backend

YAP beynəlxalq təşkilatlara müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyası (YAP) iyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin həlak olması ilə nəticələnən hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul edib.
YAP-dan verilən məlumata görə, müraciətdə qeyd olunur ki, iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində azyaşlı Zəhra Quliyeva və Sahibə Quliyevanın qətlə yetirilməsi qəti şəkildə pislənilməlidir.
“İnsanlığa yaraşmayan bu hərəkət erməni terrorçularının uşaq qatili olduğunu bir daha sübuta yetirib. Ermənistanın işğalçı hərbi birləşmələri tərəfindən təmas xəttinə yaxın ərazilərin atəşə tutulması, dinc əhalinin qətlə yetirilməsi Ermənistanın dövlət siyasətinə çevrilib. Bu vəhşilik bir daha göstərir ki, erməni təcavüzünün qarşısının alınmaması, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin biganəliyi erməni terrorçularının əl-qolunu açır və mahiyyət etibarı ilə dinc insanların vəhşicəsinə qətlə yetirilməsinə rəvac verir. Erməni hərbi birləşmələri tərəfindən münaqişə ilə birbaşa bağlı olmayan ərazilərdə, təmas xəttindən uzaqda yaşayış məntəqələrinin və mülki əhalinin atəşə tutulması Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Erməni silahlı qüvvələrinin bu cür təxribatlar törətməsi, mülki insanları hədəfə alması Ermənistanın beynəlxalq humanitar hüquq əsasında üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır. Bu, eyni zamanda 1949-cu il Cenevrə konvensiyalarının və ona 1 saylı Əlavənin və hərbi münaqişələr zamanı sivil davranış qaydaları haqqında beynəlxalq sənədlərin, o cümlədən uşaqların hüquqlarının və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Bu hadisə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış mövcud status-kvonun dəyişdirilməsinin vacibliyini bir daha sübut edir.
Müvafiq beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həlli üçün məsuliyyət daşıyan ATƏT-in Minsk qrupu insanlığa qarşı yönəlmiş bu cinayətə obyektiv münasibət bildirməli, təcavüzkar Ermənistana münasibətdə beynəlxalq hüquq müstəvisində qətiyyətli addımlar atılmalıdır.
Ermənistan hakimiyyətinin gərginliyi artırmaq cəhdləri BMT Təhlükəsizlik Şurasının Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin təcili şəkildə icra olunmasının qaçılmaz olduğunu bir daha sübuta yetirir. Dünya ictimaiyyətini, bütün beynəlxalq təşkilatları, dünya siyasətində aparıcı mövqeyə malik dövlərləri, o cümlədən beynəlxalq siyasi qurumları və partiyaları Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz töhfəsini verməyə, regionda bu qanlı münaqişə ocağının söndürülməsinə səylər göstərməyə cağırırıq”, – deyə müraciətdə qeyd olunur.
//APA