnesty İnternational”ın erməniruhlu bəyanatları nədən qaynaqlanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan dövlətinin davamlı inkişafı, müstəqil və qətiyyətli  siyasət yürütməsi bəzi beynəlxalq təşkilatlarda siyasi qıcıq yaradır. Onlar daim ölkəmizə, onun nüfuzuna yönəlik ikili standartlarla çıxış etməklə, eyni zamanda, islamofobiyanın genişlənməsinə də rəvac verirlər. Bu kimi qərəzli təşkilatların önündə isə “Amnesty İnternational” adlı beynəlxalq təşkilat gəlir. Bu təşkilat may ayının 29-da UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi kimi çox əhəmiyyətli bir idman hadisəsini də siyasiləşdirərək ölkəmiz əleyhinə geniş kampaniya aparır.

Ölkəmiz beynəlxalq idman yarışları keçirmək üçün böyük təcrübəyə malikdir

Dəfələrlə sübut olunub ki, bu, korrupsiyada adı hallanan, çirkli  sifarişlər yerinə yetirən qurumdur və ayrı-ayrı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən islam ölkələrinə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir. Xatırladaq ki, ötən 7 il ərzində ölkəmizdə keçirilən biri-birindən nüfuzlu beynəlxalq idman və musiqi yarışları (“Evrovision” beynəlxalq musiqi yarışması, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1)  ən yüksək səviyyədə təşkil olunmaqla bütün dünyanın diqqətini çəkmişdi. Hətta bir çox dövlət rəhbərlərinin, məşhur idmançıların, musiqiçilərin də qatıldıqları bu yarışlar və tədbirlər bu gün beynəlxalq medianın gündəmindədir.

Xüsusi vurğulamaq lazımdır ki, məhz 2015-ci ildə Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə böyük bir məsuliyyəti üzərinə götürərək dünyaya yalnız iqtisadi qüdrətini deyil, eyni zamanda, idman, mədəni-humanitar inkişafını da göstərmək imkanı qazanmış oldu. Bu möhtəşəm yarışın keçirilməsi qəlbi Vətən-xalq məhəbbəti ilə döyünən hər bir ölkə vətəndaşının şərəf məsələsi idi. Bu gün də UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi də Avropanın idman qurumlarının ölkəmizə olan inam və etimadının nümunəsidir.

Doğrudur,  ölkəmizin inkişafını gözləri götürməyən bəzi xarici ermənipərəst qüvvələr və xüsusilə də “Amnesty İnternational” təşkilatı bu idman yarışı  ərəfəsində dövlətimizə qarşı eninə-boyuna “qara piar” kampaniyası ilə məşğuldurlar.  Qərəzi hər kəsə bəlli olan bu qurum son bir neçə gündür ki, Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv fikir formalaşdırmağa çalışır.

Ancaq bu təşkilatın başbilənləri yaxşı anlayırlar ki, bu cür beynəlxalq idman yarışları ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan və idmana yüksək qayğı göstərən ölkələrdə keçirilir. Bu gün Azərbaycan yüksək iqtisadi inkişafa malik olan sabit məkandır. Həmin keyfiyyətlər Azərbaycanın bu final görüşünü  yüksək səviyyədə keçirəcəyinə zəmanət verir.

“Amnesty İnternational”ın islamofobiya azarı

“Amnesty İnternational”ın ermənipərəst mövqeyi və anti-Azərbaycan dairələrin sifarişini yerinə yetirdiyi dəfələrlə sübüt olunub. Bu təşkilat haqqında artıq belə bir qəti rəy formalaşıbdır ki, o, islamofobiya xəstəliyinə yoluxmuşdur və insan haqları məsələsini əsassız şəkildə bəhanə edərək müsəlman ölkələrinə qarşı kampaniya aparmaq missiyasını yerinə yetirməklə məşğuldur. Ən dəhşətlisi isə odur ki, qurumun ermənipərəst dairələrin sifarişi ilə Azərbaycana qarşı hücumları dağıdıcı müxalifət və onun nəzarətində olan bəzi sosial şəbəkələr tərəfindən dəstəklənir. Bu isə onların antimilli mahiyyətindən xəbər verir. Xüsusən “Amnesty İnternational” təşkilatının ermənipərəst mövqeyi həmişə xalqımız tərəfindən pislənilib. Qeyd edək ki, hələ ötən illərdəki hesabatlarında “Amnesty İnternational”ın və “Freedom House”un Dağlıq Qarabağı Azərbaycandan ayıraraq “qismən azad ərazi” kimi qələmə vermələri və “seçimlərini” guya həmin ərazidə “demokratik prezident seçkilərinin keçirilməsi” ilə əlaqələndirmələri beynəlxalq hüquq normalarına sayğısızlıq və ölkəmizin ərazi bütövlüyünə qəsd idi.

Əslində, bu təşkilatların hesabatları hər bir ölkədə vəziyyəti düzgün qiymətləndirməli, demokratiya və hüququn aliliyi prinsiplərinin qorunmasına xidmət etməlidir. Hesabatın əhatə etdiyi dövrdə insanların hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan addımların dərin təhlili aparılmalı və obyektiv yekun nəticə çıxarılmalıdır. Ancaq bu bir acı həqiqətdir ki, onlar  qarşılarına başqa məqsəd qoyublar və obyektiv gerçəkliyi əks etdirmək əvəzinə, qərəzli və yalan məlumatlar əsasında hər zaman Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd göstəriblər. Azərbaycanın adının demokratik işartıların belə görünmədiyi ölkələrlə bir sırada çəkilməsi, “azad olmayan” ölkə kimi göstərilməsi deyilənləri əyani şəkildə təsdiq edir. Hətta bu beynəlxalq təşkilatlar ölkəmizə münasibətdə o qədər qərəzçiliyə yol veriblər ki, bəzi hesabatlarında Azərbaycanı “azad olmayan” ölkələr siyahısına salıblar. Hesabatda Azərbaycan, İran və Rusiya “azad olmayan” ölkələr sırasında yer alarkən Ermənistan “qismən azad” ölkə olaraq göstərilib.

Axı, Ermənistan necə qismən azad ölkə kimi göstərilə bilər ki, onun parlamenti gülləbaran edildi, eks-prezident Koçaryan 2008-ci ildə seçki saxtakarlığına etiraz edən onlarla insanı qətlə yetirdi? Axı Ermənistan necə qismən azad ölkə ola bilər ki, burada korrupsiya, rüsvət bu gün də tüğyan edir, əhali ölkəni tərk edib xaricə qaçır.

Bakı avropalılar üçün yad şəhər deyil

Hər şeyi qara göstərmək, narazılıq predmetinə çevirmək, Azərbaycanda demokratiyanın olmadığını uydurmaq başdan-ayağa qərəzli mövqenin mövcudluğunu sübut edir və dünya ictimaiyyətini çaşdırmaq niyyəti güdür. Lakin bu cür yalanlarla, iftiralarla Azərbaycana təsir etmək, təzyiq göstərmək və öz yolundan döndərmək mümkün deyil.

Digər tərəfdən, Azərbaycan cəmiyyəti belə qərəzli hesabatlar hazırlayan təşkilatları və onlara yalan məlumatlar göndərən “hüquq müdafiəçilərini” qəbul etmir. Ona görə bu cür hesabatların sifarişçilərinin və müəlliflərinin qarşıya qoyduqları çirkin məqsəd elə xülya olaraq da qalacaqdır.

Ən nəhayət, UEFA Avropa Liqasının finalının paytaxtımızda keçirilməsinə böyük hazırlıqlar davam edir. İndi ölkəmizə on minlərlə futbol azarkeşi gəlməkdədir. Bu, bir da sübut edir ki, avropalılar Bakının təhlükəsiz və mədəni şəhər olduğuna əsaslı şəkildə inanırlar. Onlar əmindirlər ki, bu final görüşü möhtəşəm yarış olmaqla bərabər Şərqin ən  inkişaf edən və müasirləşən Bakısında da yaxşı əylənəcəklər. Axı, Bakı avropalılar üçün heç də yad şəhər deyil. Onlar burada artıq bir neçə ciddi beynəlxalq yarışlara azarkeşlik edərək vətənlərinə xoş təəssüratlarla qayıdıblar.

//”İki Sahil”