AFFA-nın baş katibinə qarşı sərt İTTİHAMLAR: “Elə bil Şah Abbasın dövründə bu vəzifəyə təyinat alıb”

19:00 | 15 İyun, 2019

Son günlər Azərbaycan futbolunun uğursuzluqları haqqında müzakirələr səngimir. Milli yığma komandamızın Avropa Çempionatının seçmə mərhələsində bütün rəqiblərinə məğlub olması azarkeşlərdə məyusluq yaratdı. Və bu məğlubiyyətlər  Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) təniqdlərə tuş etdi. Hətta s-Sonuncu oyunda (Azərbaycan-Slovakiya – 1:5) yaşanan məğlubiyyət zamanı yığmamızın azarkeşləri hiddətlənərək, meydanda AFFA rəhbərliyinin istefasını tələb etdilər. istefası tələb olunanlardan biri də AFFA-nın baş katibi Elxan Məmmədovdur.

Bəs maraqlıdır, hər zaman idman xəbərlərini işıqlandırmaqla, bu sahə ilə yaxından maraqlanan jurnalist həmkarlarımız necə düşünür? Onların nəzərində AFFA-nın baş katibi Elxan Məmmədovun fəaliyyəti hansı səviyyədədir?

Bu barədə danışan “Kaspi” qəzetinin idman yazarı Natiq Muxtarlı Elxan Məmmədovun AFFA-nın baş katibi postundakı fəaliyyətinə birmənalı olaraq belə qiymət verib: yarıtmaz, bərbad:

“Bu şəxsin baş katib postunda nə vaxtdan çalışdığı artıq jurnalistlərin də yaddaşından silinib. Bu müddətdə Azərbaycan yığma komandalarında saysız-hesabsız məşqçilər dəyişib. Neçə-neçə futbolçu nəsli karyerasını bitirib. Yəqin ki, Elxan Məmmədov Şah Abbas taxtda olanda bu vəzifəyə təyinat alıb. Onun haqqında Azərbaycan futbol təsərrüfatında olduqca maraqlı lətifələr də formalaşır. Məsələn, deyilənlərə görə, Elxan Məmmədov yenicə AFFA-nın baş katibi olarkən, stadionda futbola baxırmış. İlk hissədən sonra ayağa qalxaraq “evə getmirik?” sualını verib. Yanındakılar ona “hələ ikinci hissə də var” deyincə, təəccüblə “bəyəm oyun iki hissədən ibarət olur?” deyib. Bunun nə qədər həqiqət olduğunu deyə bilmərəm, ancaq baş katibin futbol biliyinə, fəaliyyətinə nəzər saldıqda, buna inanmağa məcbur olursan.
Elxan Məmmədov bu müddətdə sübut etdi ki, yaxşı menecerdir, yaxşı alverçidir, yaxşı marketoloqdur, amma pis futbol adamıdır, pis futbol idarəçisidir. Heç şübhəsiz, Azərbaycan futbolunun belə bərbad durumda olmasının bir-çox səbəbləri də məhz baş katibin futbolu bilməməyindən, ümumiyyətlə, futbolun inkişafı ilə bağlı addım atmaq istəməməyindən qaynaqlanır”.

N. Muxtarlı sərt şəkildə bəyan edib ki, Elxan Məmmədovu ancaq bir şey maraqlandırır: Azərbaycan futbolunun inkişafı üçün ayrılan vəsaiti necə “yumaq”:

“İnsafən, bu məsələdə pərgardır. Məsələn, Azərbaycanlı uşaqların futbol oynaması üçün ayrılan vəsaiti uzun illər Almaniyaya – Berlinə göndərdi. Orda necə “yudusa”, bu vəsaiti itirib-axtaran olmadı. Elxan Məmmədovun AFFA-ya gətirdiyi kadrları – dost-tanışları da eyni məharətə sahibdirlər – futbolu bilmirlər, amma alveri əla bacarırlar. AFFA-da bütün strateji vəzifələr onun dost-tanışlarının inhisarındadır. Futbol mütəxəssisləri idarəetmə sisteminə yaxın buraxılmırlar. Və belə görünür ki, Elxan Məmmədov nəinki futbol ictimaiyyətinə, ümumiyyətlə, özünə də hörmət etmir. Yığma komandaların belə biabırçı nəticələrindən, ictimai rəydə formalaşan belə tənqidi münasibətdən sonra özünə və ictimaiyyətə hörmət edən şəxs istefa verməli idi. Elxan Məmmədov isə hamını günahlandırır, təkcə özündən savayı”.

 “Het-trik news” qəzetinin baş redaktoru İlqar Tağıyev isə deyib ki, Elxan Məmmədov savadlıdır, əla təşkilatçılıq bacarığı var, ünsiyyətcildir, ağıllıdır, qısası, əla diplomatdır:

“Bunu kimsə inkar edə bilməz. Amma… Azərbaycanda futbola cavabdeh qurum AFFA-dır.  Futbolumuzun bu günə düşməsində günahkar AFFA və bu qurumun rəhbərliyi hesab olunur. Təkcə rəhbərlikmi? Təkcə Elxan Məmmədovmu? Baş katib bilərəkdən və ya bilməyərəkdən bir çox səhv qərarların qəbul olunmasında təşəbbüsçü ola bilər. Amma təkbaşına qərar qəbul edə bilməz. Bunun üçün İcraiyyə Komitəsi var və həmin komitə təəssüf ki, səhv atılan addımların qarşısını almaq iqtidarında deyil. Bu halda komitə üzvləri futbolumuzun mövcud vəziyyətə düşməsində günahkar deyilmi? Və yaxud AFFA-nı uşaq futbolunun biabırçı durumda olmasının səbəbkarı kimi göstəririk. Doğrudur, bu yöndə də mənasız və uğursuz layihələr həyata keçirilib. Almaniyada futbol məktəbinin yaradılması, klubların futbol akademiyalarına xarici koordinatorların təyini və s. Yenə də həmin qərarların qəbulu İcraiyyə Komitəsi tərəfindən verilib. Məgər həmin qərarlara «hə» deyiləndə «icrakom»da bir nəfər duyuq düşmədi ki, bu layihələr uğursuzluğa düçar olacaq? Əlbəttə, bilən(lər) var idi. Sadəcə, etiraz edə bilmədilər və ya etmək istəmədilər”.

İ. Tağıyev uşaq futbolunun zəifləməsinə də toxunub. O bildirib ki, bu məsələdə nə qədər AFFA günahkardırsa, bir o qədər də klubların özləri günahkardır:

““Qəbələ”ni çıxmaq şərtilə bütün klubların futbol məktəbi acınacaqlı durumdadır. Bir müddət əvvəl uşaq futbolunun inkişafı üçün klublara ayrılan 500 min avro vəsaitdən xəbəri olan var? Heç bir klub bu məbləğin nəinki yarısını, 20 faizini təyinatı üzrə xərcləməyib. Deyilə bilər ki, bizdə əksər klublar AFFA-nın nəzarətindədir və AFFA dolayısı sadalananlarda günahkardır.  Olsun. Bəs, AFFA-nın nəzarətində olmayan klub(lar) necə? “Qarabağ”ın uşaq futbol məktəbinin vəziyyətindən xəbəriniz var? Ölkənin 1 nömrəli klubunun akademiyasının komandalarının adicə məşq etməyə meydanı yoxdur.

Son bir neçə ildə Azərbaycanı qitə miqyasında kifayət qədər tanıtmağı bacaran klub son 10-15 ildə hansı futbolçunu yetişdirib? Bir daha təkrar edirəm, futbolumuzun bu günə düşməsinin bir nömrəli səbəbkarı AFFA-dır. Amma günahı təkcə bir nəfərdə axtarmaq düzgün deyil. Hesab edək ki, sabah Elxan Məmmədov istefa verdi və ya vəzifəsindən göndərildi. Bununla vəziyyət düzəlməyəcək. Vəziyyətin düzəlməsi üçün futbola yanaşma kökündən dəyişməlidir. Rəhbərlik futbolun inkişafı üçün əlindən gələni etməli, İcraiyyə Komitəsi səhv qərarlara göz yummamalı, ölkədə klub və akademiyaların sayı artırılmalı, klublar uşaq futboluna diqqəti çoxaltmalıdır və s. Bu gün Azərbaycan futbolu xərçəngə yoluxub. Bir orqanı kəsib götürsək, az sonra xərçəng başqa orqanda özünü göstərəcək. Ya xərçəng məhv edilməlidir, ya da yavaş-yavaş futbolumuzun ölümünü gözləməliyik. Məncə, sağalma şansı hələ var”.

 “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli isə düşünür ki, əslində baş katib birbaşa icra fəaliyyəti ilə məşğuldur, icraçıdır, qərarların yerinə yetirilməsinə nəzarət edir. Bu üzdən də daim diqqət mərkəzindədir:

“Hətta AFFA prezidenti Rövnəq Abdullayevdən daha artıq dərəcədə tənqid oxları ona yönəlir. Ədalət naminə demək lazımdır ki, Elxan Məmmədov Fuad Əsədovu bu postda əvəzləyəndən bəri AFFA-nın tərəfdaşlarının dairəsi genişlənib, qurumun iqtisadi dayaqları daha möhkəm görünür, beynəlxalq layihələrin ölkəmizə tapşırılması müntəzəm xarakter alıb. Bununla belə, məhz Elxan Məmmədovun xeyir-duası ilə bir çox mənasız və iqtisadi cəhətdən uğursuz – Almaniyada Azərbaycan futbol məktəbinin açılması kimi – layihələr həyata keçirilib, onun etibar etdiyi bəzi kadrlar pul mənimsədiyinə görə futbol ailəsindən qovulub. Bütün bu məqamlar da baş katibin imicini korlayır. Bütün Azərbaycan futbolunun az qala səcdə etdiyi Qurban Qurbanovla gərgin kimi görünən münasibətlər, Məmmədovun rusdilli medianı özünə daha yaxın bilməsi, bunlarla başqaları arasında ayrı-seçkilik etməsi kimi tendensiyalar da var. Amma təbii ki, bütün hallarda AFFA-nın, gündəlik icra fəaliyyəti ilə məşğul olan baş katibin işinin aynası ölkənin müxtəlif yaş qrupu üzrə yığmalarının acınacaqlı durumudur.

Faciə ondan ibarətdir ki, üfüqdə də yaxşı heç nə görünmür, hər gələn nəsil əvvəlkindən daha bərbad təsir bağışlayır. Klub futbolu daha çox legionerlərin hesabına az-çox ayaqda dayanmağı bacarırsa, yığmalardan danışmağa dəyməz. Bir sözlə, AFFA-nın və konkret Elxan Məmmədovun fəaliyyətinin qənaətbəxş sayılması mümkün deyil”.

//modern.az