“AZAL-da köklü dəyişikliklərə ehtiyac var”backend

“AZAL-da köklü dəyişikliklərə ehtiyac var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı ildən ABŞ-a birbaşa uçuşlara başlayan Azərbaycan Hava Yolları Şirkəti (AZAL) bu ilin oktyabr ayından Nyu-Yorka uçuşları dayandırır. 

Demokrat.az xəbər verir ki, tanınmış iqtisadçı Qubad İbadoğlu AZAL-ın bu qərarını şərh edib.

O bildirib ki, şirkət rəsmiləri bunu təyyarə parkını artıra bilmədiklərinə görə, marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərarı ilə əsaslandırıb.

İqtisadçı deyir ki, bu isə o deməkdir ki, Bakıdan Nyu-Yorka uçuş gəlirli olmayıb:

“Əslində, mən bunun gerçəkliyinə şübhə ilə yanaşıram. Çünki, AZAL-ın uçuşlarına qiymətlər baha və eyni zamanda tələbat yüksək olaraq qalmaqdadır. Xüsusilə də yay aylarında bir tərəf üçün ən ucuz bilet 500 dollar, gediş-gəlişin qiyməti isə 1000 dollar ətrafındadır. Halbuki, Ukrayna Hava Yolları, Qatar Hava Yolları ilə bu marşrutu AZAL-la müqayisədə 2 dəfə ucuz qiymətə qət etmək mümkündür.

 

Related image

Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edir. Əgər həqiqətən də AZAL bu marşrut üzrə uçuşu rentabelliyə görə dayandırırsa, onda rentabelliyin aşağı olması AZAL-ın idarəçiliyinin zəif olması ilə birbaşa əlaqədardır. Çünki, bu marşrut üzrə tarif siyasətinin düzgün qurulmamasında görə, bölgədən ABŞ-a gələnlər, eləcə də ABŞ-dan Azərbaycana gedənlər alternativ marşrutlara üstünlük veriblər.

Hesab edirəm ki, AZAL-da köklü dəyişikliklərə ehtiyac vardır. Bu isə dövlət konserninin restrukturizasiya və özəlləşdirmə tədbirlərindən keçməlidir. Əks təqdirdə on milyardlarla sərmayə yeyən, müasir infrastruktura malik olan şirkət hələ bundan sonra da rentabelli işləməyəcək”.