Qaloşa bağlanan ümidlər və ya Allah sizə rəhmət etsin, dirilər!

04:05 | 11 İyun, 2019
Uzun illər söhbətidir, yay aylarını Qəbələdə dincəlirdim. Xalamın ərinin zəngin kitabxanası var idi. Bir gün kitabxanada köhnə kitabların arasında eşələnəndə köhnə əlifba ilə yazılan, 1940-cı illərdə nəşr edilən bir kitabla rastlaşdım. Kitabı açdım, Nəriman Nərimanovun “Pir” hekayəsi ilə rastlaşdım.

Birnəfəsə hekayəni oxudum, sonra təkrar oxudum. Oxuduğum, dərk etdiyim sillə kimi dəymişdi mənə. Üç ay hekayənin təsirindən çıxa bilmədim.
Dövr o dövr idi ki, gözümün qabağında qonşular, qohumlar avtobus tutaraq pirlərə gedir, nəzir-niyaz edirdilər. Açığı, hekayə ilk günlər məndə təəccüb oyatmışdı. Hətta etiraf edim ki, Nərimanovu qınamışdım da. Amma sonradan yaşa dolduqca, Nərimanovun, Mirzə Cəlilin, “Molla Nəsrəddin”çilərin nə dərəcə uzaqgörən olacağını dərk edəcəkdim. Amma hələ mən də ali məktəbə qəbul olmaq üçün pirlərə üz tutan dövrdə idim.

İl oldu 2019, xarici mətbuatı izləyirdim. Rastıma bir xəbər çıxdı, NASA 2020-ci ildə kosmosa, yəni Beynəlxalq Kosmik Stansiyaya turist səfərlərinə start verəcək. Yerli mətbuata nəzər saldım, Goranboyda “Qaloş piri”ndə izdiham.

Ərinmədim, açdım xəbərdə videoya baxdım və dəhşətə gəldim. İlk ağlıma gələn Nərimanovun “Pir” hekayəsi idi.

Yenə xarici mətbuata nəzər saldım. Kosmosda uçan bir asteoridin səthinə kosmik aparat göndərilib və oradan süxurlar toplanıb. Amerikada şəkər xəstəliyini iki il gecikdirən dərman ixtira edilib.

Qayıtdım yerli mətbuata, bu dəfə də “Qaloş” piri olan rayonun icra nümayəndəsi deyib ki, o qaloş deyil, papaqdır, şəkk gətirməyin.

Heç nə demədim, yaxınlaşdım pəncərəyə, Mirzə Cəlilə, Nərimanova ürəyimdə “Allah sizə rəhmət etsin dirilər” dedim. Məhz dirilər dedim, çünki 100 il əvvəl çizdikləri rəsm bu gün də davam edir…

“O seyidin papağıdır, şəkk eləməyin!”

Hikmət Həsənov
Ölkə.Az